Mərc oyunlarından asılılıq necə yaranır; insanlar əmlaklarını niyə riskə atır? - AÇIQLAMA

Sosial 21 Aprel 2026 17:41
Mərc oyunlarından asılılıq necə yaranır; insanlar əmlaklarını niyə riskə atır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mərc oyunları və onlayn qumar platformaları son illərdə xüsusilə internetin geniş yayılması ilə daha əlçatan hala gəlib. Bu sahə ilk baxışda sadə əyləncə kimi görünsə də, əslində insanların davranışlarına, psixoloji vəziyyətinə və gündəlik həyat tərzinə ciddi təsir göstərə bilən bir sistemdir. Müxtəlif mərc platformaları, o cümlədən mərc oyunları və onlayn proqnoz xidmətləri, istifadəçilərin diqqətini cəlb etmək üçün xüsusi üsul və mexanizmlərdən istifadə edir.
Maraqlıdır ki, onlayn mərc platformaları insan psixologiyasında hansı zəif nöqtələrdən istifadə edir və yetkinlik yaşına çatmayan şəxslərin mərc oyunlarına cəlb olunmasına görə hansı cəzalar nəzərdə tutulur?
Mövzu ilə əlaqədar psixoloq Orxan Şəfizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, mərc oyunları sadəcə əyləncə kimi başlayır, amma çox vaxt fərqinə varmadan psixoloji asılılığa çevrilir:

“İnsan əvvəl kiçik məbləğlərlə risk edir, uduzduqda geri qaytarmaq istəyi yaranır, qazandıqda isə beyində dopamin yüksəlişi baş verir. Bu mexanizm tədricən davranışın idarəsini zəiflədir və insan artıq rasional qərar vermək qabiliyyətini itirməyə başlayır. Bu asılılıq bir neçə əsas səbəbdən qaynaqlanır. Birincisi, daxili boşluq və emosional qaçışdır. Bir çox insan mərcə pul qazanmaq üçün yox, daxili gərginlikdən, stressdən və ya həyatdakı mənasızlıq hissindən qaçmaq üçün başlayır. Mərc bu halda bir növ psixoloji ağrıkəsici olur. İkincisi, nəzarət illüziyasıdır. İnsan düşünür ki, “bu dəfə sistemi tapdım”, “artıq başa düşürəm”. Halbuki mərc sistemi təsadüf və ehtimala əsaslanır. Bu, özünü aldatmanın klassik formasıdır. Üçüncüsü, uşaqlıq travmaları və dəyərsizlik hissidir. Daxildə “mən yetərli deyiləm” inancı olan insan tez-tez özünü sübut etmək üçün riskli davranışlara yönəlir. Uduzsa belə dayana bilmir, çünki bu artıq pul məsələsi yox, şəxsiyyət məsələsinə çevrilir. Dördüncüsü, sürətli mükafat sindromudur. Mərc oyunları “tez qazan, tez uduz” mexanizmi ilə işləyir. Bu da beyində sürətli mükafata alışqanlıq yaradır və insan real həyatda səbir tələb edən proseslərdən uzaqlaşır. Beşincisi isə sosial təsir və normalizasiyadır. Ətrafda “hamı oynayır” düşüncəsi bu davranışı normallaşdırır. İnsan təhlükəni görsə belə, onu kiçildir. Nəticədə bu proses bəzən çox ağır fəsadlara gətirib çıxarır. İnsan reallıqla əlaqəni zəiflədir, son şans illüziyası ilə yaşayır və utanc hissini daha çox mərc oynayaraq örtməyə çalışır. Beləliklə, tədricən sosial, maddi və mənəvi baxımdan çöküş yaşanır. Ümumilikdə, mərc asılılığı yalnız pul itkisi deyil, həm də insanın daxili psixoloji vəziyyətinin pozulması ilə bağlı ciddi bir problemdir və bu prosesə erkən mərhələdə diqqət yetirmək çox önəmlidir”.
Hüquqşünas Kamandar Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda mərc oyunları "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarla tənzimlənir:

“Dövlət tərəfindən icazə verilən (məsələn, “Azərlotereya” və “Topaz”) mərc oyunları qanunidir. Lisenziyasız onlayn və ya fiziki qumar oyunlarının təşkili və oynanılması İnzibati Xətalar Məcəlləsi ilə qadağandır və cərimə edilir. Yalnız dövlət tərəfindən müəyyən edilmiş operatorlar tərəfindən təşkil edilən idman mərc oyunları və lotereyalar qanunidir. Lisenziyası olmayan saytlar, xarici bukmeker kontorları və ya gizli qumar oyunları (məsələn, kazino, poker) qadağandır. Qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi, həmçinin bu oyunlarda iştirak etməklə mərc oynamağa görə İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən cərimələr nəzərdə tutulur”.
Nurcan Babək

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh