Zəngəzur dəhlizinin açılışı niyə ləngiyir? - “Bu, bir-birini təkzib edən davranışdır“

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın siyasi hakimiyyəti hələ ki birmənalı mövqe ortaya qoymayıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Xatırladaq ki, “Azadlıq Radiosu”nun erməni xidmətinin – “Azatutyun”un yazdığına görə, gələcəkdə nəqliyyat vasitələri dəhlizlə Ermənistan ərazisinə daxil olarkən, Azərbaycana məxsus yüklərivə sərnişinləri əvvəlcə Rusiya sərhəd xidməti (FSB), daha sonra isə Ermənistan gömrük xidmətinin yoxlamasından keçəcək. Ərazidən keçid ən azı bir rus zabitinin daxil olduğu erməni patrulunun müşayiəti ilə həyata keçiriləcək.
Öz növbəsində, suallarımızı cavablayan E. Nəsirov vurğulayıb:
“Ermənistan Azərbaycanın irəli sürdüyü məlum 5 baza prinsipini qəbul edib, yəni kommunikasiyaların bərpası, eləcə də Zəngəzur dəhlizinin işə salınmasına razılıq verib. Amma Nikol Paşinyan ümumən Zəngəzur dəhlizinin açılmasına müsbət rəy bildirməyib. Belə çıxır ki, Azərbaycan saxta informasiya yayıb. Gördüyünüz kimi, bu, bir-birini təkzib edən davranışdır.
“Azadlıq Radiosu”nun yaydığı məlumatları Quran ayəsi kimi qəbul etmək olmaz. Ümumiyyətlə, Zəngəzur dəhlizinin detalları müzakirə predmeti deyil. Azərbaycan Horadizdən Ağbəndə qədər dəmir yolu xəttini çəkir və həmin dərmir yolu xəttinin 60%-ə qədəri hazırdır. Ona paralel olaraq avtomobil yolu çəkilir.
Ağbənddən sonra isə Ermənistan sərhədi başlayır və oradan Naxçıvana qədər artıq 45 km-lik ərazidə dəmir yolu və avtomobil yolunun çəkilməsi məsələsi var. Ermənistan rəsmiləri bunun üçün 200 milyon dollar vəsait lazım olduğunu bildirir. Kommunikasiyanın inşasını da Ermənistan həyata keçirməlidir. Lakin bu istiqamətdə hələ ki heç bir addım atmır”.
Deputatın sözlərinə görə, sadalanan məsələlər razılaşdırılandan sonra digər detallar – yüklərin keçməsi, onların sərhəd xidməti və gömrük qurumları tərəfindən yoxlanılması məsələsinin detalları müzakirə edilməlidir:
“Hazırda detallar prioritet deyil. Prioritet dəhlizin işə salınmasıdır. İndi informasiya əsridir və öncədən elə informasiyalar dövriyyəyə buraxılır ki, prosesin özünü dayandırsın və ona mane olsun. “Azadlıq Radiosu”nda səslənən xəbəri Zəngəzur dəhlizinin işə salınması yolunda ortaya atılan maneə, əngəl kimi qiymətləndirirəm.
Baş nazirlərin müavinləri səviyyəsində olan komissiyanın mütəmadi iclasları keçirilir. Prinsip etibarilə, Azərbaycanın Naxçıvana göndərəcəyi yüklərin heç biri beynəlxalq hüququn tələblərinə zidd olan yüklər olmayacaq. Amma bir ölkədən digər ölkəyə tranzit keçidini həyata keçirmək üçün hansısa rəsmi struktur yaradılırsa və rəsmi prosedura uyğun yoxlamalar həyata keçirilirsə, bunun əleyhinə olmayacağıq. Beynəlxalq qanunlar və konvensiyalar nəyi tələb edirsə, ona uyğun addımlar atılacaq”.













