“150 minin yarısını Xələfov ödəsin” - MN-dəki 143 milyonluq mənimsəmə işi

Hadisə 8 Aprel 2024 19:48 Oxunub 300
“150 minin yarısını Xələfov ödəsin” - MN-dəki 143 milyonluq mənimsəmə işi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, general Nizami Məmmədov və onunla birgə mühakimə olunan üç nəfərin işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılır.

Budəfəki iclasda hadisə vaxtı Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsində işləmiş zabitlər ifadə verib. Sözügedən şöbənin əvvəlki rəisi polkovnik Rafail Xələfov olub. Xələfov özü də bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib, məhkəməsini gözləyir.

Bundan əvvəlki iclaslarda hərbi hissələrin maliyyə-xidmət rəisləri dindirilirdi. Onlar hər biri xidmətləri dövründə təftiş aparan şəxslərə müxtəlif məbləğlərdə pul verdiklərini deyirdilər.

Sözügüdən təftişçilərdən biri Rüfət Quliyev olub. Quliyev nazirliyin təftiş şöbəsinin baş inspektoru olub. Deyir ki, bir neçə hərbi hissədə təftiş aparıb, aşkar olunmuş nöqsanların üstünün bağlı qalması üçün pul alıb: “Nöqsanlar aşkar edirdik, amma sənədləşdirmirdik. Rafail Xələfovun tapşırığı belə idi ki, aktı yazıb pulu götürüb gələk. Akta da qeyd edirdik ki, guya 100, 200 manat yeyinti aşkar edilib”.

Şahid özünün dövlətə vurduğu ziyanın 95 min manatını geri ödəyib.

Nəzarət-Təftiş şöbəsində işləmiş şahidlərdən biri də polkovnik-leytenant İsmayıl Rəsulzadədir. Rəsulzadə bir müddət əvvəl təqaüdə çıxıb. Polkovnik-leytenant ifadəsinin əvvəlində əməlinə görə peşman olduğunu dilə gətirərək “Təəsüf edirəm, düzgün yolda olmamışıq”-, deyib.

Dövlət ittihamçı şahiddən “hərbi hissəyə yoxlamaya getməzdən əvvəl orada nə qədər çatışmazlıq olacağını bilirdinizmi?” soruşub. Rəsulzadə deyib ki, harada nə qədər çatışmazlıq aşkar ediləcəyi əvvəlcədən müəyyən edilirdi. Şahid istintaq dövründə Rafail Xələfovla üzləşdirilib. Onların arasındakı ziddiyyət Silahlı Qüvvələrin Baş Kliniki Hospitalındakı yoxlamanın nəticələri ilə bağlı olub.

Cinayət baş verən dövrdə işləmiş təftişçilərdən biri də Səfər Şıxəliyevdir. O, şöbə rəisi Rafail Xələfovun göstərişi ilə 2019-cu ilin aprelində təxris edilib.

Şıxəliyev də ifadəsində Rafail Xələfovun tapşırığı ilə qanunsuzluqlara yol verdiyini bildirib. Deyib ki, hərbi hissələrdən topladığı vəsaitlərin 80-90 faizini rəisinə, yəni Rafail Xələfova verib. Hər təftişdən sonra müəyyən qədər məbləğ də özünə götürüb.

İstintaqla onun özünə qalan məbləğ ümumilikdə 150 min hesablanıb. Lakin Şıxəliyev 150 minin 75 min manatının Rafail Xələfovun ödəməsini istəyir: “Xələfov məndən xüsusi tapşırıq adı ilə 75 min manat pul almışdı. Həmin pul şəxsi vəsaitim idi. Söz vermişdi ki, sonra həll olunacaq. Hələ də qaytarmayıb”.

Son olaraq müttəhim general Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahiddən Rafail Xələfova ən yaxın olan təftişçinin kim olduğunu, çox pul götürülən hərbi hissələrə təftişə kimi göndərdiyini soruşub. Şahid “yaxşı olmamışam ki, məni təxris edib”-, deyə gülümsəyərək zalı tərk edib.

Növbəti proses aprelin 19-na təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki il əvvəl Müdafiə Nazirliyindəki qanun pozuntularına görə araşdırmaya başlayıb.

İstintaqın gedişində həbs edilən 4 nəfərin-Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadənin işi eyni icraatda araşdırılır.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh