Bu avtomobildə kəmər nəzərdə tutulmayıb - Yol polisi cərimə yazıb

Xəbərlər 19 Yanvar 2018 11:47 Oxunub 4171
Bu avtomobildə kəmər nəzərdə tutulmayıb - Yol polisi cərimə yazıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “İstehsalçı tərəfindən nəzərdə tutulmayıbsa, sürücü kəmərin olmamasına görə cərimələnə bilməz”

Sürücü Şahid Əlizadə Avtosfer.az-a müraciət edərək maraqlı halla üzləşdiyini bildirib. Onun sözlərinə görə, istehsalçı zavod idarə etdiyi avtomobildə arxa oturcaqlarda təhlükəsizlik kəməri nəzərdə tutmasa da, yol polisi buna görə ona 50 manat cərimə yazıb: “Xırdalanda idarə etdiyim “QAZ-3110” markalı, 2003-ci il istehsalı olan şəxsi avtomobilimi saxlayıb, arxa oturacaqlarda təhlükəsizlik kəməri olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsi ilə protokol tərtib etdilər. Mənə verilən protokolda da ancaq maddə qeyd olunub, konkret nöqsan barədə heç bir qeyd yoxdur və mənə də qol çəkdirməyib, bildirdilər ki, şikayət edə bilərəm. Mənim həmin müfəttişə bu avtomobilə aid olan “QAZ” zavodunun kitabında təhlükəsizlik kəmərinin ancaq ön oturacaqlarda olmasını göstərən qeydi göstərməyimə baxmayaraq cərimə yazdılar.

Zavodun “QAZ” maşını haqqındakı istismar üzrə kitabda qeyd olunub ki, ön oturacaqlarda 2 ədəd təhlkəsizlik kəməri quraşdırılıb və onlardan istifadə qaydaları yazılıb. Arxa kəmərlər haqda heç bir qeyd yoxdur. Sonra internetdə bu barədə Rusiya forumlarında araşdırma apardım və məlum oldu ki, vaxtilə Rusiyada da polislə bu problem dəfələrlə olub, lakin “QAZ” rəhbərliyi tərəfində verilən yazılı sənədlə problem birdəfəlik həlini tapıb. Orada göstərilir ki, 2005-ci ilin martına qədər istehsal olunan “QAZ” avtomobilləri ancaq ön təhlükəsizlik kəmərləri ilə təchiz olunub Arxa kəmərlərin quraşdırılması isə həmin dövrdə BMT-n müvafiq standartlar qaydalarına görə mütləq olmadığı üçün quraşdırılmayıb. İstinad verirəm. https:www.drive2.rul2424224.

İndi mən özbaşına kəmər qoydurmaq istəsəm, bu, konstruksiyaya dəyişikıik olacaq ki, bunun özü də qayda pozuntusudur. Əlavə olaraq, bir neçə “QAZ 3110” maşınlarının sahibləri və bu maşınların təmir olunduğu Xırdalan dairəsinin yaxınlığında yerləşən profilaktoriyanın ustaları ilə də fikir mübadiləsi aparmışam. Onlar da təsdiq edir ki, 2005-ci ildən istehsal olunan “QAZ 31105-lə” “ceyrangöz” arxa təhlkəsizlik kəmərləri ilə gəlməyə başladı”.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a vətəndaşın müraciəti ilə bağlı açıqlama verib. Ekspert bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin 9-cu bəndinə əsasən, təhlükəsizlik kəmərlərinin nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda onlar yerində olmadıqda və ya yararsız halda olduqda həmin nəqliyyat vasitələri nasaz hesab edilir. Bu cür nəqliyyat vasitəsini idarə edən şəxs İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi üzrə məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilə bilər: “Qanunda açıq şəkildə “nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda” ifadəsi var. Əgər bu istehsalçı tərəfindən nəzərdə tutulmayıbsa, o zaman sürücü kəmərin olmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Bu istehsalçı tərəfindən nəzərdə tutulmadığı üçün nasazlıq sayıla bilməz. Amma sürücü avtomobilə özü kəmər quraşdıra bilər. Bu tam normal konstruksiya dəyişikliyidir. Həmin kəməri standarta və kəmər üçün nəzərdə tutulan funksional təyinatına uyğun olaraq yerləşdirsə, heç bir problem yoxdur”.

Ekspert bildirib ki, hazırkı durumda sürücü istehsalçının arayış xarakterli məlumatını da təqdim etməklə DYP rəhbərliyinə şikayət edərək protokolun ləğv etdilməsini tələb edə bilər. Əgər həqiqətən də təsdiqlənsə ki, istehsalçı avtomobilə kəmər qoymayıb, sürücü məsluliyyətdən azad edilməlidir.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh