12 il əvvəl kamera yoldaşını öldürən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Hadisə 26 Dekabr 2022 18:50 Oxunub 1312
12 il əvvəl kamera yoldaşını öldürən şəxs məhkəmə zalından azadlığa buraxıldı

12 il əvvəl həbsdə kamera yoldaşını öldürməkdə ittiham olunan Telman Məcidovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən cinayət hadisəsinin törədilməsindən 12 ildən artıq vaxt keçdiyi üçün təqsirləndirilən şəxsə cəza təyin edilməyib.

Telman Məcidov barəsində həbs qətimkan tədbiri ləğv edilərək, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb.

2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirib. Qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.

Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. (apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh