Ata-anası qəzada ölən körpə Yunisi indi də babasız qoyurlar...
Sabirabad rayon məhkəməsi rayonun Yenikənd kənd sakini Əsəd Ələkbərovun bir il öncə qəyummluğa götürdüyü nəvəsinin əlindən alınması ilə bağlı ədalətsiz qərar çıxarıb. Məhkəmənin may ayının 15-də qəbul etdiyi qətnaməyə əsasən, uşaq özünü belə görmədiyi xalası İradə Salahova və onun həyat yoldaşı Elgün Əliyevə övladlığa verilir.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə virtualaz.org-a Əsəd Ələkbərov müraciət edib. Şikayətçi bildirir ki, məhkəmə qətnaməsindən Şirvan Rayon Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin həm Sabirabad, həm də Şirvan məhkəməsinə təzyiqlər edildiyindən, qərarının ədalətli olacağına ümid azdır.
Xatırladaq ki, bir yaş dörd aylıq olan Yunis Ələkbərov ötən ilin avqustunda avtomobil qəzasında həyat yoldaşı ilə birlikdə faciəli şəkildə dünyasını dəyişən tanınmış kardioloq Əli Ələkbərovun yeganə övladıdır. Qəza baş verərkən avtomobildə olan və sağ qalan Y. Ələkbərov o zaman iki aylıq olub. Elə həmin vaxtdan da babası Əsəd Ələkbərov tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı ilə qəyyumluğa götürülüb.
Şikayətçi deyir ki, nəvəsinə baxmağa maddi imkanı yetərincə olsa da, məhkəmə onun kənddə yaşamasını, ev şəraitinin yaxşı olmamasını “əsas gətirərək” onu nəvəsindən ayrımaq istəyr: “Qızım Zümrüd Əhədova həyat yoldaşı ilə birlikdə bizimlə yaşayır. Onun özünün övladı yoxdur və uşağa baxmaqda o mənə kömək edir. Mən uşağın ata babasıyam, qan qohumuyam və ona mənəvi cəhətdən yaxın olan şəxsəm. Nəvəmin o biri babası Yunis Salahov da onun qan qohumudur, lakin mənim 59 yaşım var, onun yaşı səksəndən yuxarıdır. Buna görə də, mən qaldığım halda nəvəm niyə mərhum gəlininin bacısına verilsin? Bundan əlavə, mənim uşağı saxlamağa kifayət qədər maddi imkanım var, özüm sahibkaram, hər il xeyli gəlir gətirən nar bağım var. Bundan başqa, Moskvada yaşayan oğlanlarım mənə hər ay kömək edirlər. Rayonda yaşamaq imkansız olmaq və ya pis yaşamaq anlamına gəlmir. Amma iddiaçı İ. Salahova ayda 540 manat maaş alır, özü də 29 kv metrlik evdə əri və qızı ilə birlikdə yaşayır. Hələ bu evdə məhkəməni udmaq üçün yalandan yaratdıqları şirkət də yer alıb”, - deyə Ə. Ələkbərov bildirir.
Şikayətçi deyir ki, Sabirabad rayon Məhkəməsinin onun əlayhinə ədalətsiz qərar çıxarmasına səbəb gəlininin bacısı İradə Salahovanın işlədiyi Müdafiə Sənayesi Nazirliyindən edilən təzyiqdir. Onun dediyinə görə Sabirabad məhkəməsi uşağın babanın himayəsindən alınması barədə qərarı həmin nazirliyin rəhbərliyinin göstərişi ilə çıxarıb.
“Müdafiə Sənayesi naziri Yavər Camalov şəxsən Sabirabad rayon Məhkəməsinə zəng edərək tapşırıb ki, belə qərar çıxarsınlar. Mənim gəlinimin bacısı həmin nazirlikdə işləyir. Bununla bağlı dəfələrlə nazirlə görüşmək istəmişəm, ona məktub yazmışam, lakin məni qəbul etməyib. Bu ilin aprelində Yavər Camalovun qardaşı oğlu Namiq Camalov bizim rayona polis rəisi təyin edildi. Mən hətta onunla da görüşdüm və dərdimi dedim. Düzdür, o məni hörmətlə qarşıladı, söz verdi ki, kömək edəcək, lakin heç bir köməklik etmədi. İndi iş Şirvan Rayon Apellyasiya Məhkəməsindədir. Narahatam ki, nazirliyin rəhbərliyi indi də Apellyasiya Məhkəməsinə təzyiq edərək iddiaçının xeyrinə qərar çıxaracaqlar”, - deyə Ə.Ələkbərov bildirir.
Şikayətçinin sözlərinə görə, mərhum gəlinin ailəsi dəfn günündən onlarla bütün münasibəti kəsiblər. Məqsəd isə uşaq deyil, uşağın valideynlərinin evidir: “Mən oğluma ipoteka ilə ev almışdım. Onlar dünyasını dəyişəndə mən də, yoldaşım da evdən uşağın xeyrinə imtina etdik. Bizim başımız dəfnə qarışmışdı, həmin bu İradə Salahova əri ilə birlikdə evə gedərək mənzilin qıfılını dəyişdiriblər. Əslində o ev bizə lazım deyil, məni ev yox, nəvəm maraqlandırır. Amma belə görünür ki, onların əsl niyyətləri uşaq deyil, evi ələ keçirməkdir. Nəvəm bir ildən artıqdır ki, bizdədir, onlar yalnız bir dəfə Kürdəmirdən toydan qayıdarkən yolüstü bizə gəldilər. Mən onları içəri dəvət eləsəm də, içəri girmədilər, ancaq həyətdə uşağı görüb getdilər. Uşaq bizdə olan müddətdə heç vaxt onu görməyə gəlməyiblər”, - deyə Ə.Ələkbərov bildirir.
Şikayətçi bu problemin həllində Azərbaycan ictimaiyyətindən kömək istəyir: “Mən Azərbaycan ictimaiyyətindən, Azərbaycanın dövlət başçısından, məhkəmə orqanlarından kömək istəyirəm. Əgər insan öz övladının adına sahib çıxmağı bacarmırsa, onun yaşamağa haqqı yoxdur. Bu məsələni əslində mehriban qohumluq yolu ilə həll etmək olardı, danışıb öz aramızda razılığa gələ bilərdik. Bunu onlar eləmədilər. İkinci yolu hüquq müstəvisidir, ən vacibi də budur. Əgər bu da olmasa, mən öz övladımı qorumaq üçün həyatımı da qurban verməyə hazıram”, - deyə Ə.Ələkbərov bildirir.