"Lexus RS" kupesi növbəti dəfə yenilənib
Lexus IS sedanı iki il əvvəl nəsil dəyişdirib. Əslində bu, əvvəlki modelin dərin modernləşdirilməsi idi. Lakin qohum Lexus RC kupesi hələ də istehsaldadır və təqaüdə getmək fikrində deyil. Göründüyü kimi, hətta varlı Toyota belə xüsusi seqmentli modelin irimiqyaslı yenilənməsinə sərmayə qoymağın mənasını görmür. 2014-cü ildən bu günə qədər dünya üzrə cəmi 74 000 “mülki” RC modeli və 11 min “bərkgedən” RC F kupesi satılıb. Ona görə də, yeni nəsil hazırlamaq əvəzinə, mövcud kupenin daha bir modernləşdirilməsi həyata keçirilib.
Avtomobilin eksteryerinə toxunmayıb, salondakı əsas dəyişiklik isə, media sisteminin passiv displeyini əvəzləmiş sensorlu ekrandır. Displeyin ölçüsü dəyişməyib (10,3 düym), lakin istifadə rahatlığını təmin etmək üçün onu sürücüyə yaxınlaşdırıblar. Ona görə də indi ekran ön paneldə quraşdırılmayıb, əksinə onun üzərində ucalır. Eyni zamanda, mərkəzi tuneldəki sensorlu panel də yerini qoruyub. RC F versiyasında isə, əlavə olaraq, sükanaltı “kürəklər” dəyişdirilib. Nəhayət, Lexus Safety System + elektron kompleksi genişləndirilib.
Mühəndislər növbəti dəfə kupenin idarəetmə xarakteri üzərində işləyiblər. Sükan gücləndiricisi yenidən tənzimlənib, elektron köməkçilərin parametrləri yenidən nəzərdən keçirilib və təkər toplarının konstruksiyası da dəyişdirilib: təkərlər indi sancaqlarla deyil, boltlara (eyni metamorfoz, məsələn, yeni nəsil Lexus NX krossoverində də baş verib) bağlanılır. Bu dəyişikliyin idarəedilməyə də müsbət təsir göstərdiyi bildirilir. Lexus RC F, əlavə olaraq, yeni yaylar və stabilizatorları, habelə “optimallaşdırılmış” kuzov gücləndiricilərini alıb.
Modifikasiya çeşidi əvvəlkidir, üstəlik, Yaponiyada Lexus RC yalnız arxa ötürmə ilə təklif olunur. Digər bazarlarda isə, tam ötürməli versiyalar da mövcuddur. Çeşidə RC 300 (245 at qüvvəsi), RC 300h (223 at qüvvəsi), RC 350 (318 at qüvvəsi) və RC F (481 at qüvvəsi) modifikasiyaları daxildir. Dörd və altı silindrli avtomobilləri F Sport paketi ilə sifariş etmək olar, səkkizsilindrli RC F kupeləri isə, Carbon Exterior və Performance paketləri ilə təklif olunur.
Yenilənmiş Lexus RC kupesinin Yaponiyadakı satışlarına yanvar ayında başlanmalıdır. Burada qiymətlər 44 min dollardan başlayır, ən bahalı RC F Performance versiyası isə, 110 min dollara başa gəlir. Təkmilləşdirilmiş avtomobillərin digər bazarlardakı satışlarına bir qədər sonra start veriləcəkdir.
autograph