Növbə mədəniyyəti yox, “kim bacardı, keçdi” prinsipi normal hal alıb - EKSPERT

Azərbaycan cəmiyyətində növbə mədəniyyəti uzun illərdir ki, gündəlik həyatın problemli mövzularından biri olaraq qalır. Mağaza kassalarında, bank filiallarında, ictimai nəqliyyatda və digər xidmət sahələrində insanlar hələ də sıraya düzgün əməl etməyi öyrənməkdə çətinlik çəkir, bir çox hallarda fərdi rahatlıq və “mən birinci olmalıyam” düşüncəsi kollektiv qaydaların arxa plana keçməsinə səbəb olur. Bu, yalnız şəxsi davranış problemi deyil, həm də cəmiyyətin sosial məsuliyyət və mədəni davranış normalarının yetərincə formalaşmaması ilə bağlı dərin sosial fenomen hesab olunur.
Demək olar ki, bu cür hadisələrə hər gün şahid oluruq. Əsasən də pik saatlarda. Növbə mədəniyyəti olmadığı üçün hər dəfə konflikt yaranır. Qatarda düşən sərnişinlərlə minən sərnişinlər bir-birini görmür, çıxan sərnişinlərə yol vermək əvəzinə hər kəs bir-birinin yolunu kəsir. Qısa vaxtda eyni anda hərəkət edən sərnişinlər tıxac və xaos yaradır. Market kassasında insanlar növbə gözləmədən qabağa keçirlər. Hamı özünü birinci hesab edir, kollektiv nizam yoxdur.
Növbə mədəniyyətinin formalaşmaması təkcə sosial qayda pozuntusu deyil, həm də cəmiyyətin gələcək inkişafına, ictimai etimadın möhkəmlənməsinə və insanların bir-birinə qarşı hörmətinə təsir edən ciddi sosial məsələdir. Bu kontekstdə, növbə mədəniyyətinin hələ də inkişaf etməməsinin səbəbləri, bunun cəmiyyətə gətirdiyi risklər və mümkün həll yolları mövzu üzrə aparılacaq araşdırmanın əsas istiqamətlərini təşkil edir.

Bununla bağlı sosioloq Yusif Nəbiyev Avtosfer.az-a bildirib ki, növbə mədəniyyətinin zəifliyi Azərbaycanda institusional etimad problemidir:
“Bizim insanımız sosial institutlara güvənmir. Qaydalara əməl etmək üçün insanlar əvvəlcə o qaydaların hamı üçün işlədiyinə inanmalıdırlar. Azərbaycanda isə əksər insanlar növbədə gözləməyi sadəlövhlük kimi görür, çünki təcrübə göstərir ki, bu qaydaya əməl edən yox, qaydanı pozan daha çox qazanclı çıxır. Belə bir mühitdə təbii ki, növbə mədəniyyəti yox, “kim bacardı, keçdi” prinsipi normaya çevriləcək”.
Sosioloqun sözlərinə görə cəmiyyət arasında növbəni pozub işini aşıranlara "bacarıqlı", "cəld", "iş aşıran" insan kimi baxılır:
“Digər tərəfdən, cəmiyyət daxilində qarşılıqlı etimad və ümumi qaydalara sadiqlik zəif olduqda, insanlar ictimai marağı yox, şəxsi maraqlarını prioritet olaraq görürlər. Misal üçün, bir çox Avropa ölkəsində növbə mədəniyyəti polis qorxusundan yox, insanların sosial qınaqdan çəkinmələri səbəbilə işləyir. Bizdə isə bu yöndə sosial qınaq yox dərəcəsindədir. Növbə mədəniyyətinin bizdə də formalaşması üçün təkcə maarifləndirici plakatlar, reklam çarxları kifayət deyil. Struktur səviyyədə şəffaf xidmət anlayışı olmalıdır. Misal üçün elektron növbə mexanizmləri və qaydanı pozanlara qarşı real sanksiyalar lazımdır. Ən əsası, uşaqlara erkən yaşdan başa salınmalıdır ki, növbə gözləmək zəiflik deyil, ictimaiyyətə hörmətdir”.
Nurcan Babək
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
Azərbaycanda “Son zəng” tədbirləri üçün TƏLƏBLƏR QOYULDU
Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA
Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur
Məktəblərdə 300-dən çox şagirdə bir psixoloq kifayət etmir - AÇIQLAMA
Qısamüddətli kurslar və ali təhsil: Əmək bazarında hansı daha üstündür? – Ekspertdən AÇIQLAMA
Magistral yollarda görmə məhdudlaşacaq - 500-1000 metrədək
Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər
Bakıda iyunun sonuna kimi avtobuslar bu şəxslərə pulsuz olacaq
Yas mərasimlərində yemək verilməsinə məhdudiyyət qoyulacaq?
Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA








