Banner

Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS

Sosial 30 Oktyabr 2026 16:53
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, milli-mənəvi dəyərlərə zidd hesab olunan davranışlar sərgiləyən daha bir “TikTok” istifadəçisi inzibati məsuliyyətə cəlb edilib.

Avtosfer.az xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova “TikTok” platformasında yayımladığı qeyri-etik məzmunlu videolara görə polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Hümbətova 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 510.2-ci maddə 2026-cı il yanvarın 26-dan qüvvəyə minib. Həmin maddə internet resurslarında və ya telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Buraya nalayiq söyüşlər, jestlər və milli-mənəvi dəyərlərə zidd hesab edilən bədən hissələrinin nümayişi daxildir.

Lakin bu maddənin tətbiqi ilə bağlı bir sıra hüquqi suallar da meydana çıxır. Əsas mübahisəli məqamlardan biri qanunun istifadə etdiyi anlayışların qeyri-müəyyənliyidir. Məsələn, insan bədəninin hansı formada nümayiş etdirilməsi milli-mənəvi dəyərlərə zidd hesab olunur? İctimai mənəviyyatı təhqir edən davranışın konkret sərhədləri haradan keçir? Qanunda bu anlayışların dəqiq hüquqi tərifinin olmaması onların şərhini subyektiv yanaşmalardan asılı vəziyyətə sala bilər. Halbuki hüquqi normaların əsas prinsiplərindən biri onların aydın və proqnozlaşdırılabilən olmasıdır.

Vətəndaş hansı davranışın hüquq pozuntusu hesab ediləcəyini əvvəlcədən bilməli, öz hərəkətlərinin mümkün hüquqi nəticələrini müəyyənləşdirə bilməlidir.

Bu baxımdan sual yaranır: sözügedən maddənin məqsədi hüquq pozuntularının sərhədlərini dəqiq müəyyənləşdirməkdir?
Hüquqşünas Rəsul Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, cəmiyyətin belə ümumiləşmiş yanaşmaları var, bir qiymətləndirmələri var. Hamılıqla qəbul edilmiş bir ümumi yaşayış qaydaları var, hansı ki, cəmiyyət bu qaydalarla yaşayır:

"Mütləq deyil ki, bu qaydaların hamısı hansısa qanunvericilik normasında təsbit olunsun. Onsuz da, mümkün də deyil. Yəni, mənəviyyatla bağlı, ictimai münasibətlə bağlı olan məsələlərin heç də hamısını həmişə qanunvericilik normasına oturtmaq, yazmaq mümkün olmur. Məsələn, hamı bu cür qəbul edir ki, insan ictimaiyyət qarşısında paltarda olmalıdır. Elə bir geyim tərzində olmalıdır ki, onun görünməməli olan hissələri görünməsin. Yəni, bunun hardasa yazılmasına ehtiyac yoxdur. Bu cəmiyyətin yanaşmasıdır, cəmiyyətin özü üçün müəyyən elədiyi publik qaydadır. Söhbət bu qaydalardan gedir. Həmin o ictimai əxlaq, ictimai mənəviyyat məsələlərinə qiymət verən zaman məhkəmələr qiymətləndirməni bu kimi meyarların üzərindən aparırlar. Bu cəmiyyətin bir qayda olaraq özü üçün ümumi müəyyən etdiyi bir qaydalardır və həmin qaydalara uyğun olaraq da məhkəmə şəxsin əməlində mənəvi qaydaların pozulub-pozulmadığını müəyyən edir və pozulduğu halda şəxsin təqsirli olub-olmadığına dair bir nəticəyə gəlir".

Türkan Ülvi

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh