Reklam

Qaynata kürəkənini sürücülük vəsiqəsilə şərləyir – Qızını boşadığı üçün

Xəbərlər 25 May 2018 08:37 Oxunub 3870
Qaynata kürəkənini sürücülük vəsiqəsilə şərləyir – Qızını boşadığı üçün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük vəsiqəsinin pulla alınması iddiasına kürəkən belə cavab verib: “İmtahan verib almışam”

Son günlər sürücülük vəsiqələrinin alınması, texniki baxış və digər məsələlərlə bağlı bəzi kütləvi informasiya vasitələrində Baş Dövlət Yol Polisi İdarəsinin ünvanına kəskin ittihamlar səslənir. Lakin araşdırıldıqda həmin məsələlərlə bağlı hər hansı təsdiqedici fakt ortaya çıxmır və ya yazıların obyekti olan şəxslər məlumatların yalnış olduğunu bəyan edirlər. Dünən “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas sosial şəbəkələrdə onun adından yayılan məlumatın işçisi tərəfindən və onun xəbəri olmadan yayıldığını bəyan etdi. Bu gün isə qaynarxett.az saytında bir vətəndaşın sürücülük vəsiqələri ilə bağlı ittihamlarını araşdırdıq. Bakı şəhər sakini Comərdov Elxas Səfi oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin «Fərid» adlı əməkdaşı tərəfindən kürəkəni Beybudov Elgün İnşallah oğlundan 960 manat pul alınması müqabilində sürücülük vəsiqəsinin verilməsi barədə ittihamlar səsləndirib. O, hətta bununla bağlı bir sıra dövlət qurumlarına müraciət də edib. Ərizəsində isə bildirib ki, kürəkəni Elgün üçün pul ilə sürücülük vəsiqəsi alıb. Amma Avtosfer.az- a müraciət edən Elgün Beybudov yayılan məlumatları təkzib edib. " O, adam mənim keçmiş qaynatamdır. Hazırda onun qizı ilə boşanma mərhələsindəyik. Məhkəmə gedir. Odur ki, hər vasitə ilə mənə ziyan vurmaq istəyir. Bilir ki, mənim qazancım yalnız avtomobillədir. Yəni, sürücülüklə dolanıram. Ona görə də, mənə ziyan vurmağa çalışır. Bu ittihamı ortaya atıb ki, bəlkə mənim sürücülük vəsiqəmi ləğv etdirə və işləyə bilməyəm". 

E.Beybudov qeyd edib ki, özü imtahan verərək sürücülük vəsiqəsi alıb. "Mən imtahan vermişəm, rüsumu da banka ödəyib vəsiqəmi almışam. İndi bu şəxs belə deyir. Nə olsun? Ona qalsa o qədər adamı aldadıb, pulunu alıb yeyib. Amma mən heç bunlardan danışmıram. Sadəcə ona görə dedim ki, bu adamın sözünün yalnış olduğunu bildirim”. 

E.Beybudov bildirib ki, keçmiş qaynatası əvvələr də bu cür münaqişə yaratmışdı. "İstəyir ki, nəsə münaqişə yaratsın. Bir dəfə etmişdi, mən də əsəbləşdim cavab verdim ona, şikayət edib məni tutdurmuşdu. İndi görür ki, cavab vermirəm, bu yola əl atıb. Bir dəfə ömründə mənə 100 manat pul verib. İndi o da şişib olub "prava". Onun əvəzində də evində işləmişəm».

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı Avtosfer.az-a bildirildi ki, sayta ötürülmüş həmin məlumatlar heç bir əsasa söykənməyən uydurma məlumatlardır və bununla bağlı vətəndaş Elxas Comərdovun Daxili İşlər Nazirliyinə ünvanladığı əvvəlki müraciətləri kürəkəni Elgün Beybudovun iştirakı ilə araşdırılıb: “Aparılmış müvafiq araşdırma zamanı Elgün Beybudov 2018-ci il 9 aprel və 17 may tarixlərdə verdiyi izahatlarında və onunla aparılan telefon danışıqlarında qaynatası Elxas Comərdovun hərəkətlərinin məqsədli xarakter daşıdığını, həyat yoldaşı ilə nigahlarının pozulmaq üzrə olması səbəbindən, eləcə də onun sürücülük fəaliyyətindən başqa bir işlə məşqul ola bilməyəcəyini bildiyi üçün buna maneə yaratmaq məqsədilə müxtəlif instansiyalara belə məzmunda müraciətlər etdiyini bildirib, sürücülük vəsiqəsini heç kimin köməyi olmadan, yalnız dövlət rüsumlarını ödəyərək və nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verərək əldə etdiyini göstərib, həmçinin qaynatası tərəfindən sürücülük vəsiqəsi ilə bağlı ünvanladığı bütün müraciətlərin əsassız sayılmasını xahiş edib.

Məlumat üçün qeyd edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin şəxsi heyəti arasında «Fərid» adlı əməkdaş xidmət aparmır”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh