Qətlə yetirilən Elvinin atası: “Şikayətimi geri çəkmək üçün mənə pul təklif ediblər” 

Hadisə 30 Noyabr 2022 19:30 Oxunub 628
Qətlə yetirilən Elvinin atası: “Şikayətimi geri çəkmək üçün mənə pul təklif ediblər” 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Onlar gizlin evləndikləri üçün mən ilk başlarda qəbul edə bilmirdim”.

Bu sözləri açıqlamasında bu il yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində xanımı tərəfindən qətlə yetirilən Elvin Abdullayevin atası Mübariz Abdullayev deyib.

Xatırladaq ki, Ağstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.

Bildirilirdi ki, ata oğlunu evdən qovub və o da qayınatasıgildə yaşayırmış.

Mübariz Abdullayevin sözlərinə görə, o nə gəlinini, nə də oğlunu evdən qovub:

“2006-cı ildə gizlin qaçmışdılar. Mənə demədiklərinə görə çox ağır gəlmişdi. Onları evə qoymadım. Ondan sonra küsülülüyü aradan qaldırdım. Ürəyim istədiyi kimi toy etdim. Dörd il birlikdə yaşadıq. Mənim ikimərtəbəli, atama məxsus evim var idi. Cavan ailə olduqları üçün onları orada yaşamağa göndərdim. Bir il orada yaşadılar. Daha sonra, 2011-ci il martın 8-də Aysu adında qızları dünyaya gəldi. Uşaq olandan sonra qızın anası Almaz xanım qızı evə apardı. 40 gün orada qalacaqdı.

Bir müddət sonra Almaz xanım mənə dedi ki, təkəm yanımda qalsınlar. Mən də razı oldum. 2015-ci ildə bir övladları da oldu. Normal yaşayırdılar. Elvin Fövqəladə Hallar Nazirliyinin Qazax Yanğından Mühafizə Xidmətində dispetçer işləyirdi. Orada yaşasalar da, bizə gəlib-gedirdilər”.

M.Abdullayev qeyd edib ki, qətldən bir gün öncə həmin evə çağırılıb:

“Yanvarın 2-də gecə mənə zəng gəldi. Qızın anası zəng vurdu ki, tez bizə gəlin, Elvin yeyib-içib, buranı dağıdır. Getdim, gördüm ki, sakitlikdir. Dedim ki, sabah gəlib, məsələni aydınlaşdıracağam. Daha sonra ayın 3-də zəng etdim. Telefonu Aynur götürdü. Soruşdum ki, Elvin haradadır? Dedi ki, Elvin aşağı düşdü, siqaret çəkdi, çay içdi. İndi də yatır. Halbuki, saat 5-də oğlumu öldürüb. Yanvarın 4-ü anası zəng edib, çağırdı. Dedi ki, heç kəsə heç nə demə. Yoldaşımı, oğlumu götürüb, getdim.

Aynur oğlumu öldürdüyünü etiraf etdi. Əvvəlcə dedi ki, “Elvin üstümə bıçaqla gəldiyi üçün bu əməli etdim”. Dedim ki, o bıçağı mənə ver. Bunu deyən kimi gecə yatdığı yerdə öldürdüyünü açıq şəkildə bildirdi. Heç bir mübahisə olmadan oğlumu öldürüb”.

Mübariz Abdullayev Aynurun ifadəsini dörd-beş dəfə dəyişdiyini vurğulayıb:

“Bunların arasında bir müddət imiş ki, ər-arvad münasibətləri olmayıb. Əsas ziddiyyət də buradan qaynaqlanırmış. Səbəb budur. Oğluma diqqət, qayğı göstərilməyib. Artıq nəsə demək mənə yaraşmaz. Şər, böhtan atırlar. Oğlumun ölüsündən də əl çəkmirlər. Bizim necə ailə olduğumuzu hər kəs bilir. Aynur uzun illər vərəm xəstəsi olub. Nə biz, nə də rəhmətlik oğlum bilmişik. Gizlədiblər. Uşaqlara keçməyib. Uşaqların həyatını da təhlükəyə atıb. Hətta vəkilləri və qızın anası Almaz xanım mənə bu işdən çəkilməyim üçün pul təklif ediblər.

Hadisə baş verən gün Almaz xanım mənə dedi ki, “daha olan olub, gəl deyək ki, pilləkandan yıxılıb”. Razı olmadım. Qıza dedim ki, hazırlaş, polisə təslim ol. Özüm zəng edib, məlumat vermişdim”.

Mərhumun atası məhkəmədə olan şahidlərin yalan ifadə irəli sürdüyünü qeyd edib:

“Uşaqlar məhkəmədə atasının onları vurmadığını deyiblər. Hətta məhkəmə gedişində ifadələrini dəyişiblər. Uşaqlar ana nənələrinin yanında qalırlar. Oğlumun ölümündə Almaz xanımın da əli var. Uşaqları onun qəyyumluğuna verdiyim üçün peşmanam. Qəyyumluğu almaq istəyirəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh