Türkiyədə 4000 illik taxta qapı qalıqları aşkar edildi - FOTOLAR

Türkiyənin qərbində yerləşən Seyidömər kurqanında qazıntı işləri aparan arxeoloqlar Orta Tunc dövrünə aid nadir tapıntı - kömürləşmiş taxta qapı qalıqları aşkarlayıblar. Təxminən 4 000 il əvvələ aid edilən bu mühüm kəşf qədim insanların öz yaşayış yerlərini necə dizayn etdiklərinə dair yeni məlumatlar təqdim edir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.
Tunc dövrü memarlığında qapı yerlərinə, astanalara və dönmə daşlarına tez-tez rast gəlinsə də, üzvi maddələr tez çürüdüyü üçün taxta qapıların günümüzə qədər gəlib çatması olduqca nadir hadisədir. Məhz buna görə də qədim qapılar adətən dolayı detallar - dirək dəlikləri və digər memarlıq nişanələri əsasında bərpa edilir. Aşkarlanan taxta hissələrin yaşayış məskənində baş vermiş yanğın nəticəsində kömürləşərək qorunduğu ehtimal edilir. Onların düzbucaqlı forması, taxta quruluşu və giriş hissələrində yerləşməsi tədqiqatçılara bərpa işlərini həyata keçirməyə imkan verib.
İlkin ehtimallara görə, qapılar bir neçə düzbucaqlı taxta blokdan və ya lövhədən hazırlanıb. Yaxınlıqda heç bir metal mismara rast gəlinməməsi hissələrin birləşdirilməsi üçün taxta mismarlardan və ya digər üzvi üsullardan istifadə edildiyini göstərir. Qapı tayının eninin 0.68-0.86 metr aralığında olması onun birtaylı olduğunu sübut edir.
Tədqiqatlar zamanı mütəxəssislər maraqlı fakta da diqqət yetiriblər. Qərbi Anadolunun bəzi kəndlərində bu gün də istifadə olunan qapılar öz formasına görə Seyidömər tapıntılarını xatırladır. Bu, səmərəli memarlıq həllərinin minilliklər boyu qorunub saxlanıla biləcəyini nümayiş etdirir. Qədim evlərin ayrılmaz hissəsi olan bu qapılar otaqları küçədən ayırır, daxili məkanı xarici təsirlərdən qoruyur və gündəlik həyatın nizamını təmin edirdi.
Seyidömər kurqanı qeyri-adi üzvi tapıntıları ilə məşhurdur. Bundan əvvəl burada tekstil və dəri ayaqqabı qalıqları, həmçinin yanmış kəllə sümüklərinin içərisində qorunub qalmış beyin toxumaları aşkar edilmişdi. Alimlər ehtimal edirlər ki, bəzi üzvi materiallar torpağın kimyəvi tərkibi və ərazidən təkrar istifadənin olmaması sayəsində dövrümüzə qədər gəlib çatıb.




“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












