Banner

Xəzər sürətlə quruyur -Xəzəryanı dövlətlər bir qərara gəlməsə...

Xəbərlər 9 İyul 2022 17:00 Oxunub 2326
Xəzər sürətlə quruyur -Xəzəryanı dövlətlər bir qərara gəlməsə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər dənizinin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib. Son 500 ildə dənizin ən aşağı səviyyəsi 1977-ci ildə müşahidə olunub.

 Avtosfer.az xəbər verir ki, yayın istləri artdıqca Xəzərdə çəkilmələr genişlənir, Hələ 5 il əvvəl beynəlxalq “Geophysical Research Letters” jurnalında dərc olunan araşdırma materialında Xəzərlə bağlı SOS siqnalı verilmişdir. Xəzərin acınacaqlı vəziyyətdə olduğu faktlarla qeyd olunurdu. Beləki, amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir ki, hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə məsələ ilə bağlı mediaya verdiyi açıqlamada bildirib ki, Xəzər dənizinin problemləri təkcə Azərbaycanın deyil, 5 ölkənin problemləridir: “2006-ci ildən qüvvədə olan “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası sənədi əsasənda Xəzəryanı ölkələr müxtəlif ekoloji sahələr, o cümlədən Xəzər dənizinin səviyyəsinin tərəddüdü ilə bağlı birgə araşdırmaların, müzakirələrin aparılması və s. üzrə əməkdaşlıqlarını davam etdirirlər.

Dənizin səviyyəsinin dəyişməsində antropogen amil qeyd edilə bilər, lakin bu o qədər də böyük deyil. Əhali sayı artır, təbii ki, su sərfiyyatı da artır. Eyni zamanda kənd təsərrüfatı sahələrində də suya təlabat çoxalır. Sudan istifadə artır, digər tərəfdən iqlim dəyişməsi nəticəsində suyun həcmi azalır. Sözsüz ki, bu iki amil su ehtiyatlarının azalmasına gətirib çıxardır”.

Xarici, həm də yerli mətbuatda isə səbəb başqa cür izah olunur. Hamıya eləcə də bütün dünyaya məlumdur ki, Rusiyanın son illər Volqa çayı üzərində qurduğu su anbarları çayın töküldüyü Xəzər dənizinin səviyyəsinin enməsinə səbəb olub. Volqa çayı Xəzərin su ehtiyatının təxminən 85 faizini təmin etdiyindən bu suyun çəkilməsinə yol açıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı da bildirdi ki, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qrupları yaradılacaq: “Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.(Adalet.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh