Banner

“BakıKart”-a görə hər gün işə gecikirik”

Xəbərlər 27 Avqust 2020 09:57 Oxunub 2804
“BakıKart”-a görə hər gün işə gecikirik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər ödəmə terminallarında problem yaşayırlar

“Saatlarla burada dayanırıq, aparat işləmir, “BakıKart”-a pul yükləmək istəyirik, alınmır. Nə qədər növbələrdə dayanmaq olar? Hər gün işə gecikirik”. 

Bunu deyən Bakı sakini Zaur Əliyevdir. O, Musavat.com-a şikayət edərək hər gün işə “M2” avtobusu ilə getməli olduğunu, lakin “BakıKart”-a gediş yükləyə bilmədiyi üçün gecikdiyini deyib: “Metro bağlıdır, karta pul yükləmək üçün məcbur oluruq ki, hər gün bu aparatdan istifadə edək. Dayanacaqda da ancaq bir aparat qoyulub. Bu qədər adam gəlir, hamı da işə tələsir. Hər gün saatlarla gözləməli oluruq”. 

Musavat.com-un əməkdaşı olaraq oxucu şikayətini bir də öz gözümüzlə müşahidə etmək üçün metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən dayanacağa yollandıq. Səhər saat 09:00 olmasına baxmayaraq, ödəmə terminalının qarşısında insan izdihamı ilə üzləşdik. Görünən odur ki, Bakının ictimai nəqliyyatında tətbiq edilən vahid kart ("BakıKart") sistemi böyük problemlər yaradıb. Bu dayanacaqda yalnız bir ödəmə terminalı quraşdırılıb və aparatın tez-tez dayanması da insanların narazılığına səbəb olur.


Dayanacağın qarşısında növbə gözləyən Sevda Məmmədova bizimlə söhbətində bildirdi ki, “BakıKart”-a gediş yükləmək üçün hər gün 2-3 saat öncədən aparatın qarşısına gəlir: “Biz də anlayırıq, pandemiyadır, metro bağlanıb. Avtobusların sayını artırıblarsa, bu aparatların da sayını artırsınlar də. Bir aparat var burda, o da gah işləyir, gah işləmir. Əsəblərimiz korlanıb artıq. Nəyə görə mən gecikdiyimə görə işdən töhmət almalıyam?!”. 

Artıq bir saatdan çoxdur ki, növbədə dayandığını deyən Simnarə Güləliyeva isə metronun yenidən açılmasını tələb etdi: “Metroda aparatların sayı da çox idi və heç bir problemlə üzləşmirdik. İnsanlara niyə bu qədər zülm edirlər? Bu nə aparatdır axı? Olub ki, işə gecikməyim deyə avtobusda sərnişinlərə 30 qəpik verib, məni də keçirmələrini xahiş etmişəm. Amma bunu həmişə eləmək olmur axı, onlar da kartı mənim kimi əziyyətlə yükləyirlər”. 

Növbədə gözləyənlərdən digər Bakı sakini Seymur Əlizadə isə dedi ki, Bakının bütün dayanacaqlarında ödəmə terminalları quraşdırılmayıb: Metronun “Həzi Aslanov”, “Əhmədli” stansiyalarının yaxınlığında bir aparat belə yoxdur. Əgər ondan istifadə edə bilmiriksə bu avtobuslar kimə lazımdır?”

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrəndik. O, Musavat.com-a açıqlamasında bildirdi ki, belə müraciətlər- ödəmə terminallarında hər hansı problem olanda dərhal araşdırılır: “Bu zaman əgər həmin ödəmə terminalı “BakıKart”-a məxsusdursa, tərəfimizdən “BakıKART”-ın texniki personalı dərhal əraziyə göndərilir və məsələ həllini tapır. “Milli Ön” terminalları ilə bağlı problem yarandıqda isə onlara məlumat verilir ki, tez bir zamanda problem aradan qaldırılsın”.

M.Ağayev metronun bağlanması səbəbindən stansiyaların daxilində olan “BakıKart” aparatlarına əlçatanlığın mümkün olmadığını qeyd edib: “Bu gün metro stansiyalarında təxminən 148 ədəd “BakıKart”-a məxsus ödəmə terminalı var.
Təbii olaraq bu gün metronun fəaliyyətinin dayandırılması sərnişinlərin metrostansiyalardakı ödəmə terminallarına əlçatanlığını da aradan qaldırıb. Vətəndaşların rahatlığını təmin etmək üçün bir müddət bundan əvvəl Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC, eyni zamanda “Milli Ön” və “BakıKart”-ın rəhbər şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Bu görüş zamanı Bakı şəhərində sərnişinlərin rahatlığı naminə, sərnişin tələbatı daha çox olan bəzi metrostansiyaların vestibüllərinin yalnız ödəmə terminallarının istifadəsi üçün açılmasına qərar verilib. Metronun “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 yanvar”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarının ödəmə terminallarından səhər saat 06:30-dan günorta saat 12-yə qədər istifadə etmək mümkündür.


Eyni zamanda, axşam pik saatlarında sərnişin axını nəzərə alınaraq stansiyalar dəyişir. Axşam saatlarında metronun “20 yanvar”, “Nizami”, “Gənclik”, “Nəriman Nərimanov” və “Elmlər Akademiyası” stansiyalarındakı ödəmə terminallarından istifadə üçün yenidən sərnişinlərin istifadəsinə verilir”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh