Reklam

İsveçrə ilə yarışmırıq, amma qabaqlayırıq

Avtodünya 17 Fevral 2023 19:51 Oxunub 1136
İsveçrə ilə yarışmırıq, amma qabaqlayırıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillə bağlı vəziyyəti müqayisə edərkən biz əksər hallarda İsveçrəni nümunə götürürük. Lakin bunun səbəbi Alp ölkəsinin bizim ticarət partnyorlarımız olması ilə izah edilmir. Sadəcə olaraq, İsveçrə ərazi və əhali baxımından bizə daha münasibdir. Nəqliyyatın sayı baxımından isə bizi dəfələrlə üstələyir. 
 
Avtosfer.az-ın xəbərinə görə, İsveçrədə mopedlər nəzərə alınmadan 6,5 milyon nəqliyyat vasitəsi var. Ölkənin ərazisi kiçik və əsasən dağlıq olduğundan məntiqi olaraq hərəkət intensivliyi daha böyükdür. Buna rəğmən 2021-ci ildə (2022-nin statistikası hələ hazır deyil – müəl.) ölkədə cəmi 194 nəfər yol qəzalarında ölüb. 
Azərbaycanda isə 2023-cü ilin ilk 45 günündə 97 nəfər dünyasını dəyişib. Yeni ilin ilk günündə baş verən qəza yəqin ki, unudulmayıb. Fevralın 16-dan 17-nə keçən gecə isə başqa bir qəza 3 nəfərin həyatına son qoydu.
Əldə olan statistikadan çıxış edərək belə proqnoz vermək olar ki, növbəti 45 gündə - aprelin 1-dək biz İsveçrəni qabaqlayacağıq. Azərbaycanda bayram günlərində yolların obrazlı desək qan gölünə döndüyünü hamı bilir. Qarşıdan çoxsaylı qeyri-iş günlərinin olduğu Novruz bayramı gəlir. İnsanlar kütləvi şəkildə paytaxtdan regionlara və əksinə axın edəcək. Yorğun və tələskən sürücülərin ucbatından yenə də onlarla adam öləcək və ya xəsarət alacaq.  
Bəs necə olur ki, milyonlarla avtomobilin şütüdüyü İsveçrədə ölümlə nəticələnən qəzalar bizdəkindən daha az olur?  İsveçrə Federal Statistika Ofisi bunu avtomobillərin texniki vəziyyətinin yaxşılaşması, hüquqi tədbirlər və maarifləndirmə ilə izah edir. 
Amma İsveçrə də bu vəziyyətə birdən birə gəlməyib. Vaxtilə orada da bizə oxşar vəziyyət baş verib. 1945-ci ildə yol qəzalarında 200 adam öldüyü halda, 1971-ci ildə rəqəm 1773-ə çatır. Bu da bir növ həyəcan təbili olur. Yuxarıda qeyd edilən tədbirlər sayəsində ölüm diaqramını aşağı endirmək olur. 2000-ci ildə yollarda 592 nəfər ölmüşdüsə, ötən il 197 olub. Başqa sözlə, avtomobil artımı milyonlarla ölçüldüyü halda, ölüm təxminən 3 dəfə azalıb. 
Bir daha xatırladım ki, belə nəticənin əldə olunmasına səbəb həm də ictimai nəqliyyatın düzgün işləməsidir. Avropalıların çoxu artıq uzun yola avtomobil deyil, qatarla çıxır. Bəzi ölkələrdə “qatar fetişizmi” adlanan fenomen həm yol hərəkəti təhlükəsizliyinə, həm də ekologiyaya töhfə verib. 
Yol qəzalarının sayını azaltmaqla həm də iqtisadi ziyan azalmış olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh