Taksi sürücüsü iki qardaşdan birini öldürüb, digərini yaraladı - "Whatsapp"da qurulan PLAN

Hadisə 27 Mart 2024 22:30 Oxunub 432
Taksi sürücüsü iki qardaşdan birini öldürüb, digərini yaraladı - "Whatsapp"da qurulan PLAN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisə olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekserptinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. 
Həmin gecə 1997-ci il təvəllüdlü Sərxan Dadaşov şübhəli şəxs qismində 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 22-i saat 21 radələrində taksi fəaliyyəti ilə məşğul olan Sərxan Dadaşov Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən marketin qarşısında dayanarkən Samir Cəfərov müştəri qismində avtomobilinə əyləşib. Samir onu 6 saylı avtoparkın yaxınlığına aparmasını xahiş edib. Sərxan deyilən yerə çatanda orda Samiri gözləyən Kamil Cəfərovu görüb. Əvvəllər aralarında olan münaqişənin aydınlaşdırılması zamanı, Sərxan Dadaşov bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək, Kamil Cəfərovu  öldürüb. Bundan başqa, o, həmin alətlə mərhumun qardaşı Samir Cəfərovun sol bazusuna bir dəfə zərbə vuraraq, onu yaralayıb.
 
İş üzrə dindirilmiş Sərxan Dadaşov bildirib ki, sentyabrın 22-də yaşadığı qəsəbədə, marketin qarşısında dayandığı vaxt tanımadığı bir nəfər yaxınlaşaraq, “28 May” metrostansiyasına gedəcəyini bildirib. “KİA” markalı avtomobilinə əyləşib, onunla xidməti haqqı olaraq 10 manata razılaşıb:

Sərxan Dadaşov

“Lökbatandan çıxmamış, sərnişin, parkın qarşısından sağa dönməyimi, ora çatanda avtomobili söndürməyimi və bir xanımın 5 dəqiqədən sonra gələcəyini dedi. Samir Cəfərov kiminləsə mobil telefonla yazışırdı. Təxminən 2 dəqiqə sonra, əvvəllər ədavətim olan Kamil Cəfərov və onun dostu Şəhriyar Təhməzov yaxınlaşdı. Onlar bir anda maşının qapısını açıb, sinəmə təpiklə zərbələr vurdular. Sağ oturacağa tərəf yıxılan kimi, avtomobildə əyləşən Samir başıma bir neçə dəfə “beşbarmaq”la zərbələr vurdu. Şəhriyarla Kamil isə ayağımdan çəkərək, məni maşından çıxarmağa cəhd göstərirdilər. Hər iki əlimlə sükandan tutaraq, ucadan qışqırıb insanları köməyə çağırırdım. Buna baxmayaraq, məni zorla avtomobildən yerə düşürtdülər. Bu zaman sağ qapının saxlanc yerindən açılıb-qatlanan bıçağı götürdüm. Həmin şəxslər məni yerə yıxıb, təpikləməyə davam etdilər. Cibimdən çıxardığı bıçağı açaraq, özümü qorumaqdan ötrü sağa-sola hərəkət etdirdim. Həmin an təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəydi. Kamillə Samir məni buraxıb qaçdılar. Təxminən 1 saatdan sonra polis əməkdaşları məni 10-cu bölməyə apardılar. Orda bildim ki, Kamil Cəfərov ayağından aldığı xəsarət nəticəsində ölüb”.

Sərxan Dadaşov qeyd edib ki, Kamil Cəfərovu öldürmək niyyəti olmayıb, hadisə zəruri müdafiə vəziyyətində baş verib.
 
Zərərçəkmiş Samir Cəfərov ifadəsində göstərib ki, sentyabrın 22-i saat 21 radələrində qəsəbədə yerləşən futbol stadionunda olanda böyük qardaşı telefonda onunla yazışaraq, taksi sürücüsü Sərxan Dadaşovu onun yanına gətirməsini tapşırıb:

Samir Cəfərov

“6 saylı avtoparkın yanına çatandan 1-2 dəqiqə sonra qardaşım Kamil avtomobilin qapısını açdı və Sərxana təpik yumruqla zərbələr endirdi. Aramızda dava başladı. Sərxan sağ əlindəki gümüşü rəngli bıçaqla Kamilin ayağına kortəbii şəkildə zərbələr vururdu. Bu vaxt Şəhriyar qardaşımı tutub kənara çəkdi. Kamilin axsayaraq, hadisə yerindən uzaqlaşdığını görən Sərxan bıçağı yerə tulladı və daş parçasını götürüb onun arxasınca atdı. Buna baxmayaraq, qardaşım dayanmayaraq, yoluna davam etdi. Sonra Sərxan bıçağı yerdən götürüb, avtomobilinə əyləşdi və maşınla qardaşımın yanına çatdı. Nəqliyyat vasitəsini əvvəl onun üstünə sürdü, sonra isə yüksəs sürətlə çıxıb getdi. Özüm yaralandığım və qorxduğum üçün taqətdən düşmüşdüm. Arxada yavaş-yavaş yeriyərək Kamillə Şəhriyara çatdım. Zibil qutularının yanında qardaşım huşunu itirdi. Təxminən 20 dəqiqədən sonra Təcili Tibbi Yardım işçiləri gələrək, Kamilə ilkin tibbi yardım göstərdilər və onu Respublika Klinik Xəstəxanasına apardılar. Mən də Şəhriyarla birlikdə xatırlamadığım avtomobillə həmin xəstəxanaya getdik”.

Orda onun özünə də tibbi yardım göstərilib. Bir müddətdən sonra ona qardaşının öldüyünü bildiriblər. Samir Cəfərov qeyd edib ki, hadisə vaxtı Sərxanla Kamil bir-birinə təpik və yumruqla zərbələr vursa da, Şəhriyar yalnız onları ayırmağa çalışıb. Hətta Kamilin yerinə Sərxandan üzr istəyib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Məhəmməd Cəfərov ifadəsində göstərib ki, böyük oğlu Kamil son vaxtlar şadlıq evlərinin fəaliyyət göstərməməsi ilə əlaqədar işləməyib:

“Sentyabrın 22-i saat 23:30-da evdə olanda, qonşum Kamillə Samirin bıçaqlandığını xəbər verdi. Arvadımla birlikdə qaçıb avtoparkın giriş darvazasının qarşısında polis əməkdaşlarının və xeyli insanın toplaşdığını, ətrafda çoxlu qan ləkələrinin olduğunu gördük. Xəstəxanaya çatanda həkim böyük oğlumun öldüyünü, kiçiyinin isə sol qolundan yaralandığını dedi. Hadisədən sonra cinayəti törədən şəxsin Sərxan Dadaşov olduğunu bildim”.


 
Şahid Şəhriyar Təhməzov bildirib ki, sentyabrın 22-də dostu Kamil Cəfərovla 28 May küçəsində olanda Sərxan yaxınlaşıb və onun avtomobilinə oturmasını təklif edib:

“Maşında Sərxandan başqa İsmayıl və Allahverdi adlı şəxslər də vardı. Avtomobilə əyləşdikdən sonra Sərxan nəqliyyat vasitəsini Lökbatan qəsəbəsindəki qəbirstanlığa sürdü. Qəbirstanlığın girişində hamımız maşından düşdük. Əvvəlki ədavətlərinə görə Sərxan Kamilə, Kamil də cavab olaraq ona sillə vurub. Aralarında ciddi problemin olmadığını deyib onlara barışmalarını deyəndə, Kamillə Sərxan razılaşaraq, ayrıldılar. Sonra hamımız avtomobil təmiri sexinin yanına getdik. Yolda Sərxan sağ əlini arxaya uzadıb, avtomobilin salon güzgüsündən Allahverdiyə baxaraq “əmanəti qaytar” dedi və dostu da əlində olan bıçağı ona verdi. Daha sonra Kamillə pivə içmək üçün kafeyə getdik.

Şəhriyar Təhməzov

Orda olanda dostum telefonda kiminləsə mesajlaşırdı. Ordan çıxandan sonra telefonla danışan şəxsə “otur maşınına, taksi kimi sürdür yaxınlıqdakı qaranlıq yerə, mən də gəlirəm” dedi. Nə baş verdiyini soruşanda Kamil heç nə demək istəməsə də, sonra zəng vuran şəxsin qardaşı olduğunu bildirdi. Samirin Sərxanın avtomobilinə əyləşib, müştəri qismində olduğumuz yerə gətirəcəyini söylədi. Kamilə etdiyi hərəkətin düzgün olmadığını bildirsəm də, dostum “narahat olma, dava etməyəcəm, sadəcə Sərxandan nə üçün günorta mənə sillə vuracağını soruşağacam” dedi. Bir neçə dəqiqədən sonra avtoparkın yaxınlığında olanda, Kamilin yaxınlıqda dayanmış maşın istiqamətində qaçdığını görüb, onun arxasınca qaçdım. Həmin yerə çatanda, Kamillə Sərxanın bir-birlərinə zərbələr vurduqlarını gördüm. Dərhal onlara yaxınlaşaraq, Kamili tutub arxaya çəkdim və əllərimə baxanda, qana bulaşdığını gördüm. Dostum qışqıraraq Sərxanın əlində bıçaq olduğunu dedi. 

Samir Sərxanı qaldırıb, kürəyi üstə yerə çırpıb və sol əli ilə boyun nahiyyəsindən tutub saxlayıb. Kamil isə yaxınlaşıb, ona təpiklə zərbələr vurmaqda davam edib: “Sərxan əlindəki bıçağı Kamilə doğru kortəbii şəkildə sağa-sola yellədirdi. Yenidən Kamili tutub kənara çəkdim. Sərxan ayağa qalxanda, Cəfərov qardaşları ondan xeyli kənara çəkildilər”.

Şəhriyar Təhməzov əlavə edib ki, hadisə zamanı ona xəsarət yetirilməyib. Qarşıdurma zamanı, özü də heç kimə zərbə vurmayıb, ancaq dalaşanları ayırıb. 
Məhkəmə iclasında Sərxan Dadaşov ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Məhəmməd Cəfərov və zərərçəkmiş Samir Cəfərov təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş ediblər.


Məhkəmə hesab edib ki, Sərxan Dadaşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinərək, cəzalandırılmalıdır.  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh