Banner

Bakıda taksi sürücüləri şirkətlərə qarşı birləşdi: Baykot qərarı

Xəbərlər 13 May 2020 11:16 Oxunub 4346
Bakıda taksi sürücüləri şirkətlərə qarşı birləşdi:  Baykot qərarı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vahid qiymət, qanuni işləmək və...

Bir qrup taksi sürücüsü sosial şəbəkələrdə "Taksi Club Baku" adlı qrup yaradaraq bir araya gəliblər.

Qrupun adminlərdən Ruslan Məhərrəmov Avtosfer.az-a bildirib ki, əsas məqsədləri taksi sürücülərinin hüquqlarının qorunması və istismarçı şirkətlərə qarşı baykot elan etməkdir. 
"Bəzi şirkətlər taksi fəaliyyətini elə bir vəziyyətə gətirib çıxarıblar ki, sürücülər çox əziyyət çəkir.
Biz ilk növbədə istəyirik ki, taksiyə hörmət olsun. Çünki bu işi icra edən bir insandır və elementar hüquqları qorunmalıdır.  Vahid qiymətin tətbiq olunması, bütün şirkətlərin də bu qiymət əsasında  fəaliyyət göstərməsi bizim istəyimizdir. Şirkətlər rəqabət etmək üçün qiymət yox, keyfiyyət irəli sürsünlər.

Taksi sürücülərini əsas narahat edən məsələlərdən biri də şirkətlərin sayının çox olmasıdır. "Müştəri bazası dağınıq vəziyətdədir. Sürücü saatlarla gözləyir ki, hansı şirkət sifariş verəcək. Əsas çətinliklərdən biri də fərqlənmə nişanıdır. Bir çox sürücülər qanunsuz fəaliyyət göstərir. Bu isə düzgün deyil. Düşünürük ki, normal şərtlər olarsa sürücülər də qanuni fəaliyyət göstərməyə daha üstünlük verər."

Mübarizə üsuluna gəldikdə isə sürücülər şirkətləri baykot etmək qərarına gəliblər. İlk olaraq "Maxim" və "Omega" şirkətlərinin baykotu ilə bağlı çağırış edilib. Eyni zamanda gün ərzində müxtəlif sifarişlər verərək sürücülər ilə kontakta girmək və bu şirkətlərdən imtina etmək bildiriləcək. "Cəmi iki gün kifayət edər ki, həmin şirkətlər həm qiymətləri normal şəkildə tənzimləsin, həm də sürücülərin hüquqlarını bərpa etsin."

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücülərinin bu addımını dəstəkləyir. "Əslində bu çox doğru addımdır. Çünki taksi şirkətləri sürücüləri incidir, bəzi hallarda yersiz cərimə tətbiq edirlər. Hətta elə şirkətlər var ki, sürücülərə qarşı insanı münasibətlər belə bəsləmir." 

Ekspert deyir ki, sürücüləri narazı salan əsas məqam da qiymətlərin düzgün tənzimlənməməsidir. "Mən qiymətlərin bahalaşmasının da tərəfdarı deyiləm. Amma şirkətlər faiz dərəcəsini aşağı sala bilər. Eyni zamanda müxtəlif bonuslar tətbiq etməklə sürücülərə dolanışıq yeri qoya bilərlər. Düşünürəm ki, sürücülərin bu addımı lazımi effekti verəcək."
Elməddin Muradlı deyir ki, taksi şirkətləri sürücüləri bir növ istismar edir. "Ortada vaxtı gedən, maşını nasaz hala gələn sürücü olur, taksi şirkətləri isə qazanır. Sürücüləri işə qəbul edən zaman depozit alır, kartla ödəniş şirkətin balansın keçir. Bəzən gündəlik qazanca nəzərət edə bilmirlər. Nəticədə bəzi sürücülər online ödəniş edən müştəriləri qəbul etmirlər. Çünki onlar düşünür ki, yığılan məbləğ düzgün hesablanmır. Bəzən isə yanacaq almağa pul tapa bilmirlər. Çünki ödəniş kart ilə olur."
Ekspert deyir ki, sürücülərin qazancını müəyyən etmək üçün şəffaf bir sistem yaradılmalıdır. "Nazirlər Kabineti, Milli Məclis səviyyəsində bu məsələyə baxılmalıdır. Konkret qərarlar qəbul edilməli, vahid qiymət sistemi müəyyən olunmalıdır."

Sonda qeyd etmək istəyirik ki, Avtosfer.az komandası olaraq taksi sürücülərinin bu problemlərinin həlli üçün media dəstəyi verəcəyik. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh