QHT Agentliyi beynəlxalq təşkilatlara müraciət edib
Hadisə 16 Dekabr 2022 18:00 Oxunub 898
QHT Agentliyi beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına müraciət edib.

Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:

Məlumat üçün bildiririk ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması ilə bağlı razılıq əldə olunmuşdur.

Lakin sülhməramlıların komandanı 10 dekabr 2022-ci ildə əldə olunan razılığı kobud şəkildə pozaraq monitorinqin keçirilməsinə maneə yaratmış və beləliklə, monitorinq baş tutmamışdı.

Azərbaycanın qeyri-hökumət təşkilatları, ekoloqları və vətəndaş cəmiyyəti fəalları Rusiya sülhməramlılarının bu hərəkətinə, eyni zamanda ölkəmizin təbii resurslarının, xüsusilə qızıl və mis yataqlarının qanunsuz istismarına və talan olunmasına, həmçinin həmin ərazilərdə baş verən ekoloji terrora etiraz olaraq artıq 5 gündür ki, Xankəndi-Laçın yolunda dinc aksiya keçirir.

Aksiya iştirakçılarının tələbi çox sadədir: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və talanmasına son qoyulsun!; bu ərazilərdə törədilən ekoloji terror dayandırılsın və həmin ərazilərin monitorinqinə şərait yaradılsın!

Bundan başqa, dekabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan azad olunmuş Kəlbəcər ərazisində basdırılan mina partlayışı nəticəsində 7 nəfər soydaşımızın yaralanması və 1 nəfər hərbiçimizin şəhid olması aksiya iştirakçılarının tələblərinin genişlənməsinə səbəb oldu.

Hazırda, ölkə QHT-ləri Ermənistanın Laçın yolu vasitəsilə Azərbaycanın suveren ərazisinə qanunsuz silah-sursatın və hərbi dəstələrin daşınmasına, milli sərvətlərimizin ölkədən çıxarılmasına və mina terroruna son qoyulmasını tələb edirlər.

Təəssüflər olsun ki, Ermənistan və erməni lobbisi Azərbaycan QHT-lərinin dinc aksiyasının mahiyyətini bilərəkdən təhrif etməyə, məsuliyyətdən yayınmaq məqsədilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və Xankəndi-Laçın yolunda baş verən hadisələrlə bağlı yalan və böhtan kampaniyası aparırlar.

Ermənistan siyasi rəhbərliyi və erməni seperatçıları aksiya iştirakçılarının guya Laçın yolunu bağlayaraq Xankəndində və ətraf ərazilərdə yaşayan ermənilərin blokadaya alınması, onların humanitar fəlakətə və ya etnik təmizləməyə məruz qalması, təbii qaz nəqlinin dayandırılması haqqında beynəlxalq təşkilatlara və xarici ölkələrə həqiqətə uyğun olmayan müraciətlər edirlər.

Tam məsuliyyət hissi ilə bəyan edirik ki, bu məlumatların heç bir əsası yoxdur, hamısı yalan və böhtandır.

Bu yalanlara cavab olaraq diqqətinizə onu da çatdırırıq ki, QHT-lər və ekoloqlar Laçın yolunda nəqliyyatın və insanların sərbəst hərəkətinə hər hansı bir məhdudiyyət yaratmayıb, Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin və humanitar yüklərin sərbəst hərəkəti buna əyani misaldır.

Qarabağda yaşayan ermənilərin təbii qazla və ərzaqla təmin olunmasında da onların bu gün etiraf etdiyi kimi heç bir problem yoxdur. Bundan başqa, Azərbaycan dövləti bu ərazidə yaşayan erməni əsilli vətəndaşların bütün ehtiyaclarını qarşılamağa hazır olduğunu da bəyan edib.

Ermənistanın siyasi rəhbərliyinin QHT-lərin Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması, ekoloji terrora son qoyulması və həmin ərazilərdə monitorinqin aparılması kimi sivil və beynəlxalq humanitar qanunlarla müdafiə olunan legitim tələblərinə bu cür əsassız reaksiyası və beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdi qəbuledilməzdir və belə çirkin kampaniyanın təşkili onların məsuliyyətdən yayınmaq istəyindən xəbər verir.

Hesab edirik ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyannamənin bütün bəndlərinə əməl etməli, xüsusilə qanunsuz silahlı qüvvələrinin qalıqlarını Azərbaycandan çıxarmalı, təbii resursların qanunsuz istismarını dayandırmalı və ekoloji terrora son qoymalıdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası olaraq bütün beynəlxalq təşkilatlara, ətraf mühitin və ekologiyanın mühafizəsi ilə məşğul olan xarici ölkə, o cümlədən Ermənistan QHT-lərinə müraciət edir, Azərbaycan QHT-lərinin irəli sürdükləri haqlı tələbləri dəstəkləməyə çağırırıq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh