Bu şəxslər qara siyahıdadır - Bir səhv...

Sosial 5 İyun 2026 20:33
Bu şəxslər qara siyahıdadır - Bir səhv...
WhatsApp kanalımıza abunə olun

Bank kreditləri bəzi vətəndaşlar üçün maliyyə ehtiyaclarını qarşılamağın əsas yollarından biridir. Lakin hər kredit müraciəti müsbət cavab almır. Bəzi şəxslərin bankdan götürdükləri vəsaiti qaytarmaq imkanı yüksək riskli hesab olunduğu üçün banklar onlara kredit verməkdən imtina edir.

Bəs kredit verilməsində ən çox hansı hallarda problem yaranır? Kimlər kredit almaqda çətinlik çəkir? Hətta ömürlük kredit almaq hüququndan məhrum edilən şəxslər varmı? Əgər belə qadağalar daimi deyilsə, onlar nə qədər müddət qüvvədə qalır?

Avtosfer.az-ın məlumatına görə, mövuz ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, banklar kommersiya qurumlarıdır və kredit portfelinin formalaşdırılması onların əsas fəaliyyət istiqamətlərindən biridir.

Onun sözlərinə görə, kreditlərin yerləşdirilməsi bankların göstərdiyi əsas xidmət növlərindəndir və gəlirlərinin əhəmiyyətli hissəsi məhz bu istiqamətdən formalaşır:

“Hər bir bank gəlirini maksimumlaşdırmaq məqsədilə daha geniş müştəri kütləsinə kredit verməkdə maraqlıdır. Yəni bu prosesdə kredit verməkdə maraqlı tərəf bankın özüdür. Lakin kreditin hər hansı şəxsə və ya biznes subyektinə verilib-verilməməsi həmin kreditin geri qaytarılma riskinin qiymətləndirilməsindən asılıdır. Şəxsin kredit ödəmə qabiliyyəti və kredit tarixçəsi qərarın qəbul edilməsində əsas rol oynayan amillərdir”.

İqtisadçı vurğulayıb ki, əgər vətəndaşın gəlirləri xərclərini qarşılamaq üçün kifayət etmirsə, banklar kreditin geri qaytarılmasını riskli hesab edir və müvafiq risk modelləri belə şəxslərə kredit verilməsini tövsiyə etmir:

“Nəticədə kredit komitələri də bu istiqamətdə mənfi qərar qəbul edirlər. Əksinə, vətəndaşın gəlirləri kredit öhdəliyini mövcud şərtlər daxilində yerinə yetirməyə imkan verirsə, onun müraciətinə müsbət baxıla bilər. Lakin əvvəlki dövrlərdə ciddi ödəniş intizamsızlığı olubsa, kreditlərin vaxtında qaytarılmaması, kommunal xidmətlər, vergi, sığorta və digər maliyyə öhdəliklərinin yerinə yetirilməməsi faktları mövcuddursa, bu, əlavə risk yaradır. Belə hallarda banklar və ya bank olmayan kredit təşkilatları kredit verməkdən çəkinə bilərlər. Eyni zamanda problemli müştərilərlə bağlı hər bir bankın öz daxili siyasəti mövcuddur. Məsələn, bəzi banklar problemli kredit tam bağlandıqdan 6 ay sonra, bəziləri isə 1 ildən sonra həmin şəxsə yenidən kredit ayıra bilirlər. Adətən bu zaman kiçik məbləğli kreditlər təqdim olunur və kredit tarixçəsinin yenidən formalaşdırılması üçün imkan yaradılır. Vaxt keçdikcə və müştəri öhdəliklərini vaxtında yerinə yetirdikcə onun kredit tarixçəsini yaxşılaşdırmaq imkanı yaranır”.

R.Həsənov onu da bildirib ki, bəzi hallarda yaş amili də risk faktorlarından biri hesab edilir:

“Məsələn, ipoteka kreditlərində kreditin son ödəniş tarixi çox vaxt borcalanın pensiya yaşına çatdığı dövr nəzərə alınmaqla müəyyən edilir. Həmçinin bəzi banklar 70 yaşdan yuxarı şəxslərə kredit verməkdə daha ehtiyatlı davranırlar. Bu isə bankın risk siyasətindən və risk iştahından asılı olan məsələdir. Ümumiyyətlə, kiməsə ömürlük kredit verilməsindən imtina edilməsi kimi xüsusi bir qayda mövcud deyil. Sadəcə kreditin verilməsini məhdudlaşdıran amillərin davamlı olub-olmaması əsas rol oynayır. Ola bilər ki, bir şəxsin gəlirləri uzun müddət xərclərindən az olsun və nəticədə o, heç bir halda kredit əldə edə bilməsin. Eyni zamanda hansısa vətəndaş və ya biznes subyekti kredit öhdəliklərini yerinə yetirmirsə və bu vəziyyət davamlı xarakter daşıyırsa, bank həmin müştəriyə kredit verməkdən çəkinəcək və uzun müddət ona kredit ayırmayacaq. Lakin qanunvericilikdə ömürlük kredit verilməsindən imtinanı nəzərdə tutan hər hansı xüsusi tələb və ya məhdudiyyət yoxdur. Mən hesab edirəm ki, belə hallar praktikada çox nadir rast gəlinir. Əsas məsələ kreditin geri qaytarılmasının mümkünlüyüdür. Banklar da qərarlarını məhz bu amilləri qiymətləndirərək qəbul edirlər”.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh