Jurnalist Bakı-Batumi avtobusundan şikayət edir: "Bir də istifadə etməyəcəyəm"
"Niyə mən bir daha Bakı-Batumi avtobusundan istifadə etməyəcəm?". Bunu öz sosial şəbəkə hesabinda jurnalist Məlahət Nəsibova yazıb. Jurnalist qeyd edir ki, iyun 2-də açılan ilk Bakı-Batumi reysi ilə Batumiyə getmək istəyib. Lakin tamamilə peşman olub. "Reysin necə olduğunu bilmək istəyənlərin olmasını nəzərə alaraq qarşılaşdığım neqativ tərəfləri yazacağam. Qeyd edim ki, bu ilk reys idi və ondan 2 gun sonra gerçəkləşən reysin necə olduğunu bilmirəm.
1. Avtobusun saat 18:00-a çıxması nəzərdə tutulsa da saat 18:30-da yola düşdü. Avtobusa son anda belə minənlər var idi. Əvvəl insanların arxayın şəkildə avtobusa gecikməsinə təccüb etsəm də sonrada anladım ki, yol üstündə başqa rayonlara gedənləri də bu avtobusa yönəldiblər. Ona görə Gəncə və Qazaxda az qala hər dayanacaqda saxlayırdı.
2. Avtobus reklam olunan avtobus deyildi. Birincisi, marka ayrı idi. İkincisi, o avtobusa yalnız Batumi yazılsa da biz getdiyimiz avtobusa Tbilisi, Batumi yazılmışdı. Bileti onlayn aldım. 3 nəfər olduğumuzdan sıranı 18, 19, 20 seçdim. Bu onlayn göstərilən versiyada eyni sıraya düşürdü. Lakin getdiyimiz avtobusda ikisi eyni sıraya, biri arxaya düşdü. Avtovus Mingəçevirə gedən avtobuslardan bərbad vəziyyətdə, istismarı çoxdan bitmis, dar oturacaqlı, usb portu olmayan köhnə avtobus idi. Biz deyəsən beynəlxalq reys anlayışını hələ qavramamışıq.
3. Avtobusda çay və kofe veriləcəyi və Wi-Fi olacağı deyilirdi. Hardasa 4 dəfə qazlı içkilər verdilər. Çay soruşanda da dedilər bu istidə nə çay. İçkiləri birdəfəlik stəkanlarda əlcəksiz payladılar. Servis göstərən oğlan az qala hər dəfə stəkanı çıxaranda bütün barmaqlarını içinə soxurdu. Hətta orada olan bəzi türklər buna reaksiya verdilər. İnternet istəyəndə oğlan özü götürüb parolu yiğaraq istəyəni internetə qoşdu və dedi ki çox zəifdir, sərhədi keçəndə düzələcək. Demək olar ki, istifadə etmək mümkün olmadı. Sərhədi keçəndə isə qəti internet olmadı. Soruşanda dedilər xətt ala bilməmişik. Ona görə ilk reysdə internet olmayıb. Bu dəqiqə internetin qurulması dünyada ən asan işdir, xətt almamaq absurd bəhanədir.
4. Sürücü yolu tanımırdı. Təxminən 4-5 dəfə səhv yolla gedib geri qayıtdı. Sərhəddə işıq olmamasına görə 3 saata yaxın sərhədi gec keçdik. Bu avtovağzal rəhbərliyindən asılı deyildi. Amma bu sadaldığım ləngidici səbəblər də daxil olmaqla deyilən vaxtdan 5 saata yaxın gec çatdıq. Az qala 1 sutka. Uşaq və özümüz çox yorulmuşduq.
Ən müsbət cəhət bu istilərdə kondisionerin işləməsi və nəticədə Batumiyə çatmağımızdır.
5. Beynəlxalq reysdə bayağı musiqilərdən çox yazmaq olar, yazmıram.
Mən adambaşına 40 manat ödəmişəm, uşaqlar üçün 20 manatdır. Mənə maraqlıdır, söz verilən məsələlər olmayıbsa, ödədiyim pulun nə qədəri əslində yolun qiyməti olmuş olur? Bu reyslə qayıtmıram. Qatara bilet almışam, necə olacağını bilmirəm, amma bu reysdən bir də istifadə etməyəcəyimə əminəm".
Orxan