Cəmiyyətin əxlaq normaları, mentaliteti niyə dəyişir? - Sosioloq səbəbləri AÇIQLADI

Sosial 3 Mart 2026 16:18
Cəmiyyətin əxlaq normaları, mentaliteti niyə dəyişir? - Sosioloq səbəbləri AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər cəmiyyətdə tez-tez tərbiyəvi mövzularda yaranan problemlərlə bağlı fikirlər səslənir. Xüsusilə sosial şəbəkələrin təsiri, qloballaşma prosesi, yeni həyat tərzi modelləri və nəsillər arasındakı fərqli baxışlar bu müzakirələri daha da aktuallaşdırır. Bəziləri hesab edir ki, ənənəvi dəyərlər zəifləyir və milli-mənəvi prinsiplər əvvəlki gücünü itirir. Digər tərəfdən isə belə yanaşma var ki, cəmiyyət daim dəyişir və hər nəsil əvvəlkindən fərqli düşüncə və davranış formaları ilə seçilir. Bu isə bəzən mədəniyyətin zədələnməsi kimi qəbul olunur.

Belə bir şəraitdə sual yaranır. Doğrudanmı mədəniyyət real təhlükə altındadır, yoxsa müşahidə etdiyimiz proseslər sadəcə zamanın və nəsillərarası fərqlərin təbii nəticəsidir?

Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, mədəniyyətin zədələnməsi və ya müəyyən təsirlər altında aşınması sosial-tarixi proses kimi başa düşülür:

“Yəni zaman keçdikcə mədəniyyət istər-istəməz dəyişir, transformasiyaya uğrayır, bəzi elementlərini itirir, əvəzində isə yeni elementlər, strukturlar, davranış formaları və ornamentlər qazanır. Bu proses həm yaxın, həm də uzaq mədəniyyətlərin təsiri nəticəsində formalaşır. Qloballaşma şəraitində müxtəlif sosial qruplar fərqli mədəni təsirlərə məruz qalır. Qlobal sosial-mədəni axınlar, obyektiv və subyektiv faktorlar müəyyən hallarda aşınma və ya deqradasiya kimi qiymətləndirilən dəyişikliklərə səbəb ola bilir. Bu isə həm sosial-mədəni davranış nümunələrindən, həm də sosial-iqtisadi fəaliyyət prioritetlərindən asılıdır. Klassik ədəbiyyatda mədəniyyət adətən maddi və mənəvi olmaqla iki yerə bölünür. Bu, ən ümumi və sadə təsnifatdır. Maddi mədəniyyət nümunələri zaman, məkan və insan faktoru ilə dəyişikliklərə məruz qala bilər. Məsələn, tarixi qalalar, abidələr, qədim şəhər tikililəri, binalar, zərgərlik nümunələri, geyimlər, əntiq əşyalar, digər maddi irs nümunələri əsrlər minilliklər boyunca formalaşıb və müəyyən təsirlər nəticəsində zədələnə bilər. Bu dəyişikliklər birbaşa insan amili ilə bağlıdır. Burada həm obyektiv, həm də subyektiv faktorların rolunu nəzərə almaq vacibdir. İnsan olan yerdə subyektivlik qaçılmazdır və mədəniyyətin daşıyıcısı da məhz insandır. Bu baxımdan, mədəniyyətin dəyişməsi və ya pozulması məsələsində insan amili əsas yer tutur”.

Sosioloqun sözlərinə görə, qloballaşma və kütləvi mədəniyyət anlayışı da bu kontekstdə ön plana çıxır:
“İnternet və rəqəmsal mühit sayəsində dünya artıq hər kəs üçün əlçatandır və bu da mədəni təsirlərin miqyasını genişləndirir. Nəsillərarası münasibətlərə gəldikdə isə vəziyyət daha fərqlidir. Yeni nəsil daha çox qlobal məkanın və rəqəmsal texnologiyaların təsiri altındadır. Texnologiyaları məhdudlaşdırmağa çalışsaq belə, bu təsirlər ənənəvi tərbiyə üsullarını üstələyə bilir. Buna görə də nəsillər arasında müəyyən ziddiyyət və boşluğun yaranması bütün dövrlərdə olduğu kimi, bu gün də qaçılmazdır. Lakin bu vəziyyətdən çıxış yolu mövcuddur. Əsas məsələ prosesləri düzgün proqnozlaşdırmaq və vaxtında tədbirlər görməkdir. Etnososioloji və etnopsixoloji yanaşmalar əsasında həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində preventiv tədbirlər həyata keçirilə bilər. Mədəniyyətin aşınması mənfi hal kimi qiymətləndirilsə də, texnologiyalardan və qlobal təsirlərdən düzgün istiqamətdə istifadə etmək mümkündür. Qaydalar və qanunlar çərçivəsində milli dəyərlər, milli maraqlar və milli hədəflər əsas götürülərək bu prosesləri idarə etmək olar. Burada söhbət qarşıdurmadan deyil, daha çox mədəni təsir və rəqabət mühitində düzgün mövqe tutmaqdan gedir. Əsas məqsəd mədəniyyətimizin özəlliyini, gözəlliyini və fərqliliyini yeni nəsillərə çatdırmaq, onlarda bu irsə maraq formalaşdırmaqdır. Bunun üçün maddi və mənəvi stimullaşdırma mexanizmləri qurmaq mümkündür. Bu proses çətin və mürəkkəb olsa da, mümkündür. Detallı və sistemli yanaşma ilə bunu strateji proqram səviyyəsinə qaldırmaq olar. Dövlət və cəmiyyət bu istiqamətdə müəyyən addımlar atır. Sadəcə, bu tədbirləri daha sistemli formaya salmaq və təsirli mexanizmləri genişləndirmək vacibdir”.
Nurcan Babək

Oxunub : 372
ŞƏRH YAZ
Ad

E-mail

Şərh