Balakən kanat yolu niyə yeddi ildir bağlıdır? - FOTO
Balakəndə 30 hektar ərazini əhatə edən mədəniyyət və istirahət parkının nəinki bölgədə, heç ölkəmizdə bənzərinin olmadığı söylənilir. Bu istirahət parkına isə əsas gözəllik verən onun kanat yoludur. Amma kanat yolu 7 ildir ki, fəaliyyətini dayandırıb. Əsl səbəbi isə müəmmalıdır.
Yüzminlərlə vəsait yatırılan kanat yolu nədən fəaliyyətini dayandırıb?
Avtosfer.az Bizim.media-ya istinadla xəbər verir ki, kanat yolu işlək olsa da, təhlükəsizlik baxımından istifadə etmək mümkün deyil. Bunun üçün böyük investisiya qoyulmasına ehtiyac olduğu bildirilir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda ilk kanat yolu 2008-ci ildə Balakəndə istifadəyə verilib. Təxminən 10 ilə yaxın müddət ərzində kanat yolu yerli və bölgə sakinlərinə, respublikanın digər bölgələrindən gələn qonaqlara xidmət göstərib. Lakin 7 ilə yaxındır ki, fəaliyyəti dayandırılıb.
30 hektara yaxın bir ərazidə mədəniyyət və istirahət parkının salınması Balakən üçün böyük layihələrdən biri idi. Qarşıdakı dağın zirvəsinə kanat yolunun salınması isə bu bölgədə turizm infrastrukturunun inkişafı üçün bir töhfə oldu.
Layihə böyük olduğu kimi onun maliyyəsi də az olmayıb...
Di gəl ki, kanat yolunu yenidən bərpa etdirib işlək vəziyyətə salmaq illərdir ki, müşkülə çevrilib. Şəhər sakini Sarvan Şibliyev kanat yolunun bərpasını intizarla gözlədiklərini deyib:
"Azərbaycanda belə gözəl, geniş park, demək olar ki, yoxdur. Amma burada yeganə problem kanat yolu məsələsidir. Bir vaxtlar işləyən bu kanat yoluna başqa rayonlardan, Bakıdan, hətta xaricdən turistlər minirdilər, Balakən şəhərinin gözəl mənzərəsini seyr edirdilər".
Balakən şəhər inzibati dairəsi üzrə nümayəndəliyin müavini İlham Kaltayev isə bildirib ki, kanat yolu işləkdir. Sadəcə uzun illərdir istismar olunduğundan onun ciddi təmirə ehtiyacı var, böyük maliyyə tələb olunur:
"Hazırda işlək vəziyyətdədir. Lakin təhlükəsizlik baxımından müəyyən detalları aşınıb. Həmin detalların alınması üçün külli miqdarda vəsait tələb olunduğu üçün dayandırılıb. Büdcədə isə bu, nəzərdə tutulmadığına görə hələlik işləmir".
İlham Kaltayev məsələnin rayon rəhbərliyinin diqqətində olduğunu, investorlarla danışıqlar aparıldığını da vurğulayıb.
Ümid edək ki, yüzminlərlə manat vəsaitin yatırıldığı kanat yolunun bərpasına sərmayə yatıracaq investor tapılacaq və Balakənlə yanaşı Şimal-qərb bölgə sakinlərinin kanatdan istifadəsinə yenidən şərait yaradılacaq.
Xatırladaq ki, kanat yolunun uzunluğu 1 200 metrdir. Altı kabinəli buraz (tros) yolundan saatda 216 nəfər istifadə edə bilər.