Reklam

Ötmək necə qadağan edilməlidir? – Sürücüləri buna görə çox cərimələyirlər

Yazarlar 1 May 2018 15:14 Oxunub 22581
Ötmək necə qadağan edilməlidir? – Sürücüləri buna görə çox cərimələyirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks istiqamətdə zolağa çıxmaq yolverilməzdirsə, onda ayırıcı xətt bütöv olmalıdır

Ölkəmizin bəzi yollarında ötmə manevrinin qadağan edildiyi yol sahələrinin nişanlanma xətləri ilə təchiz edilməsində problem var. Həmin problem qanunvericiliyin bu barədə müddəalarına  əhəmiyyət verilməməsi və bu səbəbdən uzun müddət cəmiyyətimizdə formalaşmış yanlış yanaşmadan irəli gəlir. Buna görə də həmin problemi qanunvericiliyə və sadə məntiqə əsaslanaraq bir daha izah etmək istəyirəm.

Söhbət 3.20 “Ötmək qadağandır” nişanının qüvvədə olduğu yol sahəsində hansı nişanlanma xəttinin çəkilməsindən gedir. Ölkəmizdə bu məsələni “Yol hərəkəti haqqında” Qanun,  “Yol nişanları və siqnallar haqqında” 1968-ci il Vyana Konvensiyası və “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Tətbiqi qaydaları” adlanan QOST (bu standart sovet dövründən qalsa da, digər MDB dövlətləri ilə bərabər ölkəmiz də onu 1996-cı ildə vahid standart kimi təkrarən təsdiq etmişdir) tənzimləyir. Bu normativ aktlara diqqət edək. 

Qanunun 69-cu maddəsinin 4-cü hissəsinin ikinci cümləsində deyilir ki yolun nişanlanmasından müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Normanın mənasından aydın olur ki, nişanlanma xətti yol nişanı ilə birgə tətbiq edilirsə onun təyinatı bu nişanın tələblərini dəqiqləşdirmək və ya tamamlamaq olmalıdır.

Qanunun bu norması bütün nişanlanmalara aiddir. Ötmənin qadağan edildiyi yerlərdə isə bizim toxunmaq istədiyimiz problem 1.1, yoxsa 1.5 xəttinin çəkilməsi ilə bağlıdır.

Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndindən və 2 saylı əlavəsinin 15-ci bəndindən aydın olur ki, əks istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş hərəkət zolağından istifadə olunmasının qadağan edilməsi zərurəti yarandıqda bütöv xətt çəkilməlidir. Başqa sözlə, Konvensiya vurğulayır ki, əgər əks istiqamətdə zolağa çıxmaq yolverilməzdirsə, onda ayırıcı xətt 1.1 bütöv xətt olmalıdır.

QOST-un 3.2.3-cü bəndində də imperativ şəkildə göstərilir ki, 1.1 xətti əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün ötmənin qadağan edildiyi yerlərdə tətbiq edilməlidir.

İndi isə 1.5 nişanlanma xəttinin təyinatına və tələblərinə baxaq. Yuxarıda istinad etdyimiz qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 3-cü bəndindən, Konvensiyanın 26-cı maddəsinin 2-ci bəndindən, QOST-un isə 3.2.7-ci bəndindən aydın olur ki, 1.5 xəttini istənilən tərəfdən kəsmək olar və bu xətt hərəkət zolaqlarında yerdəyişməyə, o cümlədən əks istiqamətli hərəkət zolağına ötmə və digər manevrlər üçün çıxmağa icazə verilən yol sahələrində tətbiq edilməlidir.

Qanunvericiliyin tələblərinə sadə məntiqi də əlavə etsək, nəticə belə olur:  əgər hər hansı yol sahəsində 3.20 “Ötmək qadağandır” daimi yol nişanı qoyulubsa və onun qüvvədə olduğu sahədə xətt çəkmək mümkündürsə, həmin xətt 1.1 bütöv xətti olmalıdır. Yolun örtüyünün vəziyyətinə görə, yəni çınqıl və ya torpaq yolda, yaxud yol örütüyü təmir edilən yerdə nişanlanma xəttləri çəkmək mümkün olmadığından 3.20 nişanı xəttsiz tətbiq edilə bilər.

Yol hərəkətinin təşkilinə dair qanunvericiliyin tələbi aydın oldu.

Sual oluna bilər ki, ötmənin qadağan edildiyi yerdə bəs geriyə və sola dönmək necə olsun? Axı 1.1 xəttini kəsmək qadağandır. 

Bu sualın da çox sadə cavabı var. Əgər ötmə qadağan olunan yerdə  hər iki istiqamətdən geriyə və (və ya) sola dönmək mükündürsə, onda konkret yerdə 1.1 xəttində 10-15 metrlik kəsik (xətsiz yer) yaradılır. Bu manevrlərə yalnız bir istiqamətdən icazə verildikdə isə 1.1 xəttinin müvafiq tərəfində 10-15 metrlik məsafədə qırıq-qırıq xətt də çəkilərək həmin yerdə 1.1 xətti 1.11 xəttinə çevrilir. İstər 1.11 xətti olan, istərsə də 1.1 xəttində kəsik olan yerə müvafiq məcburi hərəkət istiqaməti nişanı (məsələn, 4.1.5 nişanı), yaxud 5.11.1 nişanı qoymaqla və asfalta sola dönməyə də icazə verən 1.18 oxu çəkməklə həmin yerdə geriyə və sola dönməyə icazə verilir. Ötmənin qadağan edilməli olduğu sahədə yolayrıcı olduqda isə həmin yoloyrıcında 1.1 xətti kəsislir (yolayrıcı boş saxlanır) və yolayrıcından sonra davam edir. Bu halda yolayrıcından sonra 3.20 nişanı da mütləq təkrarlanmalıdır.

İndi isə 3.20 nişanınının olduğu yerdə qanunvericiliyin tələbinə zidd olaraq 1.5 qırıq-qırıq xətti çəkilməsinin doğurduğu təhlükələrə baxaq:

1. Sürücü 3.20 nişanın qoyulduğu yerin əks tərəfindən gəlir və nişana çatmamış geriyə dönür. Bundan sonra o, yalnız 1.5 xəttini görəcək və arxada 3.20 nişanı olduğunu görməsi mümkün deyil. Belə yolda ötmə manevri etmək istəyən sürücü ciddi təhlükə ilə üzləşə bilər.

2. Sürücü 3.20 nişanın qüvvəsinin şamil olunduğu yol sahəsində yola daxil olur. Yenə də o, yalnız 1.5 xəttini görəcək və arxada 3.20 nişanı olduğunu görməsi mümkün deyil. Bu halda da təhlükə göz qabağındadır.

3.  Minik avtomobilinin sürücüsü avtobusu və ya yük avtomobilini ötmə vəziyyətində 3.20 nişanın yanından keçir. Avtobus və ya yük avtomobili onun nişanı görməsini istisna etdiyindən o, ötmədən sonra da yalnız 1.5 xəttini görəcək və düşünəcək bu sahədə də ötmək olar. Bu halda da təhlükə şübhəsizdir.

4.  Sürücü aydın şəkildə gördüyü 3.20 nişanın yanından keçir. Amma yol şəraitinin mürəkkəbliyi və ya başqa səbəbdən bir qədər getdikdən sonra bu nişanı unudaraq yalnız 1.5 xəttini görür. Yenə də təhlükə.

Bu misalları artırmaq da olar.

Göründüyü kimi, həm qanunvericilik, həm sadə məntiq, həm də yol hərəkəti təhlükəsizliyi daimi 3.20 nişanı ilə ötmənin qadağan edildiyi yerdə zolaqlar arsında 1.1 bütöv xəttinin tətbiqini tələb edir. Belə yerdə 1.5 qırıq-qırıq xəttinin tətbiqi həm qanuna ziddir, həm də təhlükəlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh