Azərbaycanda kredit faizləri azalacaq? - AÇIQLAMA

Sosial 1 Avqust 2026 18:56
Azərbaycanda kredit faizləri azalacaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmir. Onun sözlərinə görə, kreditlər üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. "Biz pulun maya dəyərinə təsir edirik və öz uçot dərəcəmiz vasitəsilə faizləri azaldanda manatın maya dəyəri də düşür, xərc olaraq banklar üçün düşür. Bu da ümumi kredit faizlərinə təsir edir", - deyə AMB sədri vurğulayıb.

Bəs görəsən, ölkəmizdə bank kreditlərinin faizlərinin azaldılması üçün hansı addımların atılmasına ehtiyac var?

Avtosfer.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli "Unikal"a açıqlamasında bildirib ki, Mərkəzi Bankın sədrinin "faiz dərəcələrini inzibati qaydada təyin etmir" fikri doğrudur, demir ki, kommersiya bankı hansı kredit faizi ilə məcburən kredit verməlidir.

Ekspert qeyd edib ki, yalnız uçot faiz dərəcəsi ilə deyil, Mərkəzi Bankın çoxlu alətləri var: "Prudensial tənzimləmə qaydaları, məcburi ehtiyat normaları siyasəti və kapital tələbləri var. Bunlar vasitəsilə faiz dərəcələrinə təsir göstərir. Yəni, sərtləşmə faiz dərəcələrini artırır. Mərkəzi Bankın bu addımları və alətləri mövcuddur, uçot dərəcəsi burada tək deyil. Hətta mən deyərdim ki, digər alətlərin - məcburi ehtiyat normaları, prudensial qaydalar, kapital tələbi normalarının təsiri daha çoxdur. Yəqin ki, sədr müsahibədə ətraflı danışmamaq üçün sadəcə bir element deyib, ümumi ictimaiyyət üçün nəzərdə tutulduğuna görə. Yəni, təsir imkanları çoxdur, amma ölkədə nə qədər bu alətlər və təsir imkanları olsa da, faiz dərəcələri yüksək qalacaq. Bunun yüksək olmasının özü də sualdır. Biz Almaniya, Amerika, Yaponiya, İsveçrə ilə müqayisə edib deyirik yüksəkdir. Məsələn, Gürcüstanla, Türkiyə və Rusiya ilə müqayisə etmirik, onlarda da eynidir. Yəni, bizim faiz dərəcələrinin aşağı olması üçün iqtisadiyyatımız Almaniya, Amerika, İsveçrə iqtisadiyyatı olmalıdır ki, vətəndaşların iqtisadiyyata və pula etibarı olsun. Bu çox vacib məsələdir. Mərkəzi Bankın iqtisadiyyatın riskinə, iqtisadiyyatın strukturuna təsir göstərmək imkanları məhduddur. Və fiks rejiminin qoyulması da devalvasiya riskini həmişə yaradır. 

Deyir ki, indiki məqamda ən yaxşısı fiks rejimdir, məzənnənin 1.70-də saxlanmasıdır, belə hesab edir. Amma şəxslər investisiya qoyanda, borc verəndə uzunmüddətli fikirləşirlər. Fikirləşirlər ki, 2 ildən sonra məzənnə nə olacaq və s. Dollar haqqında niyə bu cür fikirləşmirlər? Çünki dollara etibar var. Dollara niyə etibar var? Hesab edirlər ki, dollar ən güclü iqtisadiyyatın valyutasıdır. Avro ən güclü iqtisadiyyat birliklərinin valyutasıdır. Yəni, biz valyuta riskini və kredit faizlərini aşağı salmaq üçün birinci iqtisadiyyatımızı inkişaf etdirməliyik. İqtisadiyyat dayanıqlı, qeyri-neft sektoru, qeyri-neft ixracı böyük həcmli bir vəziyyətdə olmalıdır ki, sonra kredit faizlərinin aşağı düşməsindən danışaq. İndiki məqamda təsir imkanları var, amma o demək deyil ki, kredit faizləri kəskin aşağı ola bilər. Amma hesab edirəm ki, son 3 ildə kredit faizlərinin artmasında birmənalı Mərkəzi Bankın da rolu olub. Mərkəzi Bank kredit faizlərinin artırılmasında rol alıb. Hesab etmirəm ki, son 3-4 ildə Mərkəzi Bank faiz dərəcələrinin aşağı düşməsinə çalışıb. Əksinə, artırılması istiqamətində addımlar atıb. Nümunə kimi deyə bilərəm ki, 2023-cü ilin dekabrında məcburi ehtiyat normalarının 0.5-1%-dən 20%-ə qədər artırılması, istehlak kreditlərində prudensial qaydaların sərtləşdirilməsi kimi məqamlar məhz faiz dərəcələrinin artmasına təsir edib".

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh