Energetik içkilər uşaq və yeniyetmələr üçün təhlükədir - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Gənclər arasında enerji içkilərinin istifadəsi son illər sürətlə artıb və bu, ciddi narahatlıq doğurur. Marketlərdə ucuz emerji içkiləri asanlıqla əlçatandır. Reklamların və sosial medianın təsiri ilə bu içkilər zərərsiz enerji mənbəyi kimi təqdim olunur. Gənclər gündəlik həyatlarında bu vərdişi sağlamlıqlarını riskə ataraq davam etdirirlər. Enerji içkilərinin tərkibi və reklam strategiyaları gəncləri aldadaraq onları təhlükəli vərdişlərə sövq edir. Bu isə bir yandan ictimai səhiyyə üçün ciddi çağırışdır, digər yandan isə valideynlərin və məktəblərin məsuliyyətini gündəmə gətirir.
Görünən odur ki, enerji içkiləri sadəcə “zərərsiz enerji” deyil, gənclərin sağlamlığına qarşı səssiz və gizli bir təhlükə olaraq gündəlik həyatımızda yer alır. Bu zaman belə bir sual yaranır; ictimaiyyət bu təhlükəni niyə hələ də ciddi qəbul etmir?

Tibb elmləri doktoru Adil Qeybulla Avtosfer.az-a açıqlamasında təəssüflə bildirib ki, bu mövzuda kifayət qədər təbliğat getmir: “Təəssüflər olsun ki, energetik içkilərdən istifadə son illər xüsusilə gənclər və uşaqlar arasında getdikcə artmaqdadır. Məktəbli uşaqlar bufetlərdən və mağazalardan bu içkiləri alır. Halbuki onlara satış qadağan olunmalıdır. Energetik içkilərin tərkibindəki kofein və taurin maddələri insan orqanizminin tonuslanmasına hesablanıb, eyni zamanda ürək əzələsini aşırı dərəcədə yorur. Bəzən gün ərzində bir neçə enerji içkisi qəbul edildikdə bu təsir ürək əzələsində daha da artır, döyünməni və gücü yüksəldir, nəticədə ürək əzələsinin resursları azalır. Hətta məlumatlar var ki, ürək əzələsinin gücünü itirməsi, kardiomiopatiyanın inkişafı kimi ağırlaşmalara da səbəb ola bilər. Bununla yanaşı, bəzi şaiyələrə görə, enerji içkilərinə müəyyən alışdırıcı maddələr də qatılır ki, bu da davamlı asılılıq yarada bilər. Bu isə birbaşa təsdiq olunmayıb, amma prosesin mahiyyətinə uyğun bir iddiadır. Hər halda, gənclərin bu içkilərə aludə olması və onlardan vaz keçməkdə çətinlik çəkməsi müəyyən şübhələr yaradır. Elan olunan tərkib özü gənclər üçün təhlükəlidir. Ona görə də hesab edilir ki, gənclər, xüsusilə uşaqlar, bu içkilərdən uzaq durmalıdırlar. Çünki davamlı istifadə arzu olunmayan ciddi nəticələrə səbəb ola bilər”.

Qida mütəxəssisi İlkin Şirinov isə bildirib ki, enerji içkilərin uşaqlar üçün uzaqdan-yaxından heç bir faydası yoxdur. İstər ucuz, istərsə də keyfiyyətli enerji içkilər olsun, hər ikisi risklidir. Aralarındakı fərq əsasən qablaşdırma və marketinq məsələləri ilə bağlıdır: “Ucuz enerji içkilərində adətən daha çox sintetik kofein, ucuz dadlandırıcılar və boyalardan istifadə olunur. Keyfiyyətli markalarda isə kofein bəzən təbii mənbələrdən əldə edilə bilər. Bu içkilər nisbətən daha balanslı tərkibə malik ola, keyfiyyətə nəzarət və standartlar daha stabil şəkildə həyata keçirilə bilər, formulu isə daha balanslı ola bilər. Lakin nəzarət və istehsal mədəniyyətini bir kənara qoysaq, əsas məsələ ondan ibarətdir ki, məhsulun premium olması onun təhlükəsiz olması demək deyil. Enerji içkilər keyfiyyətindən asılı olmayaraq təhlükə daşıyır. Çünki risk mənbəyi təkcə tərkibin keyfiyyəti deyil, içkilərin öz mahiyyətidir. Yüksək kofein miqdarı ürək döyüntüsünün artmasına, təzyiqin qalxmasına, şəkər yükünün yüksəlməsinə, insulin müqavimətinin yaranmasına, taurin və digər stimulyatorlar isə sinir sistemində yüklənməyə səbəb olur. Bu baxımdan, uşaqlarda və yeniyetmələrdə enerji içkilərinin asılılıq yaratması riski mövcuddur və bu, birmənalı şəkildə özünü göstərir. Bu içkilər yuxu pozuntularına, sinir sistemi problemlərinə, əsəbilik və davranış dəyişikliklərinə səbəb ola bilər”.
Mütəxəssisin sözlərinə görə, bu gün valideynlərin əksəriyyəti məktəblilərin enerji içkilərdən istifadəsi barədə kifayət qədər məlumatlı deyil. Uşaqlar bu içkiləri rahat şəkildə alır və istifadə edirlər. “Bir dənə ilə heç nə olmaz” kimi yanlış bir fikir formalaşıb və bəzən valideynlər də bu düşüncəni bölüşürlər. Halbuki təkcə bir enerji içkisi belə ürək ritminin pozulmasına, təzyiqin qalxmasına, əsəbilik və aqressiyanın yaranmasına səbəb ola bilər. Davamlı istifadə isə asılılıq yaradır. Ümumilikdə, 18 yaşına çatmamış şəxslər üçün enerji içkilər risklidir. Şəxsi mövqeyimə görə, bu içkilər uşaqlar və yeniyetmələr üçün təhlükə daşıyır. Təəssüf ki, valideynlər və məktəblər çox vaxt bu məsələyə lazımi diqqət yetirmir, onu təhlükə kimi qəbul etmirlər. Əgər bir uşaq səhər dərsə enerji içkisi içərək gedirsə bu, açıq şəkildə valideyn nəzarətsizliyidir”.
İlkin Şirinov deyir ki, məktəblərdə bu mövzuda maarifləndirici dərslərin və ya söhbətlərin aparılıb-aparılmaması sual altındadır.
Nurcan Babək













