Ağsaqqal və ağbirçək anlayışları cəmiyyət üçün sosial şəbəkə kontentinə çevrilir - SOSİOLOQ

Son vaxtlar sosial şəbəkələrdə maraqlı və mübahisəli bir tendensiya müşahidə olunur. Söhbət “ağsaqqal” və “ağbirçək” obrazında səhnəyə çıxan, rəqs edən, şou xarakterli çıxışlar edən personajlardan gedir. Bir zamanlar nənə-baba deyəndə göz önünə xeyir-dua verən, ailənin dayağı olan, sözünə hörmət edilən, müdrik insan obrazı gəlirdisə, indi həmin simvol bəzən əyləncə elementinə çevrilmiş formada təqdim olunur. Ənənəvi Azərbaycan cəmiyyətində ağsaqqal və ağbirçək anlayışı sadəcə yaş göstəricisi deyil, mənəvi status idi. Onlar ailə institutunun qoruyucusu, barışdırıcı tərəf, məsləhət verən, nəsilləri birləşdirən fiqur sayılırdı. Toylarda isə onların iştirakı mərasimin bərəkəti, xeyir-duası və ağıl payı demək idi. Bu obraz həm hörmət, həm də məsuliyyət daşıyırdı.
Avtosfer.az xəbər verir ki, xüsusi geyimdə aktyor və ya rəqqasların toyda “nənə-baba” kimi təqdim olunaraq rəqs etməsi bir qisim insan tərəfindən maraqlı və əyləncəli qarşılanır. Digərləri isə bunu milli-mənəvi dəyərlərə zərbə, hətta hörmətsizlik kimi qiymətləndirir.
Məsələnin mübahisəli tərəfi də məhz buradadır. Bu, sadəcə zamana uyğunlaşan əyləncə formasıdır, yoxsa milli mənəvi dəyərlərimizə ağır zərbədir? Obraz yenilənir, yoxsa mənasını itirir?
.jpg)
Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, son illər sosial mediada “nənə-baba” obrazının şou elementinə çevrilməsi əslində təsadüfi deyil:
“Bu, ənənəvi simvolların öz formasını qorusa da, mənasını və mahiyyətini dəyişdirməsi halıdır. Təkcə bizim cəmiyyətimizdə yox, eləcə də bütün dünyada müqəddəs sayılan fiqurlar və dəyərlər zamanla performans alətinə və ya sosial şəbəkə dili ilə desək, kontentə, məzmuna çevrilir. Əvvəllər ağsaqqal və ağbirçək status və simvolik hakimiyyət daşıyırdı. Yaş və təcrübə avtomatik hörmət yaradırdı. İndi isə kapitalın növü dəyişib. İndi ən çox izlənən, ən çox paylaşılan şey dəyərlidir. İndi şöhrət, maddi güc daha çox hörmət gətirir. Bu da ənənəvi nüfuz mexanizmlərini zəiflədir. Hörmət artıq yaşa görə yox, şöhrət və maddi gücə görə bölüşdürülür. Nəticədə də alqoritmlər ağsaqqalı, ağbirçəyi də həzm edib kontentə çevirir. Amma düşünürəm ki, bu prosesi birbaşa milli kimliyin zəifləməsi kimi oxumaq bir az natamam yanaşma olar. Bu haha çox modernləşmə və sekulyarlaşma prosesinin nəticəsidir. Buna dəyərlərin aşınması kimi baxmaq olar, amma həm də ənənələrin transformasiyası və mahiyyət, məna dəyişdirməsi kimi də baxmaq olar. Qısa desək, hörmət anlayışı yox olmayıb, onun forması və istiqaməti dəyişib. Problem isə ondadır ki, biz dəyişən formaya uyğun yeni etik çərçivə yarada bilmirik. Yeni dəyərləri oturda bilmirik. Ona görə də hələ ki, köhnə dəyərlərə hörmətsizlik görəndə ya nostaljiyə qapılaraq əsəbləşirik, ya da bunu milli faciə elan edirik. Halbuki proses daha struktural və daha qaçılmazdır. Sistem problemlərinə isə sistemli həllər lazımdır”.

Sosioloq Rəvan Əliyev isə deyib ki, həmin obrazların parodiya, maskarad və gülüş obyektinə çevrilməsi dəyərlərin aşınmasının açıq göstəricisidir:
“Bunun arxasında bir neçə sosial səbəb dayanır. Birincisi, sosial şəbəkə mədəniyyəti diqqət və baxış sayı üzərində qurulub. İnsanlar daha çox izlənmə üçün hər şeyi şouya çevirirlər. Dəyər, müqəddəslik anlayışı ikinci plana keçir. İkincisi, kommersiyalaşmadır. Toy artıq bir çox hallarda ailə mərasimi yox, şou proqramına çevrilib. Orada hörmət yox, effekt əsas götürülür.Üçüncüsü, nəsillərarası bağların zəifləməsidir. Gənclər real ağsaqqal institutunu görmür, onun sosial rolunu yaşamır. Ona görə də bu obraz onlar üçün ciddi dəyər yox, sadəcə rol kimi görünür. Əgər cəmiyyət öz ağsaqqalını səhnə dekorasiyasına çevirirsə, bu artıq dərin mədəni eroziyanın əlamətidir. Əlbəttə, yumor hər zaman olub və olacaq. Amma müqəddəs obrazı bayağılaşdırmaq azadlıq deyil, məsuliyyətsizlikdir. Cəmiyyət öz simvollarını itirəndə, mənəvi dayaqlarını da itirir.Bu gün məsələ bir neçə TikTok videosu deyil. Söhbət ondan gedir ki, biz hörmət üzərində qurulan cəmiyyətdən şou üzərində qurulan cəmiyyətə keçirik. Bu isə uzunmüddətli perspektivdə ailə institutuna, nəsillərarası münasibətlərə və sosial intizama mənfi təsir göstərə bilər. Cəmiyyət düşünməlidir: Biz ağsaqqal institutunu yaşatmaq istəyirik, yoxsa onu sadəcə kostyumlu zarafata çevirmək?!”
Nurcan Babək
Milli Məclisdən yeni qərar - Aprelin 1-dən qüvvəyə minəcək
Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? - RƏSMİ AÇIQLAMA
Elektrik naqillərində gizli təhlükələr nələrdir?- Ekspert AÇIQLADI
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur - VİDEO
Cəmiyyətin əxlaq normaları, mentaliteti niyə dəyişir? - Sosioloq səbəbləri AÇIQLADI
Azərbaycanda inkluziv təhsil ürəkaçan vəziyyətdə deyil - TƏHSİL EKSPERTİ
Müharibələr uşaqların psixologiyasına necə təsir göstərir? - Psixoloq AÇIQLADI
Azərbaycanın tanınmış şəxsi orqanlarını bağışladı - FOTO
Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? – AÇIQLAMA - VİDEO
Keçid var, yol yoxdur - Piyadalar niyə qaydanı pozur və cərimələnir?








