Gömrük Komitəsi yenə monopoliya yaratdı – Karantin qaydaları pozulur - FOTO

Xəbərlər 14 Sentyabr 2020 13:58 Oxunub 4638
Gömrük Komitəsi yenə monopoliya yaratdı – Karantin qaydaları pozulur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydaları kobud şəkildə pozulub. Avtosfer.az xəbər verir ki, bu proses idarə əməkdaşlarının gözü qarşısında baş verib.

Məlum olub ki, təhlükəli sıxlığın iştirakçıları idxalçılar (avtomobil gətirənlər, maşın ticarəti ilə məşqul olanlar) və onların hüquqi təmsilçiləridir. Karantin qaydalarının kobud şəkildə pozularaq kütləvi toplaşmanın səbəbi isə gömrük əməkdaşlarının təzyiqi və tələbi əsasında baş verib. Gömrük əməkdaşları öz güc və resurslarından təzyiq vasitəsi kimi istifadə edərək idxalçıları məcburi qaydada bu vəziyyəti yaşamağa vadar edirlər.

 

Artıq uzun müddətdir ki, ərazidə gərginlik müşahidə olunmaqdadır. Hətta sahibkarların hüquqi təmsilçilərinin əraziyə daxil olmaması üçün xüsusi turniketlər belə quraşdırılıb.

 

Nə baş verir?

 

Bu günə qədər idxalçılar (hüquqi və fiziki şəxslər) idxal etdikləri malların bəyan  edilməsini rəsmi broker şirkətləri vasitəsilə həyata keçiriblər. Broker şirkətlərinin varlığı idxalçılar üçün müsbət effekt verir. Çünki onlar bəyan etdikləri məhsulu broker şirkətləri vasitəsilə sürətli şəkildə reallaşdırırlar. Bir sözlə, broker şirkətlər müştərinin gömrük təmsilçiliyini həyata keçirir. Bu proses zamanı yazılan bəyannamələr gömrük daxilində yazılan bəyannamələrdən nisbətən ucuz başa gəlir. Sahibkar isə əlavə maddi itkiyə yol verməmək üçün bəyannamələrin broker şirkətlərində yazılmasına üstünlük verir.

Bu isə nədənsə gömrük əməkdaşlarını narahat edib. Nəticədə əraziyə daxil olan idxalçılara təzyiq göstərilməyə başlayıb. Gömrükçülər broker şirkətləri ilə əməkdaşlıq etməməsi üçün fiziki və hüquqi şəxslərə qeyri-rəsmi göstəriş verib. Daha doğrusu, təzyiq göstərib və göstərməkdədir. İdxalçılara deyilib ki, bəyannamələri “Azərterminalkompleks” Birliyində yazdırmalısınız. Hətta bu göstəriş səsgücləndirici vasitəsilə ərazidə səsləndirilib. Göstərişdə bildirilib ki, qiymət gömrük inspektorları tərəfindən müəyyən ediləcək. Güzəşt kimi deyilib ki, malların dəyərində sizə endirim edərik.

Maraqlıdır, dövlətin büdcəsinə yönələn, vahid tariflə müəyyən edilən dəyərləndirmədə gömrük hansı endirimi edir? Bu günə qədər bu, niyə edilmirdi? Əgər endirim etmək mümkündürsə deməli büdcəyə yönələn vəsait idxalçıya deyilən qiymətdən aşağı olub. Bu isə maliyyə yayınmasıdır. Çünki büdcəyə yönələn rüsum vahid tariflə müəyyən olunur. “Vahid tarifə endirim edirik” demək isə gülüncdür. Vahid tarifə necə endirim edilə bilər? Bu şəxsi mülkiyyətdirmi? Deməli bu günə qədər idxalçının ödədiyi vəsait büdcəyə ödənilməli olan vəsaitdən çox olub. Gömrükçülərin şəxsi arzu və istəkləri ilə müəyyən etdikləri tariflər isə başqa istiqamətdə “rəsmiləşdirilib”. Və bu proses davam edir.

Gömrükçülər, gətirdiyiniz malları əgər broker şirkətlərində bəyan etsəniz biz sizin sənədləri qəbul etməyəcəyik kimi absurd fikirlər səsləndirməyə başlayıblar. Bu isə hazırki iqtisadi durumda çörəyi avtomobil ticarətindən çıxan vətəndaşın sıxışdırılması kimi qiymətləndirilir. Bu bir çox sadə vətəndaşın işsiz qalması, əldə etmək istədiyi cüzi gəlirdən məhrum olması, zərər çəkməsi deməkdir. Baş verənlər fərdi avtomobil satışı ilə məşqul olan şəxslərlə yanaşı broker fəaliyyəti ilə məşqul olan şirkətlərin də taleyini sual altına alıb.

Araşdırmamıza əsasən dəqiqləşdirdik ki, “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən” qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014 – cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq olunub.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən  ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.    

Yəni bu xidmət qanunla tənzimlənir.

Qaydalara əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.

Amma yaşayananlar göstərir ki, qanun pozulur. Bu pozuntu həm idxalçının cibinə ziyan, hüquqlarına zidd olmaqla yanaşı sağlamlığını belə təhlükə qarşısında qoyub. Bu da azmış kimi, 100-lə işçisi olan broker şirkətlərinin fəaliyyətinə təhlükə yaranıb.

Hazırki vəziyyətdə Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müvafiq qabaqlayıcı addımlar atılmasa və bu proses uzun müddət davam etsə naəlac qalan vətəndaş mövcud vəziyyətlə bağlı Cənab Prezidentə müraciət ünvanlamağı planlaşdırır.

Hazırda isə real vəziyyət belədir.

  1. Karantin qaydalarının kobud şəkildə pozulması nəticəsində koronavirus təhlükəsinin artması. Cənab Prezidentin rəhbərliyi altında böyük əziyyət və məsuliyyət hesabına aylarla çəkilən zəhmətə zərbə vurulması.
  2. Cənab Prezidentin sahibkarların, ələlxüsus da həssas təbəqənin fəaliyyətinə verdiyi dəstəyə laqeyd yanaşılması.

Görünən budur ki, bu gün ölkədə koronavirusla böyük əziyyət və zəhmət bahasına aparılan mübarizə nəticəsində əldə edilən uğurlu nəticə, sahibkarların, ələlxüsus da həssas təbəqənin hüquqlarının qorunması, vətəndaşın evinə bir parça çörək apara bilməsi üçün dövlət tərəfindən bütün lazımi köməkliyin göstərilməsi istiqamətində atılan addımları bir daha kimlərəsə yenidən xatırlatmaq gərəkdir.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh