Banner

Moskvada 590 min dollarlıq saxta pul işi: Azərbaycanda 7 il həbs edildi

Xəbərlər 24 Noyabr 2026 18:25
Moskvada 590 min dollarlıq saxta pul işi: Azərbaycanda 7 il həbs edildi
WhatsApp kanalımıza abunə olun

Moskvada 600 min dollar dəyərində kriptovalyuta əməliyyatı zamanı qarşı tərəfə 590 min dollar saxta əskinas verdiyi, daha sonra əldə etdiyi kriptovalyutanın 60 min dollarını Bakıda nağdlaşdırdığı bildirilən şəxsə hökm oxunub.

Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı Malik Azızaga oğlu Guseynov cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş materiallarına əsasən, hadisə 2025-ci ilin noyabrında Rusiyanın Moskva şəhərində baş verib. İttihamda göstərilib ki, Guseynov kriptovalyuta alqı-satqısı ilə məşğul olmaq adı altında əvvəlcədən icarəyə götürdüyü ofisdə 600 min dollar dəyərində USDT əldə edib. Bunun müqabilində qarşı tərəfə 590 min dollar məbləğində saxta əskinas, pulların həqiqi olduğuna inandırmaq üçün isə 10 min dollar real pul təqdim edib.

Məhkəmə materiallarında qeyd olunur ki, kriptovalyuta qarşı tərəfin elektron pul kisəsindən Guseynovun istifadə etdiyi hesaba köçürülüb. Pulları sayan şəxs əskinasların böyük hissəsinin saxta olduğunu aşkar etdikdən sonra Guseynov ofisi tərk edərək qaçıb. Hadisə ilə bağlı Aleksandr Belousov Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.

Guseynov bundan sonra Moskvadan Bakıya gəlib. Məhkəmənin müəyyən etdiyi hallara görə, o, cinayət yolu ilə əldə edilmiş kriptovalyutanın 60 min dollar ekvivalentində olan hissəsini Bakıda nağdlaşdırmaq fikrinə düşüb. Bunun üçün Yasamal rayonunda, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən ofisdə kriptovalyuta alqı-satqısı ilə məşğul olan tanışına müraciət edib.

İş üzrə şahid qismində dindirilən şəxs ifadəsində Guseynovu dayısı vasitəsilə tanıdığını bildirib. Onun sözlərinə görə, 2025-ci ilin noyabrında Malik ona zəng edərək kriptovalyutası olduğunu deyib və 60 min dollar dəyərində USDT-ni nağd pula dəyişmək istəyib. Şahid də bunun müqabilində ona 100 min 800 manat verib. O, kriptovalyutanın mənbəyindən xəbərsiz olduğunu, Guseynovun həmin vəsaiti Moskvadakı ticarətindən əldə etdiyini söylədiyini qeyd edib.

Guseynov ibtidai istintaq zamanı verdiyi ifadələrində 2021-ci ildə tanış olduğu, Moskvada "Axmed" adı ilə tanınan şəxslə birlikdə dələduzluq sxemi qurduğunu bildirib. Həmin şəxs müştəri tapmalı, Guseynov isə kriptovalyuta alqı-satqısı görüntüsü yaradaraq ona saxta dollar təqdim etməli idi. Guseynov saxta əskinasları əvvəlcədən əldə etdiyini, onların üzərinə təxminən 10 min dollar həqiqi pul qoyduğunu da etiraf edib.

İfadədə Guseynov 600 min dolların 66 min 800 dollarının onun payına düşdüyünü, bu məbləğin 60 min dollarını tanışına göndərərək 100 min 800 manat nağd pul aldığını bildirib. O, həmin pulun 2 900 manatına "iPhone 17 Pro" telefonu, 1 500 manatına geyim aldığını, təxminən 46 min manatını isə Moskvada borclu olduğu şəxsə göndərdiyini deyib.

Lakin Guseynov məhkəmədə əvvəlki ifadələrindən fərqli mövqe sərgiləyib. O, özünü təqsirli bilməyərək 2020-ci ildən kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu, Aleksandr Belousovla adi ticarət əməliyyatı apardığını və ona saxta pul vermədiyini iddia edib. Təqsirləndirilən şəxs ilkin ifadələrini polis əməkdaşlarının təzyiqi altında verdiyini söyləyib.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, Moskvada kriptovalyuta alqı-satqısı zamanı qarşı tərəf pulun müəyyən hissəsinin çatışmadığını deyib və əməliyyatı ləğv etmək istəyib. O isə ziyana düşməmək üçün Azərbaycana gəlib. Bakıda nağdlaşdırdığı 102 min manatın bir hissəsi ilə borclarını bağladığını, qalan vəsaiti isə şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.

İş üzrə digər şahid qismində dindirilən 1994-cü il təvəllüdlü Yevlax sakini isə Guseynovla cinayət törətmək barədə razılığa gəlmədiyini deyib. Onun sözlərinə görə, Maliklə 2021-ci ildə Moskvada idman zalında tanış olub, sonradan aralarında dostluq münasibəti yaranıb. Şahid Guseynova 1 500 dollar borc verdiyini, Azərbaycana qayıtdıqdan sonra həmin pulu geri istədiyini bildirib.

Həmin şəxs Aleksandr Belousovu tanımadığını, onunla heç vaxt əlaqə saxlamadığını, Guseynova kriptovalyuta hesabı açmadığını və heç bir vəsait göndərmədiyini vurğulayıb. O, 2025-ci ilin oktyabrında Moskvada deyil, Yevlaxda olduğunu təsdiqləmək üçün Mingəçevir "ASAN xidmət" mərkəzindən aldığı qəbzi təqdim edib.

Məhkəmə zamanı Guseynovla həmin şahid arasında üzləşdirmə keçirilib. Hər iki şəxs öz ifadələrini təsdiqləyib. Üzləşdirmə zamanı Guseynov əvvəlki ifadələrində adı çəkilən "Axmed" adlı şəxsin həmin şahid olmadığını bildirib.

Guseynovun mobil telefonunda "Maqa" adı ilə qeyd edilmiş nömrə, "iCloud" hesabı və şəhidlə birlikdə çəkilmiş fotoşəkil aşkarlanıb. Fotoşəklin üzərində 2025-ci ilə aid tarix göstərilsə də, şahid görüntünün 2021-ci ildə Moskvada çəkildiyini, sonradan ekran görüntüsü kimi təqdim edildiyini deyib.

Mobil operatorlardan əldə olunan məlumatlara əsasən, hadisə dövründə Guseynovun istifadə etdiyi mobil nömrənin anten dairəsi Bakı Beynəlxalq Hava Limanı, Sumqayıt və Bakı ərazilərini əhatə edib. Digər şəxsin istifadə etdiyi nömrənin isə həmin günlərdə Yevlax rayonunda olduğu müəyyənləşdirilib. Nəticədə şahidin bu cinayətə aidiyyəti təsdiqlənmədiyindən onun barəsindəki cinayət təqibinə xitam verilib.

Məhkəmə Guseynovun təqsirini qiymətləndirərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələrini, telefon və mobil operator məlumatlarını, eləcə də digər sübutları nəzərə alıb. Hökmün əsaslandırma hissəsində bildirilib ki, təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi kriptovalyutanı Azərbaycanda nağd pula çevirməklə onun həqiqi mənbəyini gizlətməyə çalışıb.

Məhkəmə Guseynovun cinayəti etiraf edərək istintaqla əməkdaşlığını, cinayət nəticəsində əldə olunan əmlakın bir hissəsini könüllü təqdim etməsini və məhkəmə iclasındakı davranışını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Beləliklə, Malik Guseynov Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzanın əvvəli 2025-ci ildə tutulduğu tarixdən hesablanacaq.

Bundan başqa, hökmə əsasən, Guseynov cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılacaq. Onun istintaq orqanına könüllü təqdim etdiyi 39 min 720 manat nağd pul və "iPhone 17 Pro" markalı mobil telefon xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınacaq.

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh