Qəzalarda günahkar kimdir? AVTOMOBİL, YOXSA SÜRÜCÜ? - ARAŞDIRMA - FOTO

Yol-nəqliyyat hadisələrinin əsas səbəbi yol hərəkəti qaydalarına riayət edilməməsi, avtonəqliyyat vasitələrinə vaxtında və tam şəkildə lazımi texniki qulluq göstərilməməsidir. Yol hərəkəti qaydalarının pozulmasının ən təhlükəli nümunələri sərxoş vəziyyətdə avtomobil idarə etmək, sürət həddinə riayət etməmək və ötməni düzgün yerinə yetirməməkdir.

Buna əsasən, dünyada baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi həddindən artıq sürət kimi göstərilir. Avtomobillə təyinat yerinə çatmaq istəyərkən, sürət nişanlarına tabe olmamaq və sürət həddini aşmaq yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün nə etməliyik?
1. Sürəti unudun.
2. Təhlükəsizlik kəmərinizi yalnız sürücü oturacağında deyil, həm də ön və ya arxada oturarkən taxın.
3. Qarşıdakı avtomobillərlə aranızdakı müəyyən məsafəni qoruyun.
4. Saatlarla sükan arxasında oturmayın.
5. Yuxulu halda maşın sürməyin.

Son dövrlər əsasən də taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius"ların tez-tez qəza törətmələrinin şahidi oluruq. Buna əsas gətirəcək bir sıra sübutlar da var:
"Toyota Prius" dünyanın ilk seriyalı hibrid avtomobilidir. Belə ki, o, 2005-ci ildə Avropada ilin avtomobili seçilib. Ölçülərinə, avadanlıqlarına və qiymətinə görə orta sinif avtomobil sayılır.
"Prius" sözü latın mənşəlidir və "ilk", "orijinal", "üstün" və ya "getmədən öncə" deməkdir.
"Toyota Prius" nə vaxt çıxdı?
Birinci nəsil (XW10; 1997)
Birinci nəsil "Prius", satışa çıxarıldığı zaman dünyanın ilk kütləvi istehsal edilmiş benzin-elektrik hibrid avtomobili idi.

1)15 iyun 2022-ci il Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində Bakı beynəlxalq avtovağzal kompleksi yaxınlığında qeydə alınıb. Belə ki, “Chevrolet Aveo” markalı avtomobil avtovağzal ərazisinə girmək istəyən “Toyota Prius”a çırpılıb. Zərbənin təsirindən “Toyota Prius” kənarda dayanan “Mercedes” markalı avtomobilə çırpılıb, daha sonra isə aşıb.
2) 23 may 2022-ci il. Bakıda Heydər Əliyev prospekti-aeroport şosesində yol qəzası baş verib. Aeroport yolunda “Toyota Prius” markalı avtomobil xidmətdə olan DYP əməkdaşlarının avtomobilinə çırpılıb. Nəticədə DYP-nin 2 əməkdaşı və “Toyota Prius” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

3) 29 aprel 2022-ci il. Bakıda kənar dairəvi yolda avtomobil qəzası baş verib. 77-CH-738 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil beton arakəsmələrə çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşı xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərib. Qəza səbəbi ilə yolda sıxlıq yaranıb.
4) 14 aprel 2022-ci il. Bakıda ağır yol qəzası baş verib. Hadisə nəticəsində ölən və yaralanan olub. Ziya Bünyadov prospektində Şahin İsayev idarə etdiyi “Toyota” markalı avtomobildə sükana nəzarəti itirib.
Avtomobil idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb. Qəza nəticəsində sürücü Ş.İsayev hadisə yerində ölüb. Hadisə nəticəsində “Toyota Prius”da sərnişin qismində olan bir nəfər yüngül xəsarət alıb.
5)17 may 2022-ci il. Bakıda "Prius" səfirlik maşını ilə toqquşub. Hadisə Səbail rayonu ərazisində qeydə alınıb. "Mercedes Vito" markalı avtomobil "Toyota Prius"la toqquşub. Nəticədə ölən və xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib. Qəzaya düşən "Mercedes" markalı avtomobilin Bakıda yerləşən səfirliklərdən birinə məxsus olduğu bildirilir.
6)25 aprel 2022-ci il. Bakıda Dərnəgül yolu adı ilə tanınan Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib. "Toyota Prius" markalı taksi digər avtomobilə çırpılıb. Nəticədə yolda güclü tıxac yaranıb və avromobillərin hərəkəti xeyli ləngiyib.
Bunlara yüzlərlə belə misal çəkmək olar? Bəs, problem nədən qaynaqlanır? Yəni, qəza törədən sırf “Toyota Prius” taksiçiləridirmi? SİA mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli və Nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrənib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli: “Ümumiyyətlə, istənilən növ nəqliyyat vasitəsində hər hansısa bir qəza baş verirsə, qəzadan sonra təqsirkarın müəyyənləşdirilməsi üçün bir qayda olaraq avtomobilin texniki sazlığı məsələsinin araşdırılması aparılır. Buna avto-texniki ekspertiza deyilir. Yəni, yol nəqliyyatı hadisələrində əgər hadisənin fəsadlarına uyğun olaraq zərərçəkmiş şəxslərin xəsarətləri az ağır, ağır və ya ölümlə nəticələnibsə, pozulmuş yol hərəkəti qaydasının nəticəsində cinayət məsuliyyəti yaranıbsa AR-nın Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən iş başlanılır və Cinayət Prosessual Məcəlləyə uyğun istintaq hərəkətləri aparılır. Bu zaman avtomobilin növündən, modelindən, markasından asılı olmayaraq avto-texniki ekspertiza təyin edilir və hadisəyə səbəb olan avtomobilin nasazlığı məsələsinə birmənalı şəkildə qiymət verilir. Çünki bu, cinayətlə yekunlaşmış yol nəqliyyat hadisələrinin araşdırılmasında Baş Prokurorluğun əsas tələbidir. Burada maşının model və markasının fərqi yoxdur.
Son dövrlərdə “Prius” markalı avtomobillərin qənatli yanacaq sərfiyyatı üstünlüyündən istifadə edən şəxslər taksi fəaliyyəti üçün daha çox bu markaya üstünlük verilir.
Düşünürəm ki, avtomobilin özünü təhlil etmək düzgün olmaz. Çünki həmin avtomobil özü də dünyanın ən böyük və məşhur avtombil konservlərindən birinin təmsilçisidir. Əsas problem həmin avtomobili idarə edən, qaydalara düzgün riayət etməyən və hər hansısa bir sərnişini mənzil başına çatdırma üçün işi düzgün planlaşdırmayan sürücülərin problemidir. Avtomobil cansız əşya və dəmir parçasıdır. Ona düzgün qulluq olunsa, texniki xidmət göstərilsə, onu idarə edən şəxs yol hərəkəti qaydalarına əməl etsə, əlbəttə ki, hər hansı hadisə baş vermək ehtimalı da az olar”. Bir sözlə problemi avtomobildə yox onu idarə edənlərdə axtarmaq daha ədalətli olar!”.

Nəqliyyat eksperti Elməddin Muradlı: “Son vaxtlar baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, xüsusən Bakı şəhərində “Prius” markalı avtomobillərin iştirakı ilə tez-tez yol-nəqliyyat hadisələri baş verir. Bu halların baş vermə səbəbi həm sürücülərin səhlənkarlığından, həm də avtomobillərin texniki parametrlərin normalar çərçivəsində olmamasından irəli gəlir.
Bugün əsas problem odur ki, həmin o “Toyota Prius” maşınları digər ölkələrdə istismara yararsız olduğu üçün başqa ölkələrə satılır. Xüsusən də Azərbaycandan bu maşınların alıcıları çoxdur, bu maşınları taksi fəaliyyətinə cəlb edirlər və bu heç də xoş bir mənzərə yaratmır. Çünki hadisələrin sayı artır, onları istismar edən sürücülər texniki tələblərə əməl etmirlər və belə olan halda bu avtomobillərin saz vəziyyətdə olması tələb olunur. Ancaq təəssüf ki, sürücülər o maşınlara vaxtında qulluq göstərmirlər. Belə olan halda qəzalar da qaçılmaz olur. Yəni, sürücülər özləri də etiraf edirlər ki, bu avtomobillərin texniki parametrləri yaxşı vəziyyətdə deyil. Biz ən azından vizual şəkildə də onları görürük ki, qəzalı vəziyyətdədir. Bu halda o maşınların istismarı ilə bağlı bir daha düşünmək lazımdır. Bu avtomobillər ya texniki tələblərə cavab verməlidir, ya da onların istismarı qadağan olunmalıdır”.













