Sabiq MTN zabiti kürəkənini güllələdi - Bakıdakı qətlin ŞOK TƏFƏRRÜATI

Hadisə 21 Fevral 2023 18:51 Oxunub 1282
Sabiq MTN zabiti kürəkənini güllələdi - Bakıdakı qətlin ŞOK TƏFƏRRÜATI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2020-ci ilin dekabrın 12-də Bakının Mərdəkan qəsəbəsindəki bağ evlərinin birində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Polis məlumat verən şəxs isə hadisəni törədən Azər Cəfərov idi. O, kürəkəni Rəşad Məmmədovu odlu silahdan atəş açaraq öldürdüyünü bildirir.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxır. Hadisə yerinə baxış keçirilərkən bağ evinin darvazasının qarşısında dayanan “Lexus” markalı, 10-VJ-020 dövlət nömrə nişanlı avtomobildən tapança və dəyənək qablaşdırılaraq götürülüb. Həyətə daxil olan əməliyyatçılar metlaxın üzərində qan ləkələri, 3 ədəd giliz, çardağın yanında isə meyit aşkar ediblər. Meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Rəşad Məmmədov olması müəyyən edilib.

 

Hadisəni törədən, R.Məmmədovun qayınatası Azər Cəfərov isə könüllü təslim olub. O, cinayətdə istifadə etdiyi silahı da  polisə təhvil verib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Avtosfer.az lent.az-a istinadən həmin cinayət işini təqdim edir:

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəşad Məmmədovun ölümünə səbəb döş qəfəsinin odlu silah - qırma yaraları nəticəsində hər iki ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri səbəbindən baş vermiş kəskin qanitirmə olub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən Azər Cəfərov 2000-ci illərdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. Oradan ehtiyata buraxıldıqdan sonra isə Xəzər rayon təhsil şöbəsində məsləhətçi işləyib.

İstintaqla müəyyən edilib ki, Azər Cəfərov 2020-ci ilin dekabrın 12-i saat 11 radələrində yaşadığı Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 197 ünvanında ailə münaqişəsi zəminində qisas niyyəti ilə ov silahından 3 dəfə atəş açaraq, kürəkəni Rəşad Məmmədovu qəsdən həyatdan məhrum edib.

 

İş üzrə dindirilmiş Azər Cəfərov bildirib ki, Rəşad Məmmədov onun qızı Nigarın əri olub. Toylarından bir müddət sonra Rəşadın narkotik vasitələr və spirtli içkilər qəbul etməsini bilib. Müalicə olunması üçün o, həmçinin Rəşadın öz valideynləri nə qədər çalışsalar da, müsbət nəticə olmayıb. 2010-cu ildə qızı boşanma ərizəsi ilə məhkəməyə müraciət edib, amma onların müdaxiləsindən sonra yoldaşı ilə barışıb. 

Axırıncı dəfə, 2020-ci ilin oktyabr ayında evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib. Həmin vaxtdan qızı övladları ilə birlikdə köçüb, onun şəhərdə olan mənzilində yaşayıb. Rəşad həftədə 2-3 dəfə gələrək, uşaqları ilə görüşüb.

Dekabrın 12-də səhər, kürəkəni zəng edib, aqressiv şəkildə harada olmasını soruşub, o da Mərdəkanda, bağ evində olduğunu deyib: “Bir azdan Rəşad evə gəldi. Masa arxasında söhbət edərkən, ona, uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım. Lakin o, mənim sözlərimə əhəmiyyət vermədi, aqressiv şəkildə ünvanıma nalayiq ifadələr işlətdi”.

Rəşad ayağa qalxıb, həyətə çıxanda, qayınatası da onun arxasınca gedib. Sakitləşməyən kürəkəni, vəfat edən atasını söydükdə, artıq buna dözməyib. Evə girərək, girişdə olan tüfəngi götürüb və bundan sonra nə baş verdiyini xatırlamır:

“Bağbanın səsinə ayıldım. Gördüm ki, əlimdəki tüfəng yerə düşüb, Rəşad isə yerdə, uzanıqlı vəziyyətdə qalıb. Bağbana təcili tibbi yardıma zəng etməsini istədim. Özüm isə polisə zəng etdim”.

Azər Cəfərov əlavə edib ki, kürəkənini vurmasına - həm onu və övladlarını öldürməsi barədə hədəsinin real olması və söyüş söyməsi səbəb olub:

“Ovçular cəmiyyətinin üzvü olduğum üçün 4 tüfəngim var. Tüfənglərdən üçünü şəhərdəki evimdə, birini isə bağ evimdə saxlayıram. Kürəkənim Rəşad Məmmədovun isə tapançası var idi. Hətta bir dəfə həmin silahla qızını qorxuzmaq üçün bağda havaya atəş açıb. Kürəkənim daim tapançanı üzərində gəzdirirdi”. 

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Vüqar Məmmədov ifadəsində göstərib ki, qardaşı Rəşad Məmmədov qayınatası Azər Cəfərovu yaxşı insan kimi tanıyıb. O, kürəkəninin ailə işlərinə heç vaxt qarışmasa da, onun arvadı daima müdaxilə edib. Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edib. Axırıncı dəfə Nigar ərindən küsüb, valideynlərinin evinə getdikdən sonra qayınanası Rəşadın, uşaqları ilə görüşməsinə mane olub.

 Bundan əsəbiləşən qardaşı dekabrın 12-də öz bağ evindən 150 metr aralıda yerləşən qayınatasının bağına gedib. Ola bilsin ki, əsəbi olduğundan Azər Cəfərovun ünvanına nalayiq ifadələr işlədib. Buna görə də, qayınatası tüfəngdən atəş açaraq, onu öldürüb. 

Şahid Davud Kərimov ifadəsində göstərib ki, 10 ildən çoxdur Azər Cəfərovun, Mərdəkan qəsəbəsindəki bağında bağban işləyir. Kürəkəni Rəşad Məmmədov əsəbi bir insan olub. 

Dekabrın 12-si səhər saatlarından ev sahibi həyətdə səliqə-səhman işləri ilə məşğul olub. Saat 10 radələrində öz otağında olanda, pəncərədən həyət qapısının açıldığını və Rəşadın gəldiyini görüb. Həyətdə olanda onun yüksək tonla danışdığını eşidib, xoşagəlməz hadisənin baş verməməsi üçün Azər müəllimin oğlu Məmməd Cəfərovun mobil telefonuna zəng edib, bu barədə məlumat verib:

“Evin qapısı bağlı idi. Utandığımdan qapını döymədim və söhbətlərinə müdaxilə etmədim. Həyətə çıxan Rəşad əsəbi halda Azər Cəfərovu əxlaqsız ifadələrlə təhqir etdi və övladlarını öldürəcəyi ilə hədələdi. Bu zaman atəş səsləri eşitdim. Qorxub öz otağımda gizləndim.

Bir neçə saniyədən sonra çölə çıxdım. Gördüm ki, Azər müəllim dizi üstə oturub, Rəşad isə yerdə hərəkətsiz uzanmışdı. Bir müddətdən sonra təcili yardım həkimləri gəldi, müayinə edib Rəşad Məmmədovun öldüyünü bildirdilər. Ardınca Azər müəllimin oğlu və polis əməkdaşları gəldilər”. 

Şahid Nigar Məmmədova ifadəsində göstərib ki, ailə qurduqdan 2 ay sonra əri Rəşadın narkotik vasitə olan — marixuana və kokain istifadə etməsini bilib. Həmin vasitələri evdə özü tapıb, kokain istifadə etdikdən sonra hamamda yoldaşının vəziyyətinin pisləşməsini dəfələrlə görüb. Narkotik vasitə təsiri altında onu acılayıb və dəfələrlə döyüb.

 Rəşadın nə vaxtsa düzələcəyinə ümid edib, qız övladlarını atasız böyütmək istəmədiyi üçün bütün hərəkətlərinə dözüb:

“2020-ci ilin oktyabr ayında Rəşad narkotik təsiri altında məni övladlarımı evdən qovdu. Buna görə atamın evinə getdim. Boşanma ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etdim. Rəşad istədiyi vaxt gəlib övladlarını görürdü. Uşaqları ilə görüşməsinə nə mən, nədə valideynlərim heç vaxt mane olmayıblar. Dekabrın 12-si saat 10 radələrində qardaşım zəng edərək atamın Rəşadı öldürdüyünü dedi”. 

Şahid Şəhla Cəfərova ifadəsində göstərib ki, baş vermiş hadisə hər iki ailə üçün böyük bir faciədir. Kürəkəni Rəşadı Moskvada, İstanbulda və Bakıda dəfələrlə müalicə eləməyə çalışıblar. Dekabrın 11-də əri Azər bağ evlərinə gedib. Növbəti gün isə oğlu zəng edərək, atasının tüfəngdən atəş açaraq, Rəşadı öldürdüyünü xəbər verib.

Məhkəmə iclasında Azər Cəfərov ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin nəzərinə onkoloji xəstə olmasını çatdırmaqla, xahiş edib ki, onu müalicə müəssisəsinə köçürsünlər. 

Məhkəmə hesab edib ki, Azər Cəfərovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cəfərov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh