"Azərbaycanda yeni səhiyyə sisteminin qurulması vacibdir"

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayevin Avtosfer.az-a müsahibəsin təqdim edirik.
- Maraqlıdır ki, ictimaiyyətlə tanışlığınız pandemiyanın başlanğıcına təsadüf edir. Önə çıxdınız və bu günə qədər də yeniliklər, eləcə də təkliflərlə çıxış edirsiniz. O zamana qədər bəs sizi niyə tanımırdıq?
— Doğru qeyd edirsiniz, önə çıxdım, əslində bu söz mənim üçün çox önəmlidir. Çünki pandemiyanın başlandığı zamanda ortalıqda olanlar kifayət qədər oldu, hələ də var, amma öndə olmaq başqadır. Xatırlayırsınızsa, mənim açıqlamalarımın istiqaməti tam başqa idi, ölkədə pandemiya şəraitinə cavabdeh olan bir çox şəxslərin açıqlamalarının istiqaməti isə başqa. Düşünürəm ki, məhz bu səbəbdən ictimaiyyətdə fərqli münasibət və xüsusi hörmət gördüm. Açığı pandemiyanın başlandığı dönəmdə ilk etdiyim iş ölkə başçısı cənab İlham Əliyevə rəsmi müraciətim oldu, çünki mən Azərbaycanda səhiyyənin gücünü də bilirdim, inkişaf potensiallarını da.
- Ümumiyyətlə, səhiyyə sahəsində nələrin edilməsinin vacib olduğunu düşünürsünüz?
- Azərbaycanda yeni səhiyyə sisteminin qurulması vacibdir. Siz də bilirsiniz ki, bunu demək, qurmaq qədər məsuliyyətlidir. Əslində, edilməli olanlar bir istiqamətli deyil, geniş və çoxşaxəli olmalıdır. Mən yeni səhiyyə sistemi deyəndə tibbi xidmət göstərənin təklifindəki və tibbi xidmət alanın isə tələbindəki fəaliyyət mexanizmlərini nəzərdə tuturam. Eyni zamanda bunlara nəzarət edən peşəkarlardan ibarət mərkəzləşdirilmiş bir idarə sistemi.
- Problemləri harada görürsünüz, daha doğrusu, haradan və nədən başlamaq doğru olar?
- Əslində, bu gün Azərbaycanda hələ də səslənən və artıq köhnəlmiş xeyli fikirlər var ki, haradasa problemləri əks etdirir, amma köhnə fikirlərdir, çıxış yolu da köhnədir. Mən isə məsələyə bir az fərqli yanaşıram. İlk olaraq, həkimin və xəstənin sərbəst fəaliyyəti hüquqi cəhətdən tənzimlənməli və buna nəzarət mexanizmi işlənməlidir. Yəni, həkim kimisə əməliyyat edəndə qorxa-qorxa əməliyyat etməməlidir ki, nəsə bir hadisə baş verərsə, mənim illərlə qazandığım adımı xəstə yaxınları səhvən məhv edər və ya əksinə xəstə həkimə gedəndə düşünməməlidir ki, buna baxan həkim səhv bir müalicə edə bilər və onun da ağır nəticəsi ola bilər.
Ümumiyyətlə, zamanından və məkanından asılı olmayaraq Azərbaycanda hər kəsə eyni səviyyədə xidmət göstərən şəffaf səhiyyə sistemi qurmaqdan başlamaq lazımdır. Bunun da bir yolu var, yenidən qurmaq. Yenidən qurmaq isə bu gün Azərbaycan səhiyyəsində hər şeyə qıraqdan baxan, yerli-yersiz hər kəsə söz atan, kifayət qədər pulunu qazanıb tibbi xidmətlərin səviyyəsini ciddiyə almayan həkimlərlə yox, bu gün savadlı tələbə olan və ya zamanında xaricdə təhsil alıb ölkəyə qayıdıb mən yuxarıda qeyd etdiyim zamanı gözləyən gənclərlərə, eyni zamanda xaricdə çalışan Vətəninə xidmət etmək istəyən yüksək ixtisaslı azərbaycanlı həkimlərlə qurulacaq.
- Bu istiqamətdə sizin də göstərmək istədiyiniz bir dəstək varmı? Ümumi planlarınız nədir?
- Fəaliyyətimdən də bəllidir ki, inkişaf edən Azərbaycanın səhiyyəsini də inkişaf etdirmək üçün əlimdən gələn təkliflərimi edirəm. Bəzən təkliflərə aylarla zaman sərf olunur, elmi analizlər aparılır, nəticədə isə ona baxıb qərar verən adamın heç o ixtisasla, sistemlə əlaqəsi olmadığını görürsən. Bu da ciddi problemlərdəndir, xüsusən gəncləri narahat edən və həvəsdən salan məsələdir. Ona görə də mən atacağım növbəti addımı bir az fərqli etmişəm. Elmi əsaslı və eləcə də statistik rəqəmlərlə sübut edəcəm ki, inkişaf edən Azərbaycan üçün səhiyyə sistemində də inkişaf mütləqdir. Bu istiqamətdə Almaniyadan olan bir neçə elm adamı və fərqli mütəxəssislərlə birgə çalışırıq. İlkin müşahidlər də aparmışıq və maraqlı nəticələrimiz də var. Onlardan xüsusi diqqətimi çəkən əhalinin əmək haqqlarının artması ilə səhiyyə xidmətlərinə olan tələbin də artmasını görməkdir. Bu tələb və təklif mexanizmi burada tənzimlənməzsə, o zaman əmək haqqı artmış şəxs pulunu ölkədən kənara çıxarır. Bunun nə demək olduğunu və bizi hara apardığını isə başa düşən mütəxəssislər çox gözəl bilir.













