"Golf" modelinin gələcəyi şübhə altındadır
Volkswagen konserni 2021-ci ilin martında Golf, T-Roc, Tiguan və Passat modrllərinin yeni nəsillərini buraxacağını bəyan etmişdi. Görünən odur ki, almanlar bir qədər tələsiblər, çünki şirkətin yeni baş direktoru Tomas Şefer Golf modelinin gələcəyinə bir qədər ehtiyat ilə yanaşır. O, alman Welt qəzetinə veerdiyi müsahibəsində Golf modelinin doqquzuncu nəslinin yaradılmasına dair qərarın hələlik qəbul edilmədiyini bildirib. Üstəlik, Passat modelinin də varisi olmayacaqdır.
Skoda şirkətinin keçmiş rəhbəri bu ilin 1 aprelində Volkswagen şirkətinin idarəetməsini öz üzəri götürüb və o, Golf modelinin yeni nəslinin yaradılmasının səmərəliliyini şübhə altına alıb. Səbəb - daxili yanma mühərrikləri olan avtomobillərin yaradılmasına çəkilən xərclərin getdikcə artmasıdır.
Yaxın zamanda Avro 7 ekoloji normalarının tətbiqinə başlanması gözlənilir və Şeferin sözlərinə görə, yeni standartların tətbiqi daxili yanma mühərriki olan avtomobillərin qiymətini 3 - 5 min avro arasında artmasına gətirib çıxaracaqdır. Beləliklə, demək olar ki, Avropada 10 min avrodan az qiyməti olan avtomobillər üçün yer qalmayacaqdır.
Volkswagen şirkətinin rəhbərliyi hazırda aktual Golf modelinin yenilənməsi üzərində çalışmaların getdiyini bildirib. Daxili yanma mühərriklərinin artıq 7 - 8 illik həyat dövrünə malik olmadığını nəzərə alsaq, yeni güc qurğularının yaradılmasına çəkilən xərcləri mənasız hala gəlir. İstənilən halda, Golf modelinin taleyi yaxın 12 ay ərizndə həll edilməlidir.
Cari nəsil Golf modeli 2019-cu ildən buraxılır və onun yenilənməsinin 2023 - 2024-cü illərdə həyata keçirilməsi gözlənilir. Bu isə, əgər Golf modelinin yeni nəsli buraxılarsa, bunun 2027-ci ildən əvvəl baş verməyəcəyinə dəlalət edir. İstənilən halda, benzin modelini buraxmaq artıq sərfəli deyil, çünki 2035-ci ildən Avropada daxili yanma mühərrikləri olan avtomobillər qadağan ediləcəklər. Bu zaman sual yaranır - Golf elektrokar olacaqmı? Güman etmirik, çünki alman markasının model xəttində artıq belə bir elektrokar mövcuddur - ID.3 hetçbeki.
autograph.az