Taksi şirkətləri işğalda olan torpaqlarımızı niyə Ermənistan ərazisi kimi göstərir? - FOTO
Ölkədə əksər taksi şirkətlərinin istifadə etdikləri xəritədə Azərbaycanın işğal olunmuş bölgələri Ermənistan ərazisi kimi göstərilir. Bu barədə artıq sosial şəbəkələrdə şəkillər də paylaşılır, SOS siqnalı çalınır. Qeyd edilir ki, bu istiqamətdə şirkətlər məsuliyyəti öz üzərlərindən atırlar. Belə ki, bununla bağlı şirkətlərə zəng etdikdə heç nə edə bilməyəcəklərini və belə də qalacağını bildirirlər. Söhbət xüsusilə, *8555 və *5000 taksilərindən gedir.
Bəs, bu məsələdə öhdəlik kimin üzərinə düşməlidir? Probleminn həlli yolu nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış ictimai-siyasi xadim Azər Allahverənov Primetime.az-a danışarkən məsələnin çox ciddi olduğunu vurğulayıb:
“Artıq bu, bir növ yeni siqnaldır. Əgər bu gün müxtəlif xəritə proqramlarında bu kimi məsələlər varsa, bu onu göstərir ki, Azərbaycana qarşı məqsədli şəkildə planlaşdırılmış xəritə müharibəsinin davamıdır. Bilirəm ki, ayrı-ayrı informasiya agentliklərinin dərc etdiyi xəritələrdə bu kimi hallara rast gəlinir. İstər diaspora təşkilatları, istər bizim informasiya agentlikləri buna dərhal reaksiya verirlər və saxtakarlıq aradan qaldırılır. Hətta dünya şəbəkəsində bu kimi məsələlər xüsusi nəzarətdə saxlanılır. O cümlədən, Azərbaycanda aidiyyatı qurumlar bu istiqamətdə tədbirlər həyata keçirirlər. Amma bu gün hansısa taksi şirkəti və ya digər şirkətlər noviqasiya proqramlarından istifadə edirlər. Yəni bu, asan prosesdir – proqram telefona yüklənilir və xəritə vasitəsilə ünvanlar tapılır. Söhbət ondan gedir ki, yüklənən proqramlar yalnız bizim ölkədə istifadə edilmir, başqa ölkələrdə də həmin proqramlar yüklənilir. Bu o deməkdir ki, orada da xəritədə Azərbaycanın işğal olunmuş əraziləri Ermənistanın ərazisi kimi göstərilir.
Ona görə də düşünürəm ki, bizim bu sahədə ixtisaslaşan, xüsusilə də yüksək texnologiyalar sahəsində müxtəlif yerlərlə əməkdaşlıq edən qurumlarımız var. Onlar dərhal bu məsələyə reaksiya verməli və həmin proqramların kimə məxsus olduğunu araşdırmalı, o cümlədən proqram təminatını həyata keçirən şirkətlə danışıqlara başlanılmalı, orada işğal olunmuş ərazilər Azərbacanın əraziləri kimi göstərilməlidir. Yəni müxtəlif xarakterli addımlar atılmalıdır”.
A.Allahverənov qeyd edib ki, xəritələr həm də şüura yeridilən informasiya funksiyasını daşıyır:
“İndi bizə məlum olan bir taksi şirkətidir. Ola bilsin ki, hətta dünyada yüzlərlə taksi şirkətləri bu proqramdan istifadə edirlər və hansı ölkə olmasından asılı olmayaraq, həmin proqramda ərazilərimizin Ermənistan torpaqları kimi göstərilməsi beynəlxalq hüquqa da ziddir. Fikrimcə, bu proses üzərində ciddi nəzarət mexanizmi qurmalıyıq. Çünki bu gün təsadüfən aşkar olunan Azərbaycana qarşı saxtakarlıq, haqsızlıq eyni zamanda ondan xəbər verir ki, hələ nə qədər bəlli olmayan bu kimi hallar mövcuddur. Məsələ ciddi araşdırılmalıdır.
İstənilən halda biz ayıq-sayıq olmalıyıq. Bu həm də şüura yeridilən informasiya funksiyasını daşıyır. Dünya bu proqramlardan, noviqasiya sistemlərindən istifadə edirsə, bu artıq insanların şüuraltında işğal olunmuş torpaqlarımızın məhz Ermənistan torpağı kimi oturuşmasına gətirib çıxaran bir haldır ki, bunun da qarşısı ciddi şəkildə alınmalıdır”.