"Kia Picanto" ikinci dəfə yenilənib
Bu, 2017-ci ildən buraxılan üçüncü nəsil Kia Picanto hetçbekinin (Koreya bazarında Kia Morning adı ilə tanınır) ikinci yenilənməsidir. Üç il əvvəlki restaylinq əsasən kosmetik xarakter daşıyırdısa, indi isə avtomobilin imicdə köklü dəyişikliklər baş verib. Kia brendinin ən kiçik modeli indi tamamilə fərqli görünüşə malikdir.
Şirkət bu üslubu Opposites United adlandırır və onun əsas xüsusiyyətlərindən biri tünd bəndlə birləşdirilən şaquli ön fənərləridir. Eyni üz ifadəsi tezliklə Sorento və Carnival modellərində, daha sonra isə digər avtomobillərdə də görünəcəkdir.
Hələlik isə, Picanto modelinin işıqlanan bəndlə birləşdirilmiş opsional LED fənərləri olan ən bahalı versiyasının şəkilləri dərc olunub. Hetçbekin baza versiyasında əlavə dekorasiyası olmayan adi halogen fənərlər quraşdırılacaqdır.
Yeni üz ifadəsi kuzovun ön hissəsinin tamamilə yenidən dizayn edilməsi ilə nəticələnib: hətta kapot və ön qanadlar da dəyişdirilib. Eyni zamanda, avtomobilin ümumi uzunluğu bir millimetr belə dəyişməyib: Picanto hetçbekinin uzunluğu əvvəlki kimi 3595 millimetrdir. Üstəlik, ön alt çərçivə və mərkəzi dayaqlar da gücləndirilib.
Arxa tərəf də yenidən işlənib: işıqlanan bəndi olan yeni fənərlər naminə beşinci qapı dəyişdirilib. Təkər disklərinin ölçüləri dəyişməz qalsa da (14-16 düym), başqa bamperlər və təkər diskləri peyda olub. İdman üslublu GT Line versiyası çeşiddə saxlanılıb: öndəki hava girişləri böyüdülüb, arxada isə yalançı diffuzor yerləşdirilib.
Lakin interyer demək olar ki, toxunulmaz qalıb. Buradakı əsas yenilik bahalı versiyaların imtiyazı olan rəqəmsal cihazlar panelidir: o, mərkəzdəki rəngli ekranı və onun yan tərəflərindəki rəqəmsal displeyləri özündə cəmləyir. Sadə versiyalarda analoq cihazlar paneli saxlanılıb.
Səkkiz düymlük ekran olan media sistemi, “hava” üzərindən yenilənmələri dəstəkləyən yeni proqram təminatını alıb. Həm birinci, həm də ikinci sırada USB Type-C şarj konnektorları var. Üzləmə və dekor birləşmələri yenidən işlənib, lakin bu, interyerin ümumi qavranmasına təsir etməyib.
Elektron köməkçilər kompleksinə də yenidən baxılıb: məsələn, avtomatik əyləcləmə sistemi indi piyada və velosipedçiləri tanıyır, adaptiv kruiz-kontrol naviqasiya sistemi ilə birlikdə işləyir.
Texniki dəyişiklik yoxdur. Cənubi Koreyada Kia Morning hələ də yalnız üçsilindrli 1,0 MPI (76 at qüvvəsi) və 4-pilləli “avtomat” ilə təchiz olunur. Avropada isə, Picanto 1,0 MPI (67 at qüvvəsi) və 1,2 MPI (84 at qüvvəsi) mühərriklərlə təklif olunur, hər iki aqreqat da 5-pilləli mexaniki qutu və ya onun əsasında yaradılmış tək muftalı “robot” ilə təchiz edilə bilər. Zəif tələbata malik olan 1.0 TGDI turbomühərriki keçən il çeşiddən çıxarılıb.
Koreya bazarında yenilənmiş hetçbeklərə sifarişlər artıq qəbul olunur. Yenilənmiş Picanto iyulun sonunadək satışa çıxarılacaqdır. Burada Kia Morning modelinin satış qiyməti 10 100 dollardan başlayır, lakin 9 900 dollara arxa oturacaqı olmayan “karqo” versiyası da var. Qiymət artımı nəzərəçarpacaq dərəcədədir: xatırladaq ki, yenilənmədən əvvəlki versiyanın qiyməti 9400 dollardan başlayırdı. Yenilənmiş Kia Picanto bir neçə ay ərzində digər bazarlarda da satışa çıxarılmalıdır.
autograph.az