Azərbaycan ICAO-nu uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı

Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırıb.
Bu barədə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovun ICAO Şurasının prezidenti Salvatore Şakkitanoya və ICAO-nun baş katibi doktor Fan Lyuya ünvanladığı məktubda deyilir. Məktubda Arif Məmmədov uçuşların təhlükəsizliyinin təmin edilməsi probleminə göstərdikləri diqqətə görə onlara səmimi təşəkkürünü və ehtiramını bildirib.
Məktubda deyilir ki, ICAO, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətini aydın şəkildə bildirib, BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını təsdiq edərək Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini vurğulayıb (ICAO-nun EUR/NAT 19-0505.TEC (NAE/CUP) nömrəli 15 noyabr 2019-cu il tarixli məktubu).
Eyni zamanda, məktubda beynəlxalq hava nəqliyyatının bərpası və davam edən böhran şəraitində mülki aviasiya uçuşlarının təhlükəsizliyinin lazımi şəkildə təmin edilməsi üçün ICAO-nun qəbul etdiyi ardıcıl qərarlar da xüsusilə qeyd olunub.
Məktubda daha sonra bildirilir: “Azərbaycan Respublikası, təşkilatın qarşısında duran məsələlərin mühümlüyünü dərk edərək, uçuşların təhlükəsizliyinin təmin edilməsi kimi əsas mövzudan kənar olan məsələləri qaldırmaq üçün ICAO-ya üzvlüyündən istifadə etmir. Lakin regionumuzda baş verən son hadisələri nəzərə alaraq, uçuşların təhlükəsizliyi ilə bağlı çox vacib məsələ üzrə müraciət etmək istərdik.
Ermənistan Respublikasının Silahlı Qüvvələri son bir neçə gün ərzində orta və uzaq təsir radiuslu raketlərdən istifadə etməklə Azərbaycan Respublikası ərazisində yerləşən mülki obyektləri intensiv atəşə tutur. Bu hərəkətlər Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bundan əlavə, Ermənistanın silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv etmə vasitələrinin istifadəsi ağır nəticələrə səbəb ola bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulan mülki təyyarənin ssenarisi təkrarlana bilər.
Azərbaycan Respublikasının aeronaviqasiya xidmətləri təminatçısı “Azəraeronaviqasiya” (AZANS) Azərbaycanın Uçuş Məlumatı Bölgəsində (UMB) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb və görməyə davam edir. Operativ vəziyyət AZANS-ın tam nəzarəti altındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sektoru ilə sıx əməkdaşlıq şəraitində vəziyyətin ümumi qiymətləndirilməsi dəqiqliklə həyata keçirilir.
Agentliyimiz, EUROCONTROL təşkilatı və qonşu dövlətlər arasında ələqələndirmə tədbirləri görülərək, Ermənistan Respublikasının təcavüzü və beynəlxalq normaların pozulması ilə bağlı risklərin qarşısının alınması, habelə Azərbaycan Respublikasının hava məkanında təyyarələrin təhlükəsiz aeronaviqasiyasının təmin edilməsi və risk zonalarından kənarlaşma məqsədilə müvafiq NOTAM-lar dərc edilmişdir.
Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə və Ermənistanın mülki obyektlərə və hava gəmilərinə qarşı hüquqazidd hərəkətlərinin qarşısını almağa çağırırıq. Biz ümidvarıq ki, dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO zamin duraraq Ermənistan Respublikası tərəfindən 1944-cü il tarixli Çikaqo Konvensiyasının müddəalarına əməl edilməsini təmin edə biləcəkdir.
Öz növbəsində, Azərbaycan hava məkanının istifadəçilərinə Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Məcmuəsində dərc olunmuş AZANS-ın tövsiyələrini və xəbərdarlıqlarını izləmək, hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlərin göstərişlərinə riayət emək, uçuş planlarını əvvəlcədən göndərmək və nəzərdə tutulmuş uçuş trayektoriyasından mümkün kənara çıxmalara hazır olmaq ciddi tövsiyə olunmuşdur: “Biz bir daha təsdiq edirik ki, Azərbaycan Respublikası ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə sadiqdir, qüvvədə olan aeronaviqasiya qaydalarına uyğun olaraq öz ölkəsinin hava məkanında uçuşların təhlükəsizliyini təmin edir və ümid edir ki, ICAO Ermənistan Respublikası tərəfindən də eyni mövqeyə əməl olunmasını tələb edəcəkdir”.
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB










