Banner

Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO

Yol polisi 23 Oktyabr 2026 20:30
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.

Avtosfer.az xəbər verir ki, tədbirə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə oktyabr ayının 1-dən başlanılıb və noyabr ayının 1-dək keçirilməsi nəzərdə tutulur. Əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

Tədbir zamanı saxlanılan sürücülərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək tövsiyə olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsili müsahibəsində bildirib ki, avtomobillərdən atılan zərərli maddələrin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanın qarşısının alınması istiqamətində görülən tədbirlər davamlı olaraq həyata keçirilir:

“Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılır, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Bir daha sürücülərdən, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik”.

Atmosferə buraxılan zərərli qazlarının miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunub.

Keçirilən tədbirdə media nümayəndələri və nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib. Ekspert mətbuata keçirilən tədbirdə yaşananlar və sürücülərin fikirlərinə rəy bildirib. O qeyd edib ki, ekoloji reyddə cərimələnməyə çox da üstünlük verilmədi, daha çox maarifləndirici söhbətlər aparıldı:

“Normadan bir az artıq nəqliyyat vasitələrinin idarəçiləri cərimə olunmadı, onlara xəbərdarlıq edildi. Amma bəzi maşınlar olur ki, nəzərdə tutulan normanı çox keçir. Deməli, bu maşınlara texniki qulluq lazımi səviyyədə aparılmır və belə bir nəticə ortaya çıxır. Mən sürücülərə məsləhət görürəm ki, avtomobilə vaxtı-vaxtında qulluq etsinlər. Çünki o sürücü o avtomobili öz həyətinə, evinə sürüb aparanda, o maşından atılan zəhərli qaz onun yaxınlarına, ailəsinə ziyan edir. Bu məsələdə birmənalı olaraq məsuliyyət sürücülərin üzərindədir”.

Elməddin Muradlı onu da vurğulayıb ki, sürücülər avtomobilin sazlığı ilə bağlı bildirdikləri iradda haqlı ola bilərlər:

“Yanacağın keyfiyyəti ilə bağlı ciddi problemlər var. Yanacaqdoldurma məntəqələrini yoxlasaq, bu və digər formada problemlər çıxacaq. Yanacağın tərkibinə müxtəlif qatqılar əlavə edilir, tərkib dəyişir və nəticə etibarilə belə bir vəziyyət yaranır. Bu yoxlamalardan sonra müəyyən ediləcək ki, sürücülərin yanacaqla bağlı iradları nə qədər doğrudur. Utilizasiya prosesində də artıq irəliləyiş var. Bu baxımdan, düşünürəm ki, sürücülərin utilizasiya prosesinə marağı artsa, bu günkü yoxlamalar zamanı saxlanılan 10 avtomobildən 3-də aşkarlanan nöqsanlara gələcəkdə ümumiyyətlə rast gəlinməyəcək”.

Səfər

YouTubehttps://www.youtube.com/watch?v=Sb22jlUTAV0

 

 

Oxunub : 430
ŞƏRH YAZ
Ad

E-mail

Şərh