Almanlar 580 at qüvvəli elektrik hetçbekini hazırlayacaqlar
Vanwall komandasını demək olar ki, çox az adam xatırlayır. Əslində bu komanda Formula 1 çempionatının Konstruktorlar Kubokunun ilk qızıl mükafatçısı olub. Komanda 1961-ci ildə yarışlarda iştirakını dayandırıb, indi isə, eyni anda iki şirkət bu tarixi adı canlandırmağa çalışır.
2017-ci ildə biznes məsləhətçisi İen Sanderson Vanwall 1958 Ltd şirkətini təsis etmiş və 50-ci illərin ruhunda altı vintaj idman avtomobilini buraxacağını bildirmişdi. Keçən il isə, Almaniyanın Qredinq şəhərindən olan ByKolles Racing komandası tarixi adı götürüb.
Ad dəyişikliyindən sonra Vanwall Racing adlanan komanda, FIA WEC çempionatında yarışmağa davam edəcəkdir. Hətta bu məqsədlər üçün xüsusi prototip də hazırlanıb. Prototipin 1000 at qüvvəli V8 mühərriki olan yol versiyası da nəzərdə tutulub.
Lakin bu modellərin yaradılması tam başa çatmayıb, buna baxmayaraq, Vanwall artıq növbəti layihə haqqında danışmağa hazırdır. Bu, Vandervell S elektrik hetçbekidir. Onun karbondan hazırlanmış kuzov dəstinə, 22-düymlük təkər disklərinə, bahalı interyer materiallarına və ikimühərrikli güc qurğusuna malik olacağı bildirilir.
Vandervell S modelinin baza versiyasında mühərriklər ümumilikdə 320 at qüvvəsi hasil edəcəkdir. Elektrmobil 100 km/saat həddinə qədər sürətlənməyə 4,9 saniyə sərf edəcək, lakin onun maksimal sürəti 185 km/saat ilə məhdudlaşdırılacaqdır. Pasport üzrə yürüş məsafəsi 450 kilometrdir.
Vandervell S Plus versiyası nəzərəçarpacaq dərəcədə güclü (580 at qüvvəsi) və daha dinamik (100 km/saata 3,4 saniyəyə) olacaq, lakin onun tirajı 500 nüsxə ilə məhdudlaşdırılacaqdır.
Plana əsasən, avtomobillərin tədarükünə cari ilin üçüncü rübündə başlanmalıdır. Bununla belə, ilkin qiymət kifayət qədər yüksək olmalıdır - 128 min avro. Xatırladaq ki, Almaniyada Porsche 911 Carrera S modeli eyni qiymətə etiketinə malikdir.
Bu arada konstruksiya məsələsi də sual altındadır. Vanwall Racing komandasının öz şassisindən istifadə etməsi ehtimalı azdır, odur ki, böyük ehtimalla, Vandervell S modeli mövcud elektromobillərdən birinin üzü dəyişdirilmiş versiyası olacaqdır. Söhbətin İoniq 5 modelindən getdiyinə dair şaiyələr dolaşsa da, Vanwall Racing bu barədə heç bir açıqlama verməyib.
autograph.az