Banner

LED işıqlardan ev, ofis və küçələrdə istifadə insan sağlamlığına necə təsir edir? - AÇIQLAMA

Xəbərlər 23 Oktyabr 2026 22:21
LED işıqlardan ev, ofis və küçələrdə istifadə insan sağlamlığına necə təsir edir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Axşam saatlarında Azərbaycanın mərkəzi küçələrində, əsas avtomobil yollarında, prospektlərdə və binaların ətrafında güclü süni işıqlandırmaya rast gəlmək mümkündür. Küçə lampaları, işıqlı reklam lövhələri, binaların fasadlarını işıqlandıran sistemlər və evlərdə istifadə olunan LED lampalar gecə həyatının ayrılmaz hissəsinə çevrilib. İşıqlandırma yol hərəkətinin təhlükəsizliyi, piyadaların rahatlığı və ictimai məkanların istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Küçələrin işıqlandırılması üçün hamıya uyğun vahid parlaqlıq göstəricisi yoxdur. Tələb olunan səviyyə yolun növündən, nəqliyyatın intensivliyindən, piyadaların hərəkətindən və ətraf mühitdən asılıdır. Avropa ölkələrində yol işıqlandırmasının layihələndirilməsində EN13201 standartlar seriyasından istifadə olunur. Bu standartlar yolları müxtəlif kateqoriyalara ayırır və hər kateqoriya üçün uyğun işıqlandırma göstəricilərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Məsələn, Avropa Komissiyasının texniki materiallarında piyadaların hərəkət etdiyi bəzi ərazilər üçün orta işıqlanma səviyyəsi 2–10 lüks, daha intensiv istifadə olunan ərazilər üçün isə 10–20 lüks və ya daha yüksək göstərilə bilər. Bunlar bütün küçələrə tətbiq olunan universal normalar deyil, konkret işıqlandırma siniflərinə aid nümunələrdir.

Yaşayış binalarının pəncərələrinə düşən işıq beynəlxalq texniki sənədlərdə arzuolunmaz, müdaxiləedici işıqlandırma problemi kimi qiymətləndirilir. Beynəlxalq İşıqlandırma Komissiyasının (CIE) CIE150:2017 sənədi xarici işıqlandırmanın insanlara və ətraf mühitə yaratdığı narahatlığı azaltmaq üçün tövsiyə olunan hədləri müəyyənləşdirir. Bu sənədlərdə ərazinin işıqlanma xüsusiyyətlərindən asılı olaraq pəncərə səthində ölçülən şaquli işıqlanma üçün fərqli göstəricilər nəzərdə tutulur. Küçə lampasının işığı gecə saatlarında yataq otağının pəncərəsinə birbaşa düşürsə, problemin həlli lampanı tam söndürmək deyil, işıq axınını aşağıya və yol səthinə yönəltmək, uyğun qoruyucu örtüklərdən istifadə etmək və gecə saatlarında intensivliyi azaltmaq ola bilər.

“DarkSky” International və “Illuminating Engineering Society” tərəfindən irəli sürülən prinsiplərə görə, xarici işıqlandırma yalnız ehtiyac olan yeri əhatə etməli, mümkün qədər aşağı istiqamətləndirilməli və artıq işıq axınının qonşu binalara və gecə səmasına yayılmasının qarşısı alınmalıdır. Avropa Komissiyasının texniki tövsiyələrində yaşayış ərazilərində 3000 Kelvin və ya daha aşağı rəng temperaturuna üstünlük verilməsi, milli avtomobil yollarında isə 4000 Kelvindən yüksək olmayan göstəricilərin nəzərdən keçirilməsi tövsiyə olunur. İsti rəngli işıq mavi spektrin payını azaltmağa kömək edə bilər, lakin təkcə rəng temperaturu işığın təhlükəsizliyini müəyyən etmir.

2022-ci ildə dərc olunan meta-analizdə 577932 nəfəri əhatə edən yeddi araşdırmanın nəticələri təhlil edilib. Araşdırmanın nəticələrinə görə, gecə saatlarında süni işığa daha çox məruz qalan insanlarda yuxu problemlərinin yayılma göstəricisi digər insanlarla müqayisədə 22 faiz yüksək olub.

Bəs küçələrdə, reklam lövhələrində və evlərdə istifadə olunan LED lampalardan gələn güclü süni işıq insanın psixoloji vəziyyətinə, stress səviyyəsinə, əhvalına və yuxu keyfiyyətinə necə təsir edir? Bu təsirlərin uzunmüddətli nəticələri nələr ola bilər?

Klinik-biokimya üzrə həkim mütəxəssis, neyroelm üzrə tədqiqatçı Fərid Rəfibəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, insan orqanizmi işıq və qaranlıq dövrlərinə uyğunlaşıb. İşıq beynin bioloji saatını tənzimləyən əsas siqnallardan biridir.

Dr. Fərid Rəfibəyli (@drfaridrafibayli) · Baku · Instagram photos and videos

“Gecə saatlarında küçə işıqlarından, reklam lövhələrindən və evlərdəki güclü LED lampalardan gələn işıq gözlərimiz vasitəsilə beyinə ötürülür. Bu işıq melatonin hormonunun ifrazını azalda, yuxuya getməyi gecikdirə və yuxunun keyfiyyətini poza bilər. Xüsusilə gecə saatlarında parlaq, mavi dalğa uzunluqları ilə zəngin işıq bu baxımdan daha təsirlidir. Bəs soruşsanız ki, yuxunun pozulmaması niyə bu qədər vacibdir? Çünki yuxusuzluq təkcə yorğunluq demək deyil. O, beyinin stressə reaksiyasına və emosiyaları idarə etmək qabiliyyətinə də təsir göstərir. Stress orqanizmin təhlükəyə, təzyiqə və çətinliklərə verdiyi bioloji cavabdır. Bu zaman beyinin hipotalamus–hipofiz–böyrəküstü vəzi sistemi aktivləşir və kortizol kimi hormonların ifrazı tənzimlənir. Qısamüddətli stress orqanizmin vəziyyətə uyğunlaşmasına kömək edə bilər. Lakin stress uzun müddət davam etdikdə və yuxu da pozulduqda, bu sistemin normal fəaliyyəti çətinləşə bilər. Burada “prefrontal korteksin” — PFC-nin rolu xüsusilə əhəmiyyətlidir. Beynin bu sahəsi diqqət, planlaşdırma, qərarvermə və impulsların idarə olunmasında iştirak edir. Yuxusuzluq və xroniki stress prefrontal korteksin fəaliyyətini zəiflədə, emosional reaksiyaların tənzimlənməsini çətinləşdirə bilər. Nəticədə, insan daha tez əsəbiləşə, gərginlik hiss edə, diqqətini toplamaqda çətinlik çəkə və emosiyalarına nəzarəti itirə bilər. Uzunmüddətli yuxu pozuntuları əhval-ruhiyyəyə, gündəlik fəaliyyətə və ümumi sağlamlığa da mənfi təsir göstərə bilər. Bununla belə, bütün bu nəticələri yalnız süni işıqla əlaqələndirmək olmaz. Təsir işığın intensivliyindən, rəng spektrindən, məruzqalma müddətindən, günün saatından və insanın fərdi xüsusiyyətlərindən asılıdır. Ona görə də gecə saatlarında işıqlandırmanı azaltmaq, yataq otağını qaranlıq saxlamaq və müntəzəm yuxu rejiminə riayət etmək vacibdir. Çünki sağlam yuxu yalnız istirahət deyil, həm də beynin stressi və emosiyaları tənzimləməsi üçün əsas şərtlərdən biridir”.

LED lampalardan yayılan işıq təkcə yuxu rejiminə deyil, göz sağlamlığına da mənfi təsir göstərə bilər. Bəs LED lampaların mavi işıq spektri göz sağlamlığı üçün nə dərəcədə təhlükəlidir və gündəlik həyatda gözləri qorumaq üçün hansı tədbirlər görülməlidir?

Tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Aynurə Əliyevanın fikrincə, güclü LED lampaların işığı qısa müddət ərzində gözə düşdükdə, adətən ciddi zərər yaratmır. 

"Lakin intensiv işığa uzun müddət və fasiləsiz baxmaq gözlərdə müvəqqəti qaralma və fokuslanma çətinliyi yarada bilər. Daha güclü işıq mənbələri, məsələn, stadion işıqları, səhnə projektorları və geniş əraziləri işıqlandırmaq üçün nəzərdə tutulan projektorlar isə göz üçün daha ciddi risklər yarada bilər. Belə işıqlara yaxın məsafədən və uzun müddət baxmaq gözün ön səthində qıcıqlanmaya, bəzi hallarda isə torlu qişa hüceyrələrinin zədələnməsinə səbəb ola bilər.

İşığa məruz qaldıqdan sonra görmədə qəfil dəyişiklik, qaralma və ya ağrı yaranarsa, gözləri ovuşdurmamaq və təcili oftalmoloji müayinəyə müraciət etmək lazımdır. Müvəqqəti görmə pozuntularının keçib-getməməsi səbəbdən asılıdır; buna görə tibbi yardımı gecikdirmək olmaz.

Göz sağlamlığını qorumaq üçün işıqlandırılan sahənin ölçüsünə və məqsədinə uyğun lampalar seçilməli, işıq birbaşa insanların gözünə yönəlməməlidir. Ev, otaq və iş məkanlarında işıqlandırmanın tavandan və ya yuxarı istiqamətdən təşkili, işığın bərabər yayılması və qamaşmanın qarşısının alınması tövsiyə olunur. Lampalar seçilərkən isə həddindən artıq parlaq işıqdan qaçmaq və ehtiyaca uyğun, isti rəng temperaturlu işıq mənbələrinə üstünlük vermək məqsədəuyğundur".

Bəs küçələrin həddindən artıq işıqlandırılması və istifadə olunan LED lampaların rəng temperaturu, parlaqlığı və işıq intensivliyi baxımından hansı standartlara uyğun olması tələb olunur?

Fizika elmləri doktoru Rasim Cabbarov Avtosfer.az-a müsahibəsində deyib ki, LED işıqları ilə işıqlandırmanın tətbiq dairəsi daim genişlənir və getdikcə daha yeni sahələri əhatə edir. Nəzəri olaraq LED çiplərinin və fosfor materialların alınma  texnologiyaları dünya üzrə inkişaf yolundadır, smartlaşır və idarə olunan olur. LED əsaslı işıqlanma elm tutumlu texnoloji layihədir, özündə qorunan gizli texnologiyanı saxlayaraq inkişaf edir.

"Hazırda Azırbaycan bazarında müxtəlif növ (SMD və COB tipli ) LED işıqları satılır və bir-birindən fərqli üstünlüklərə və çatışmazlıqlara malikdirlər. Ölkəmizdə işıqlanma sistemləri ilə bağlı standartlar olmadığına görə çoxsaylı problemlərin olması təbidir və artmaqdadır.

Belə ki, müxtəlif rəng temperaturuna və rəng ötürmə indeksinə malik LED rəqabətə davamlı olması üçün LED lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru >0.95 olan impulslu  çeviricilər (Driver-Intelligent and isolated power supply) düzgün seçilməlidir. Magistral yollarda dizayn məsələsi (yolun eni, yollardakı zolaqların sayı) nəzərə alınmaqla işıq dirəklərin basdırılmasının həndəsi olaraq düzgün yerləşdirilməsi, dirəklər arası məsafə və dirəklərin  hündürlüyü) dəqiq təyin edilməlidir. Evlərdə istifadə üçün otağın sahəsi və dizayn məsələləri nəzərə alınmalıdır. LED lampalarının əsas üstünlüyü həmdə onun smart olmasındadır.

Yaşayış küçələri və parklar üçün norma isti ağ işıq (2700-3000K), şəhər prospekti isti neytral ağ (3000K), magistrallar neytral ağ  (4000K), işıq səmərəliliyi - 130-150 Lm/Vt, rəng ötürmə indeksi Ra –(70-85), işıqlanma normativləri isə (lux) yol sinfinə görə hesablanmalıdır. İşığın istiqaməti yol səthinə yönəldilməli, yuxarıya yayılan işıq minimum olmalıdır. Rəng temperaturu spektral tərkibi tam müəyyən etmir. Eyni CCT-yə (korrelyasiya olunmuş rəng temperaturu) malik iki LED-in 400–500 nanometr diapazonunda şüalanması fərqli ola bilər. Buna görə ekoloji və bioloji təsirləri araşdırarkən yalnız Kelvin göstəricisinə deyil, spektral paylanmaya, işıqlanma səviyyəsinə və gecə ekspozisiyasına da baxmaq lazımdır".

Türkan Ülvi

 

FOTO QALEREYA
Oxunub : 528
ŞƏRH YAZ
Ad

E-mail

Şərh