Banner

Manat dollar qarşısında bahalaşa bilər

Sosial 19 Noyabr 2026 12:23
Manat dollar qarşısında bahalaşa bilər
WhatsApp kanalımıza abunə olun

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Manat nə vaxtsa dollar qarşısında bahalaşa bilərmi?

Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, avronun dollara qarşı ucuzlaşması onun ölkədə də manata qarşı dəyər itirməsinə səbəb olub:

“Bunun bir neçə səbəbi var. Münaqişə səbəbindən bu gün ən çox zərər görən və təzyiq altında qalan da Avropa iqtisadiyyatıdır. Çünki Rusiya-Ukrayna münaqişəsi davam etdikcə Avropa iqtisadiyyatının təchizatı, təminatı və imkanları azalır, daha doğrusu, məhdudlaşır. Bəzən bu, onların iqtisadiyyatına təsir edir və müəyyən istiqamətlər üzrə bahalaşma baş verir. Burada əsasən enerji daşıyıcıları və müxtəlif kənd təsərrüfatı gübrələri nəzərdə tutulur ki, Avropa iqtisadiyyatı da bunlardan asılıdır. Digər tərəfdən, bu, investorların investisiyalarını avrodan çıxararaq Amerika valyutasına – dollara yönəltməsinə səbəb olur. Bu istiqamətdə də avronun ucuzlaşmasını müşahidə edirik”.

İqtisadçının sözlərinə görə, Ukrayna-Rusiya münaqişəsi də Avropa iqtisadiyyatına ciddi təzyiq göstərir:

“Qeyd etdiyim kimi, neft məhsullarının bahalaşması Avropada istehsal olunan məhsulların qiymətlərinin artmasına və ciddi inflyasiyaya səbəb olur. Bu da iqtisadi artım tempini azaldır və avronun məzənnəsinə mənfi təsir göstərir.

O ki qaldı sualın ikinci hissəsinə – manat nə vaxtsa dollar qarşısında bahalaşa bilərmi? Ölkə iqtisadiyyatımız ciddi sürətlə inkişaf etsə, ixrac imkanlarımız genişlənsə və ölkəyə daxil olan valyutanın həcmi daha da artsa, nə vaxtsa manatın dollardan baha olmasını müşahidə edə bilərik. Bunun üçün xarici ticarətdə müsbət saldo olmalıdır”.

E.Kərimli bildirib ki, idxalımız ixracı üstələməməlidir:

“Bu baxımdan, əlbəttə ki, manatın məzənnəsi daha da möhkəmlənə bilər. Hesab edirəm ki, bu, realdır. Lakin bunun üçün ciddi iqtisadi struktur dəyişiklikləri, iqtisadi islahatlar aparılmalı və ölkənin neft gəlirlərindən, neft qiymətlərindən asılılığı azaldılmalıdır. Bu məsələnin həlli də məhz belə bir şəraitdə mümkün ola bilər. Düzdür, dünyada valyutası dollardan baha olan ölkələr çox azdır. Bunlar iqtisadi cəhətdən çox güclü inkişaf etmiş ölkələrdir. Lakin bizim tariximizdə də belə bir hal baş verib”.

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh