"Hadisədən sonra şirkətlə əlaqə saxladım. Mənə özünüz alın, biz pulunu ödəyərik dedilər, yubatdılar. Dünən isə zəng edəndə nömrəmin qara siyahıya salındığını gördüm. Belə çıxır ki, hara istəyirsiniz şikayət edin. Yükümü daşıyanda mənimlə heç bir müqavilə bağlamadılar, mən də başım qarışdığı üçün bunu onlardan tələb etmədim. Şirin dillə, "bağ belə, bostan belə" deyib məni aldatdılar. 2 bahalı dəst sındırıblar, amma mən heç olmasa birinin pulunun ödənilməyini istədim. Bu məbləğin hamısını, əvvəlcə işçilərin maaşından kəsəcəklərini bildirdilər, sonra belə təklif etdim ki, 30 faizini mən, 30 faizini şirkət, 30 faizini isə işçilər ödəsin, xəbər çıxmadı. Daha sonra heç olmasa 1500-1600 manatlığını alın evimdə olsun, sınan bahalı dəsti də sizə qaytarım dedim, yenə bir səs çıxmadı. Ay yarımdır ki, mənim şikayətimlə bağlı heç nə etmirlər. Mənə dəyən zərər artıq dəyib. İstəmirəm ki, başqaları da bu şəkildə zərər görsünlər. Hadisədən sonra da şirkətin bir nümayəndəsi belə gəlib maraqlanmadı, buna görə üzr istəmədilər".
Məsələ ilə bağlı 188 yükdaşıma xidməti ilə əlaqə saxladıq. Zəngimizə cavab verən operator yükdaşıma ilə əlaqədar vətəndaşa dəymiş zərərlə bağlı audit şöbəsinin məşğul olduğunu söylədi. Daha sonra şirkətin nümayəndəsi olan və özünü sadəcə Abbas kimi təqdim edən şəxs bildirdi ki, vətəndaşın əlində sübutu yoxdursa, şikayəti əsassızdır, şirkət bütün yükdaşımalar zamanı daşınan əşyalarla bağlı təhvil-təslim aktı tərtib edir və qarşı tərəf də ona qol çəkir: "Vətəndaşın hansı əsasla şikayət etdiyindən xəbərsizəm. Əgər əlində faktı və ya hansısa bir sənəd varsa, o zaman həmin məsələyə baxa bilərik. Biz aktsız iş görmürük. Bütün yükdaşımalarda təhvil-təslim aktı olur, orada nə daşındığı qeyd olunur. Müştəri də yükünü təhvil alan zaman ona qol çəkir. Əlində sübutu yoxdursa, belə bir şikayət əsassızdır".