Reklam

"Lamborghini Diablo" kupesini 1,2 milyon avroluq restomoda çeviriblər

Avtodünya 10 İyul 2023 17:14 Oxunub 636
"Lamborghini Diablo" kupesini 1,2 milyon avroluq restomoda çeviriblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əgər 90-cı illərin Lamborghini Diablo superkarının ideal olduğuna və kənar müdaxilənin tələb olunmadığına qəti şəkildə əminsinizsə, bu xəbəri oxumasınız daha yaxşıdır – çünki məyus ola bilərsiniz. Lakin italiyalı Emanuel Kolombini heç də belə düşünmür.

O çoxdandır ki, Lamborghini həvəskarı və kolleksiyaçısıdır, habelə uzun illərdir ki, Super Trofeo Lamborghini monokubokunda yarışır. Kolombininin sahibi olduğu Colombini Group şirkətinin avtomobillərlə heç bir əlaqəsi yoxdur, lakin iş adamı bir neçə il əvvəl San Marinoda ayrıca Eccentrica Cars şirkətini yaradıb. İndi isə, bu şirkət ilk məhsulunu təqdim edib.

Kolombininin əsas məqsədi Diablo superkarını istifadə olunan materiallar, komponentlər və idarəetmə xarakteri baxımından müasir standartlara çatdırmaq, lakin modelin estetikasını və əsas xüsusiyyətlərini qoruyub saxlamaqdır.

Yəni, bir restomodu - baza superkarının dərindən modernləşdirilmiş və yenidən işlənmiş versiyasını yaratmaqdır. Donor kimi, ilk seriyadan (bunlar 1990-1994-cü illərdə istehsal edilmişdir) olan arxa ötürməli Diablo modeli çıxış edib, lakin dəyişikliklərin miqyası nəhəngdir.

Kuzovun polad çərçivəsi gücləndirilib və demək olar ki, bütün xarici panellər karbon lifindən hazırlanır (sonrakı Diablo modellərində olduğu kimi). Artıq restomodların yaradılması təcrübəsi olan BorromeodeSilva studiyası dizaynın "uyğunlaşdırılmasına" cavabdeh olub.

Vaxtı ilə, bu studiya Lancia Delta Futurista layihəsi üzərində işləyib. Xoşbəxtlikdən, spoylerlər yığını olmadan ötüşüb, lakin kabinənin arxasında əlavə hava girişləri peyda olub.

Öndəki təkər izi 130, arxadakı isə 160 millimetr genişləndirilib, standart 17 düymlük təkər diskləri əvəzinə 19 düymlük təkər diskləri quraşdırılıb, nəticədə təkər tağları nəzərəçarpacaq dərəcədə böyüdülüb: kupenin ümumi eni 2040-dan 2143 millimetrə qədər artırılıb.

Diablo modellərində bağlı olan ön hava yönləndiricisi funksional hava girişi ilə təchiz edilib. Diqqət çəkən məqam ön fənərlırdir! Orijinal Diablo modelinin yuxarı qalxan blokları öz dövrü üçün dəbdəbəli element idi, lakin onlar həm ağır, həm də aerodinamikaya mənfi təsir göstərirdilər, buna görə də Lamborghini 1999-cu ildəki yenilənmədən sonra belə fənərlərdən imtina etmişdi. Eccentrica firması başqa bir həlli fikirləşib: stasionar LED optikalar bağlı qapaqlarla örtülüb və lazım olduqda onlar aşağı düşürlər.

Yenidən işlənmiş interyer səksəninci illərin estetikasında hazırlanıb – hər halda tərtibatçıların seçimi belədir. Analoq cihazlarını əvəzləmiş matrisalı displeylər Diablo modelində qəribə görünür. Tərtibat üçün alkantara, alüminium və karbon lifindən istifadə olunur. Marantz firmasının audiosistemi quraşdırılıb, lakin onun ekranı yoxdur.

5,7-litrlik V12 atmosfer mühərriki əsaslı dəyişikliklərə məruz qalmayıb, lakin müasir komponentlərdən istifadə etməklə yığılıb. Yeni yanacaq püskürdülməsi sistemi və başqa paylayıcı valları quraşdırılıb. Nəticədə mühərrikin gücü 492-dən 550 at qüvvəsinə, fırlanma anı isə 580-dən 600 Nm-ə artırılıb. Standart beş pilləli ötürmələr qutusu əvəzinə altı pilləli transmissiya quraşdırılıb (yalnız növbəti Murcielago modelində peyda olub). Özükilidlənən differensial da dəyişdirilib.

Arxitekturada dəyişiklik olmasa da, asqı tamamilə yenidir. Üstəlik, daha müasir və güclü Brembo əyləcləri quraşdırılıb: öndə dörd porşenli mexanizmlərin əvəzinə altı porşenli, arxa də isə iki porşenlilərin əvəzinə dörd porşenli mexanizmlər quraşdırılıb.

Elektrik sükan gücləndiricisi də peyda olub (1993-cü ilə qədər seriya Diablo modelində quraşdırılmayıb). Lakin nəticədə Eccentrica restomodu orijinal kupedən 35 kiloqram yüngül olub: 1590 kiloqram. Restomodun 100 km/saatı 3,8 saniyəyə ( - 0,3 saniyə) topladığı və onun maksimal sürətinin 335 km/saat (+ 10 km/saat) olduğu bildirilir.

Eccentrica Cars şirkəti 19 restomod hazırlamaq niyyətindədir. Müştərinin istəklərindən asılı olaraq, bir restomodun yığılmasına 16-dan 18 aya qədər vaxt tələb edilir. Restomodun qiyməti donor avtomobilinin dəyəri nəzərə alınmadan 1,2 milyon avrodan artıqdır.

Əsas problem də elə bundadır: belə restomodları buraxmaq üçün, əsl Diablo superkarlarını qurban vermək gərək olacaqdır. Arxa ötürməli baza versiyasında cəmi 900 ədəd superkar istehsal edilib (1990-1998-ci illərdə - iki seriya).

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh