“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK

Xəbərlər 23 Noyabr 2017 22:11 Oxunub 1856
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sərnişin ucuz bilet təklif edən turizm şirkətlərini insanları aldatmaqda ittiham edib

Tbilisidən Bakıya uçan sərnişinlər "Buta Airways” hava yolları şirkətinin böyük biabırçılıqları ilə üzləşib. Həmin sərnişinlərdən Nəzakət Zeynallı bu barədə qeyd edir. Avtosfer.az ölkə.az-a istinadla xəbər verir ki, o, başlarına gətirilən hadisəni nəql edir. Həmçinin başqa bir xanım sərnişinlərdən biri bildirib ki, AZAL-ın Bakı-Tbilisi-Bakı təyyarə reysi üçün bilet alsa da, geri qayıdan zaman onlara xəbərdarlıq edilmədən geri dönüşləri "Buta Airways” ilə əvəz edilib: "AZAL və "Buta Airways” Bakı-Tbilisi-Bakı təyyarə reysi sərnişinləri üçün xoşagəlməz sürprizlər etdi. Biz AZAL-la uçmaq üçün bilet alsaq da, xəbərdarlıq olunmadan bizi "Buta Airways” ilə geri qaytardılar. Nəticədə də əl baqajımız üçün əlavə vəsait istənildi. Təsəvvür edin ki, biz baqaj xərcləri də daxil edilən AZAL-ın biletini almağımıza baxmayaraq, geri qayıdan zaman "Buta Airways” üçün əl baqajı və əlavə baqajın hər biri üçün əlavə 25-30 avro, bilet üçün isə 3 avro pul ödəməyimiz tələb olunub. Ən dəhşətlisi isə odur ki, kimsə təyyarədə tək deyilsə və bir yerdə getdiyi şəxslə yanaşı oturmaq istəyirsə, bunun üçün də əlavə 3 avro ödəməlidir. Təsəvvür edin ki, bu məntiqlə ana öz uşağından, bacı qardaşdan və sairə ayrı oturmalıdır. Axı nə üçün biz bütün bu xidmətlərə görə AZAL-a vəsait ödədiyimiz halda, yenidən həmin vəsait bizdən tələb olunur? Nə üçün bu qədər sərnişinin əsəblərini, əhvalını korlayırlar? Məndə də daxil olmaqla, təyyarədə olan bir qrup sərnişin "Buta Airways”-in bu cür fırıldaqlığına etiraz edərək, haqqımızı tələb etdik. Nəticədə də bəlkə biz ilk sərnişinlər olduq ki, 3 avro ödəmədən təyyarəyə minib istədiyimiz yerlərdə oturduq”.

Xanım sərnişin ucuz bilet təklif edən turizm şirkətlərini də insanları aldatmaqda ittiham edib: "Həmin təyyarədə gözümlə gördüyüm mənzərədir. Bir xanım sərnişinin də üzərində pulu yox idi, ancaq əl çantası və baqajı da götürmək istəyirdi. Ancaq "Buta Airways” işçiləri buna imkan vermədilər. Həmin xanım da məcbur olub, təyyarədə olan rusiyalı turistdən Bakıda hava limanında ödəmək şərtilə 60 avro borc pul aldı. Axı nə üçün insanlar AZAL və "Buta Airways”-in məsuliyyətsizliyi ucbatından bu cür hallara düşməlidir? Turizm şirkətlərindən birinin təklif etdiyi "ucuz biletlərə” də bu qeydləri yazmışdım. Ancaq onlar məni anti-reklam etməkdə ittiham etdilər. Mənim heç kimi reklam və ya anti-reklam etmək fikrim yoxdur. Sadəcə olaraq, bunu yazmaqda məqsədim başıma gələnləri, gördüklərimi insanlara olduğu çatdırmaqdır. Ona görə də turizm şirkətləri kiməsə "ucuz bilet” təklif edəndə, belə məqamları da nəzərə alsınlar”. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh