"Horasio Paqani" növbəti əsərini nümayiş etdirib
Horasio Paqani özünün növbəti əsərini təqdim edib. Bu, Huayra hiperkarını əvəzləyəcək Utopia modelidir. Qlobal elektrikləşdirmə tendensiyasına baxmayaraq, Pagani brendi yeni superkarını Mercedes-AMG bölməsinin məhsulu olan 6,0-litrlik V12 mühərriki ilə təchiz edib.
Bununla belə, sürprisiz də ötüşməyib: hiperkar yeni yeddi pilləli Xtrac transmissiyasına sahib olub. Üstəlik, ötürmələr qutusu uzununa deyil, köndələninə yerləşir. Müştərilərə isə, “robot” ilə mexaniki ötürmələr qutusu arasında seçim təklif olunur.
Pagani Utopia modelinin yaradılmasına altı il sərf edilib. Hiperkar öz adını ingilis filosofu Tomas Morun (1478–1535) ilk dəfə 1516-cı ildə nəşr olunmuş eyniadlı əsərindən götürüb. O, əvvəlki kimi, bir qədər irəli çəkilmiş salonu olan ikiyerli ortamühərrikli avtomobildir.
Qarşımızda Pagani avtomobilinin durduğundan əmin olmaq üçün nazik dayaqlarda quraşdırılan yan güzgülərə, titandan hazırlanmış buraxılış sisteminin "dörd lüləli" borularına nəzər salmaq kifayətdir.
Hiperkarın əsasını təşkil edən monokok kompozit materiallardan, o cümlədən Pagani Huayra Tricolore və Huayra R modellərində sınaqdan çıxarılmış xüsusi Carbo-Triax HP62 firma kompozitindən hazırlanıb. Xarici kuzov panellərini hazırlanmaq üçün isə, eyni sıxlığa malik olan, lakin əvvəlkindən 38% daha sərt olan yeni karbon lifindən istifadə edilir.
Utopia elektronika tərəfindən idarə edilən amortizatorları və ikili köndələn dirəkləri olan alüminium asqını alıb. Aerodinamik elementlər arasında arxa tərəfə quraşdırılmış, iki hərəkət edən bölməsi olan arxa antiqanad var. Pagani şirkətindən Utopia modelinin aerodinamik səmərəlilik cəhətdən sələflərindən daha üstün olduğunu qeyd ediblər.
Hiperkar Mercedes-AMG bölməsinin istehsalı olan 6,0-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir. Biturbomühərrikin gücü 840-danı 864 at qüvvəsinə qədər artırılıb. 1100 Nm olan maksimal fırlanma anı artıq 2800 dövr/dəqiqədən əlçatandır. Xtrac ötürmələr qutusu elektron idarələnən differensialla vahid blokdadır.
Gələn ilin ortalarında başlaması planlaşdırılan satışların ilk mərhələsində müştərilərə bu qutunun bir üçdiskli muftası olan variantı, daha sonra isə, mexaniki ötürmələr qutusu təklif olunacaqdır.
99 nüsxəlik tirajla buraxılacaq hiperkarın qiyməti açıqlanıb: vergilər nəzərə alınmadan 2,15 milyon avro. Əlavə avadanlıqlar avtomobilin qiymətini 2,6 milyon avroya qədər artıra bilər. Lakin bunların heç bir əhəmiyyəti yoxdur, çünki hiperkarı satın almaq mümkün deyil - hiperkarın bütün tirajı onun təqdimatından öncə tam şəkildə satılıb.
autograph.az