Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT

Hər bir müstəqil dövlətin siyasi, hüquqi və ictimai həyatının əsasını onun Konstitusiyası təşkil edir. Dövlətin idarəçilik prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də cəmiyyətlə dövlət arasındakı münasibətlərin hüquqi çərçivəsini müəyyən edən bu ali sənəd ölkənin suverenliyinin və hüquqi dövlət quruculuğunun başlıca təminatlarından biridir. Azərbaycanda hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu tarix müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələni – ölkənin ilk milli Konstitusiyasının qəbul edilməsini təcəssüm etdirir.
Bu sənəd müstəqilliyin hüquqi əsaslarını möhkəmləndirib, dövlət hakimiyyətinin təşkilini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də dövlətlə cəmiyyət arasındakı münasibətləri müəyyənləşdirib. 1995-ci ildə qəbul edilən Konstitusiya cəmiyyətin və dövlətin inkişafı ilə əlaqədar bir neçə dəfə yenilənib. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində əsas qanuna bir sıra əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyi, seçki sistemi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi müxtəlif sahələri əhatə edib. Konstitusiyanın qəbulundan ötən 31 il ərzində ölkənin hüquq sistemində və dövlət idarəçiliyində müxtəlif dəyişikliklər baş verib. Azərbaycan Konstitusiyasının qəbulundan ötən müddətdə ölkənin siyasi, hüquqi və sosial inkişafında hansı əsas dəyişikliklər baş verib? Rəqəmsallaşma, süni intellekt və yeni ictimai münasibətləri nəzərə alsaq, Konstitusiyada hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı deputat Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, 31 il bundan əvvəl, 1995-ci il noyabrın 12-də Ümumilli Lider Heydər Əliyevin müəllifi olduğu, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Azərbaycan Konstitusiyası qəbul edildi.
“Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış 34 nəfərlik Konstitusiya Komissiyası dünyanın aparıcı dövlətlərinin təcrübəsindən bəhrələnərək müstəqil Azərbaycanın müasir ali qanunvericilik sənədini hazırladı. Bu sənədin hazırlanması prosesi 1995-ci ilin may ayından noyabr ayına qədər davam etdi. Bu müddət ərzində geniş ictimai müzakirələr aparıldı və 3 mindən çox təklif irəli sürüldü. Bu Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi elan edildi, hakimiyyətin bölgüsü prinsipi təsbit olundu və qanunun aliliyi prinsipindən çıxış edərək dövlət quruculuğu məsələləri öz tənzimlənməsini tapdı. Bu Konstitusiyanın ən mühüm və diqqətəlayiq cəhətlərindən biri odur ki, insan hüquq və azadlıqlarının müdafiəsi məsələsinə xüsusi önəm verilmişdir. Konstitusiyanın xüsusilə 24-cü maddəsindən 70-ci maddəsinə qədər insan hüquq və azadlıqlarının müdafiəsi və qorunması ilə bağlı məsələlər öz əksini tapmışdır. Konstitusiyanın 1-ci maddəsində hakimiyyətin mənbəyinin xalq olduğu, 12-ci maddəsində dövlətin ali məqsədinin vətəndaşların ləyaqətli həyat səviyyəsinin təmin edilməsi, 16-cı maddəsində isə sosial rifahın dövlətin əsas prioritet istiqamətlərindən biri olduğu təsbit edilib".

Deputat əlavə edib ki, xüsusilə 60-cı maddədə qeyd olunur ki, hər kəsin öz hüquqlarını məhkəmələrdə müdafiə etmək hüququ var:
"Konstitusiyamız hüquqi dövlətin norma və prinsiplərini özündə əks etdirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətləri sırasında Konstitusiyanın qəbulu ən mühüm hadisələrdən biri kimi qeyd oluna bilər. Konstitusiyamız Azərbaycan reallıqları fonunda müəyyən dəyişikliklərə də məruz qalıb. 2002-ci, 2009-cu və 2016-cı illərdə Konstitusiyamıza müvafiq əlavələr edilib və daha da təkmilləşib. İndi Azərbaycan Konstitusiyasında ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi məsələləri ana xətt kimi keçir. İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz və dəmir yumruğa çevrilmiş xalqımız bu tarixi vəzifəni şərəflə yerinə yetirib, ərazi bütövlüyümüzü və suverenliyimizi tam mənada təmin edib. Yeni reallıqlar fonunda müasir dövrün çağırışları, xüsusilə rəqəmsallaşma və süni intellekt kimi məsələlər fonunda Azərbaycan Konstitusiyasında gələcəkdə hansı dəyişikliklərə ehtiyac yarana bilər? 19 mart 2025-ci ildə Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq edilib. 2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə fəaliyyət planı qəbul olunub. Azərbaycan sürətlə dəyişən dünya reallıqları fonunda adekvat addımlar atır. Bu addımlar qanunvericilikdə, konstitusiyada müəyyən dəyişikliklərin baş verməsini labüd edə bilər. Bu istiqamətdə dəyişiklik olarsa, ilk növbədə rəqəmsal hüquqların konstitusion təminatı gücləndirilməlidir. Süni intellektdən istifadə zamanı insan hüquqlarının qorunması əsas məsələlərdən birinə çevrilməlidir. Şəxsi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik məsələləri gələcəkdə nəzərə alınması vacib olan məsələlər sırasındadır. Rəqəmsal mühitdə fikir və ifadə azadlığının qorunması kimi məsələlər də dəyişən reallıqlar və yeni dövrün çağırışları fonunda qanunvericilik baxımından tənzimlənməsini tələb edən məsələlərdir. Onların Konstitusiyada öz əksini tapması olduqca vacib məsələlərdən birinə çevrilə bilər".
Züleyxa
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ












