Tıxaclardan necə XİLAS OLAQ? - ““Ağıllı işıqforlar”ın sayı artırılmalıdır” - EKSPERT

Gündəm 6 Dekabr 2022 22:13 Oxunub 1288
Tıxaclardan necə XİLAS OLAQ? -  ““Ağıllı işıqforlar”ın sayı artırılmalıdır” - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Artıq Bakıda hər gün, hər saat və hər an tıxaclar qaçılmaz olub. Hamı tıxacdan yayınmaq, alternativlər tapmaq üçün yollar axtarır”.

Avtosfer.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.  

O qeyd edib ki, bir neçə gün öncə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmiləri ümidverici açıqlama verərək yeni rəqəmsal həllər üzərində işlədiklərini bildiriblər. Söhbət Bakı üzrə rəqəmsal 3D xəritənin və mobil tətbiqin hazırlanmasından gedir:

“Düşünmək olar ki, Bakının rəqəmsal tıxac xəritəsinin ortaya çıxarılması problemin həlli üçün xeyli faydalı ola biləcək. Hansı ki, 10 il öncə keçmiş nazir Ziya Məmmədovun rəhbərliyi altında bu tip intellektual layihənin hazırlanmasına 130 milyon ayrılmışdı. Lakin o zaman NİİM paytaxtda nəqliyyatın rəqəmsal yanaşmalarla tənzimlənməsi sahəsində qarşıya qoyulan vəzifələri icra edə bilmədi və iflas oldu. Sonradan bu layihə BNA-ya verildi. Nə qədər çalışsalar da onlar da nəqliyyat axınını intellektual yollarla tənzimlənmək, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq, naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq məsələlərini qaydaya sala bilmədilər. BNA yenidən böyük pullar istəyən, zamanında sistemin proqram təminatının ilkin kodlarını verməyən Cənubi Koreya şirkətindən əlini üzərək digər ölkələrlə əməkdaşlıq sayəsində problemləri həll etməyə çalışdı. Bir neçə modulu yeniləyə bildi. Lakin zəruri olan rəqəmsal həllər ortaya çıxmadı”.

O. Gündüz əlavə edib ki, cari ilin əvvəli NİİM Daxili İşlər Nazirliyinə verilib və artıq bir il tamam olmaq üzrədir. Dağılmış vəziyyətdə olan NİİM-in təhvil-təslimi güman ki, artıq başa çatıb: “Qeyd etdiyim kimi, NİİM-in yeni rəhbərliyi yaxın müddətə bir neçə rəqəmsal həllər təqdim edəcəklərini açıqlayıb. Hazırda böyük bir komandanın bu layihələr üzərində işlədiyi bildirilib. NİİM-in son açıqlamasından belə anlamaq olar ki, yeni komanda SMS məlumatlandırma ilə tıxacla bağlı  vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək üçün mobil resurs hazırlayır. 

Düşünürəm ki, indiki anda NİİM-də, Yol Polisində toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal olunaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsi vəziyyəti xeyli düzəldə biləcək. Eyni zamanda, fikrimcə, nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı işıqforlar”ın, detektorların sayı da artırılmalıdır. Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi. NİİM rəsmiləri rəqəmsal xəritələrin hazırlanması üçün avadanlıqlar sifariş edildiyini də açıqlayıblar. Ağıllı işıqforların, detektorların sayının çoxaldılması üzərində işlərin aparıldığını bildiriblər. İndiki anda isə cəmi 152 işıqfor NİİM ofisindən real vaxtda idarə olunur”.

O. Gündüz qeyd edib ki, artıq DYP əməkdaşlarının bir qrupu da NİİM-in ofisində, paytaxt yollarındakı real vəziyyəti əks etdirən monitorlar qarşısında çalışırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh