Banner

Vaqif Əsədov jurnalistləri təbrik etdi - FOTO

Gündəm 22 İyul 2025 16:30 Oxunub 976
Vaqif Əsədov jurnalistləri təbrik etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vaxt vardı, xalqımızın maariflənməsi üçün sözə susamış cəmiyyətin içindən bir səs yüksəldi. O səs ki, min illərin səssizliyini yarıb xalqın ruhuna işıq saldı. O səs Həsən bəy Zərdabinin səsi idi. Onun “Əkinçi”si sadəcə bir qəzet deyildi, bu torpaqda azad düşüncənin, milli oyanışın, maarifin toxumları idi. Həmin toxumlar illər keçdikcə göyərdi, çiçəkləndi, bu gün minlərlə jurnalistin sədası ilə səmanın hər qatında eşidilən gücə çevrildi. Artıq 150 ildir ki, Azərbaycan mətbuatı cəmiyyətin güzgüsünə çevrilərək xalqla dövlətin, haqqla ədalətin, sözlə məsuliyyətin arasında körpü salır.
Bu gün biz yalnız bir qəzetin ilk sayının çap olunmasını deyil, milli mətbuatımızın sarsılmaz dayaqlarını, haqq uğrunda savaşan qələmləri, heç bir təzyiq qarşısında geri çəkilməyən vicdan səsini anırıq. Bu gün 22 iyul, hər bir qələm sahibinin bayramıdır. Bu günün dəyərini sözə, xəbərə, həqiqətə ömrünü həsr edən insanlar qədər yaxşı heç kim bilə bilməz.


Elə bu dəyəri dərindən yaşayan, mətbuatın gücünü təkcə kənardan izləməyən, onunla çiyin-çiyinə çalışan, ictimaiyyətin maarifləndirilməsi və təhlükəsizliyi naminə media ilə daim birgə fəaliyyət göstərən şəxslərdən biri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq şöbə rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədov da bu əlamətdar gün münasibətilə media nümayəndələrinə öz dərin təşəkkür və təbriklərini ünvanlayıb:

“Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu “Əkinçi” qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütün media cameəsini, xüsusilə də daim haqqın, ədalətin və cəmiyyətin güzgüsü olan jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün mənim üçün də xüsusi və şəxsi baxımdan dəyərlidir. Çünki son 20 ilə yaxın bir dövrdəki peşə fəaliyyətim Azərbaycan mətbuatı ilə birgə addımlamış, ictimaiyyətə xidmətin mühüm bir qolunu təşkil etmişdir. Bu illər ərzində sözün və informasiyanın əvəzsiz gücünü daha dərindən anladım, jurnalistlərin cəmiyyət üçün necə vacib və məsuliyyətli bir missiyanı üzərlərinə götürdüklərinin canlı şahidi oldum.

Bu səviyyəyə gəlmək, mətbuatla münasibətlərdə daim peşəkarlığı qoruyub saxlamaq və ölkəmizə ləyaqətlə xidmət etmək yolunda mənə hər zaman dəstək olan ali rəhbərliyə, rəhbərlik etdiyim qurumlara və dəyərli əməkdaşlarıma dərin təşəkkürümü bildirirəm.

Azərbaycan jurnalistləri hər zaman sözün, vicdanın və vətənpərvərliyin bayraqdarı olmuşlar. Onların fədakar fəaliyyəti nəticəsində cəmiyyət məlumatlanır, həqiqətlər üzə çıxır, şəffaflıq və ictimai nəzarət təmin olunur. Mətbuat cəmiyyətin aynasıdır və bu aynanın daim parlaq qalması üçün çalışan hər bir media nümayəndəsinin əməyini yüksək dəyərləndirirəm.

Əminliklə qeyd edirəm ki, bu günə qədər əldə etdiyim bütün uğurlar xidmət etdiyim idarə və nazirliklərin rəhbərliyinin diqqəti, tələbkarlığı və qayğısı, eyni zamanda, əlində qələm tutaraq vicdanla fəaliyyət göstərən jurnalistlərin obyektiv və peşəkar yanaşması sayəsində mümkün olmuşdur. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.

Bir daha bu əlamətdar gün münasibətilə bütün mətbuat nümayəndələrinə sağlamlıq, güc və məsuliyyətli söz arzulayıram. Qələminiz iti, uğurlarınız bol olsun!”

Hörmətlə:
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq şöbə rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh