İnsanların böyük əksəriyyəti niyə sağlaqdır?

Sosial 21 İyun 2026 14:15
İnsanların böyük əksəriyyəti niyə sağlaqdır?
WhatsApp kanalımıza abunə olun

İnsanların təxminən 90 faizinin sağ əldən istifadə etməsi ilk baxışda sıradan bir vərdiş kimi görünə bilər. Amma mövzunu bir qədər araşdırdıqda bunun 2 ayaq üzərində yeriməkdən, beynin böyüməsindən, dilin yaranmasından, alət istifadəsindən və hətta solaxayların niyə hələ də yox olmayıb günümüzə qədər gəlib çatmasından bəhs edən geniş bir təkamül hekayəti olduğu ortaya çıxır. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu mövzuda yaxın zamanda aparılmış maraqlı araşdırmalardan biri də Oksford Universitetində həyata keçirilib. Tədqiqat 41 fərqli primat növü üzərində aparılıb və insanlarda sağlaqlığın mənşəyini izah etməyə çalışıb.

Araşdırmanın əsas nəticəsi budur ki, insanlarda sağlaqlığın formalaşmasında iki mühüm təkamül amili rol oynayıb: iki ayaq üzərində yerimək və beynin həcminin böyüməsi.

Əcdadlarımız 2 ayaq üzərində yeriməyə başladıqda əllər artıq hərəkət üçün istifadə olunmurdu. Beləliklə, əllər tutmaq, daşımaq, kəsmək, yonmaq və ətraf mühiti dəyişdirmək kimi daha incə və mürəkkəb işlər üçün sərbəst qalıb.

Bu mərhələdə beyin də motor bacarıqları təsadüfi şəkildə idarə etmək əvəzinə, müəyyən funksiyaları konkret sahələrdə cəmləşdirməyə başlayıb.

Əsas məqam ensefalizasiya, yəni beynin böyüməsi prosesidir. Beyin böyüdükcə enerjidən daha səmərəli istifadə etmək üçün funksiyaları müəyyən bölgələrdə toplamağa üstünlük verdi. Beynin sol yarımkürəsi dil, ardıcıllıq, motor planlama və incə hərəkətlər kimi sahələrdə dominant mövqeyə keçdi.

Sol yarımkürə bədənin sağ tərəfini idarə etdiyi üçün sağ əl zamanla üstünlük qazandı. Başqa sözlə desək, sağlaqlıq beynin enerjiyə qənaət edən asimmetrik quruluşunun davranışlara əks olunmuş forması hesab edilir.

Bu səbəbdən sağlaq olmaq sadəcə hansı əllə yazdığımızla bağlı məsələ deyil. Daş yonan, alət hazırlayan, jestlərlə ünsiyyət quran və sonradan dili inkişaf etdirən insanın bədənində yaranmış qədim asimmetriyanın günümüzə qədər gəlib çatan izidir.

Mütəxəssislər hesab edirlər ki, dil, jestlər, motor planlama və alət istifadəsi bir-birindən ayrı proseslər deyil. Bunların hamısı insanın təbiətlə münasibətlərinin dəyişməsi nəticəsində eyni sinir sistemi üzərində formalaşıb.

Mövcud məlumatlar göstərir ki, neandertallarda da sağ əldən istifadə meyli güclü olub. Onların dişlərindəki aşınma və kəsik izləri alətlərdən istifadə zamanı əl-ağız koordinasiyasının hansı istiqamətdə üstünlük təşkil etdiyini göstərən mühüm ipucları verir.

Digər tərəfdən, daha kiçik beyinli və ağaclara dırmaşma xüsusiyyətlərini tam itirməmiş Homo floresiensis kimi növlər üzərində aparılan müşahidələr sağlaqlığın iki ayaq üzərində yerimə və beyin böyüməsi ilə birlikdə güclənən xüsusiyyət olduğunu düşündürür.

Əgər sağlaqlıq bu qədər üstünlük təşkil edirsə, onda solaxaylar niyə tamamilə aradan çıxmayıb?

Bu suala cavab olaraq alimlər “döyüş hipotezi”ni irəli sürürlər. Nəzəriyyəyə görə, sağlaqların çoxluq təşkil etdiyi bir dünyada solaxay insanlar rəqibləri üçün həmişə gözlənilməz olublar.

Zərbənin, silahın və ya hər hansı fiziki hərəkətin qeyri-adi istiqamətdən gəlməsi solaxaylara yaxın təmaslı qarşıdurmalarda müəyyən üstünlük verib.

Bu üstünlüyün əsas səbəbi isə onların azlıq təşkil etməsidir. Əgər hamı solaxay olsaydı, həmin üstünlük də aradan qalxardı. Təkamül bəzən məhz fərqliliyə görə azlıq qruplarını qoruyub saxlayır.

Əlbəttə, bu nəzəriyyə son həqiqət kimi qəbul edilmir. Lakin solaxaylığın niyə tamamilə yox olmadığını izah edən ən güclü ehtimallardan biri hesab olunur.

Qısacası, sağlaqlıq insan beyninin daha səmərəli işləmək istəyinin və iki ayaqlı həyat tərzinin milyonlarla il davam edən təkamülünün nəticəsi kimi görünür.

Solaxaylıq isə bu böyük sistemin içində təkamülün qoruyub saxladığı maraqlı istisnalardan biridir. Təbiət insanların böyük əksəriyyətini sağ əllə formalaşdırsa da, oyunun qaydalarını dəyişdirə biləcək “sol əli” heç vaxt tamamilə səhnədən silməyib.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh