Ordumuz BMT-nin qətnamələrinin icrasını özü yerinə yetirir
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır. 27 ildir ki, düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir-birinin ardınca azad edilir. Artıq Cəbrayıl, Füzulu, Zəngilan rayonlarının mərkəzində Azərbaycan bayrağı dalğalanır. Bundan əlavə, Xudafərin körpüsündə, Hadrutda, Suqovuşanda da əzəmətli Azərbaycan bayrağı düşmənə göz dağı verir. Sentyabrın 27- dən oktyabrın 20-dək işğal olunmuş yaşayış məntəqələrimizin sayı 100-ü ötüb. 23 gün ərzində misli görünməmiş qələbə! Halbuki, 27 il əvvəl BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz geri çəkilməsi barədə 4 qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ də kağız üzərində qalıb. Ancaq dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev həmin qətnamələri özü yerinə yetirməyə başlayıb.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, qüdrətli Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edir. Ordumuzun qarşısında davam gətirə bilməyən təcavüzkarlar silah-sursatını atıb biabırcasına qaçırlar. Dövlətimizin başçısı oktyabrın 20- də xalqa müraciətində də bu barədə məlumat verdi. Ali Baş Komandan şanlı Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələr barədə ətraflı məlumat verdi: “Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə, 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi) məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib”.
Bu hələ son hədd deyil. Düşmənin iki “S-300” zenit-raket kompleksi məhv edilib. Dövlətimizin başçısı bu gün artıq dörd kompleksin məhv edildiyini bildirdi. Bundan əlavə, üç TOR zenit-raket kompleksi, qırxa yaxın OSA zenit-raket kompleksi, beş KUB və KRUQ zenit-raket kompleksi, altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. O cümlədən 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri olub. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Bütün bunlar ordumuzun qüdrətinin göstəricisidir.
Son 17 ildə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələndirilməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Ölkə iqtisadiyyatı getdikcə möhkəmlənib. Son illər infrastruktur layihələri həyata keçirilməsinə yatırılan böyük həcmdə vəsait bütün sahələr üzrə inkişafımıza zəmin yaradıb. 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi xüsusi önəm artıq öz bəhrəsini verir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun ən müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz əməliyyatları Azərbaycan Ordusunun gücünü göstərdi və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu təsdiqlədi.
2020-ci il sentyabrın 27- dən bu günə qədər isə Azərbaycan Ordusu müstəqillik tariximizə şanlı səhifələr yazır. Bütün bunlar - döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyətinin, siyasi uzaqgörənliyinin və praqmatik düşüncəsinin nəticəsidir. Dövlətimizin başçısının ötən dövr ərzində Azərbaycanı dünya miqyasında layiqincə təmsil etməsi, xalqın ona inamının, etimadının nəticəsidir.
Həmişə olduğu kimi, sentyabrın 27-dən işğalçı Ermənistanın başladığı genişmiqyaslı təxribatlarına qarşı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları dövründə də xalq Prezidentlə birlik, həmrəylik nümayiş etdirdi, dövlət başçısının hər sözünün arxasında oldu, həm də ona inamını nümayiş etdirdi. Bir daha bəlli oldu ki, iqtidar- xalq həmrəyliyi sarsılmazdır.
Bugünkü hərbi uğurlarımız, cəbhə bölgəsindən bir- birinin ardınca gələn qələbə soraqları Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi, hərbi, diplomatik, eyni zamanda, iqtisadi sahələrdə düşünülmüş strategiyasının bariz nümunəsidir. Qələbələrimiz də təsdiqləyir ki, biz müharibəyə hazırıq.
Ümidləri yalnız nasistlərə, Kardaşyan kimi əxlaqsızlara, xarici havadarlarına qalan Ermənistan isə çökmək üzrədir. Bu ölkənin baş naziri son on gün ərzində iki dəfə ağ bayraq qaldırıb, müharibənin dayandırılması üçün yalvarıb - yaxarır. Ancaq özü yıxılan ağlamaz. Azərbaycanın başqa dövlətlərin ərazisində gözü yoxdur. Biz ərazi bütövlüyümüzün təmin olunması yolunda mübarizə aparırıq. Prezident, Ali Baş Komandan bu yolda milyonlarla azərbaycanlının arzularını həyata keçirir.