Mülki avtomobillər erməni terrorunun hədəfində - FOTO

Hadisə 19 Dekabr 2022 10:00 Oxunub 2188
Mülki avtomobillər erməni terrorunun hədəfində  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənilərin Azərbaycan ərazisində basdırdığı minanı partlaması nəticəsində ötən həftə 2 texnika sıradan çıxdı, 8 nəfər  xəsarət aldı, 1 nəfər həlak oldu. 

Təəssüf ki, Vətən müharibəsi bitdikdən sonra demək olar hər ay azad edilmiş ərazilərdə hansısa avtomobilin, traktorun minaya düşməsi xəbərini eşidirik. Bəs Ermənistanın bu cür “mübarizə metodu” Vətən Müharibəsindən sonramı başlayıb? Bir qədər əvvələ, Azərbaycan SSR dövrünə qayıdaq.
 
O zaman Azərbaycan mətbuatında “terror” sözü işlədilmirdi. Azərbaycanlıların terror haqqında anlayışı “Azərbaycan dilinin izahlı lüğəti”ndəki bəsit izahdan uzağa getmirdi. Mədəniyyət xadimlərimiz, elm adamlarımız xalqlar dostluğunun şəninə şeirlər qoşur, bu mövzuda dissertasiyalar müdafiə edir, roman, poema yazırdılar. “Kür, Araz, Ararat...” mahnısı efiri bəzəyir, “Aşot, Nailə, Sərvər” birgə oynayırdı. Düşmən isə öz işini görürdü.   

Tarixən məlumdur ki, türk xalqlarından fərqli olaraq ermənilər üzbəüz döyüşdən  qaçıb, hiyləgər və məkrli planlarla dinc əhaliyə divan tutublar (Əslində bu da başadüşüləndir. Hərb ənənəsi olması üçün Əfşarlar, Səfəvilər, Osmanlı, Qaraqoyunlu, Teymurilər kimi tarixdə iz qoymuş dövlətlər qurmaq şərtdir). Ötən əsrin ilk 20 ilində Anadoluda və Azərbaycanda baş verənlər buna əyani sübutdur. Bu xəyanət seriyası, dinc əhaliyə divan tutmaq planları hər zaman ermənilərin gündəmində olub.

Avtosfer.az sizə ermənilərin avtomobillərdə törətdiyi terror aktları barədə qısa məlumat təqdim edir. 
 
1984-cü ildə ermənilər Azərbaycanda nəqliyyatda ilk terror aktını törətdilər. Bu, 1977-ci ildə ermənilərin Moskvada törətdiyi seriya terror aktlarından sonra ölkədə geniş rezonans doğuran ikinci hadisə idi. Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb. Terror aktı nəticəsində 1 qadın həlak olub və 3 nəfər yaralanıb. Bu zaman SSRİ hələ ki, dünyaya hegemonluq edirdi. SSRİ-də nəqliyyatda ilk terror aktını törədən ermənilər ikinci yer kimi Azərbaycan SSR-in paytaxtını seçdilər. 

2. 16 sentyabr 1989. Tiflis-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb. Terror aktı nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

3. 13 fevral 1990. Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb, 13 azərbaycanlı yaralanıb. Terrorçuları həbs etmək mümkün olmayıb.

4. 11 iyul 1990. Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və yük maşını karvanına qarşı terror aksiyası keçirilib, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər ağır yaralanıb. Terror aktını Xankəndi şəhər sakinləri “Napoleon” ləqəbli Ayriyan Arkadi və Babayan Samvel törədib. Onlar 1990-cı il dekabrın 15-də  (keçmiş) Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 azərbaycanlını qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunaraq 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilib. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilib. (1993-99-cu illərdə qondarma DQR-in müdafiə naziri olub).

5. 10 avqust 1990. “Şəmkir-Gəncə” avtomobil yolunda Göygöl rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılıb, nəticədə 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.

6. 10 avqust 1990. Tbilisi-Ağdam  marşrutu ilə hərəkət edən avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayəti törətmiş erməni terrorçuları Armen Avanesyan və Mixayil Tatevosov həbs olunub. 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib. İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

7. 30 noyabr 1990. Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılıb, nəticədə 2 milis işçisi yaralanıb.

8. 14 mart 1991.  “Ağdam-Şuşa” marşrutu üzrə hərəkət edən avtobus partladılıb, 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

9. 8 sentyabr 1991. Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsində 6 nəfər qətlə yetirilib, 36 nəfər yaralanıb. (Ümumilikdə Qaradağlı kəndinin 77 nəfər sakini terror qurbanı olub. Ermənilər Qaradağlı kəndində 3 nəfərin üzərinə neft tökərək yandırıb, iki nəfər Qaradağlı sakininin başı kəsilib).

Ümumilikdə 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

Baş verən hücumların tarixinə nəzər yetirsək görərik ki, nəqliyyat vasitələrinə qarşı hücumlar Azərbaycan dövlətinin zəif, təcrid olunmuş dövrlərində baş verib. Bəs tarixi ədalət necə, bərpa olundumu?
44 günlük Vətən müharibəsində Azərbaycan odusu erməni terrorunun cavabını hərb meydanında verdi. Həm də bütün hərb qanunlarına əməl etməklə, mülki ermənilərə xətər yetirmədən. 
Ən əsası, müzəffər Ali Baş Komandanın strateji planları sayəsində beynəlxalq imperializmin ermənilərə 200 il ərzində çəkdiyi xərc hədər oldu. Doğrudur, Avropa mediası bu faktı etiraf etmir. Lakin, Azərbaycana, onun rəhbərinə qarşı vaxtaşırı baş qaldıran qaralama kampaniyalarının kökündə dayanan amillərdən biri də məhz budur. Ən əsası, Qafqazda müstəqil və balanslaşdırımış siyasət yerdən bir ölkə var ki, bu da Azərbaycandır. 

Vüqar Yaşaroğlu 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh