Banner

"Squid game" valyutası ilə ağlagəlməz dələduzluq

Xəbərlər 2 Noyabr 2021 19:16 Oxunub 856
 "Squid game" valyutası ilə ağlagəlməz dələduzluq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

"Netflix”in məşhur Cənubi Koreya serialı "Squid Game” yenidən gündəm mövzusu olub.

Sfera.az bildirir ki, bu dəfə serialın adı kriptovalyuta sahəsində hallanıb. Belə ki, serialdan ilham alınaraq yaradılan, lakin onunla heç bir rəsmi əlaqəsi olmayan "SQUİD” adlı token (rəqəmsal valyutanın bir növü) bazara damğa vurub.

Ən böyük birjalarda kriptovalyuta ticarətini izləyən "CoinMarketCap” portalının məlumatına görə, saat 09:20 radələrində 51 dollardan satılan "SQUID” tokeni günorta saatlarında qəfildən 3 min dollara yaxınlaşıb, lakin bu yüksəliş uzun sürməyib. 

Dünən Bakı vaxtı ilə saat 23:27-də valyutanın qiyməti 99.99% azalaraq 0.003574 ABŞ dollarına düşüb. Təxminən 30 milyard dollara yüksələn token rekord itki yaşayaraq 2 milyon dollara enib. Qeyd edilib ki, "SQUIDD”in bazar dəyəri hələ də eniş trendini davam etdirir.

Eyni zamanda "SQUID” tokeni cəmi bir neçə dəqiqə ərzində dəyər itirdikdən sonra, layihənin veb-saytı və sosial media hesabları bağlanıb, satışı dayandırılıb.  

Bununla bağlı layihənin "Telegram” hesabından açıqlama verilib. "Son günlərdə kimlərsə layihəmizə xaker hücumları reallaşdırmaq istəyir. Hazırda depressiyada və stress altındayıq. Məhz bu səbəbdən layihədə çalışmaq istəmirik. Biz ticarətlə bağlı bütün məhdudiyyətləri və qaydaları aradan qaldırmalıyıq”, - deyə məlumatda qeyd edilib.

Digər tərəfdən "CoinMarketCap” portalının nümayəndələri tokenin istifadəçilərinə müraciət edərək onları ehtiyatlı olmağa dəvət ediblər.

Qeyd edək ki, Cənubi Koreya serialı "Squid Game” ilk dəfə "Netflix”də sentyabrın 17-də yayımlanıb və cəmi bir həftə sonra baxış sayına görə birinci olub. Serial əsasında oktyabrın 20-də SQUID tokeni yaradılıb. Serialın populyarlığı eyni adlı saxta tətbiq və proqramların ortaya çıxması ilə nəticələnib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh